Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dili xalqımızın milli sərvətidir

Azərbaycan dili xalqımızın milli sərvətidir

01.08.2015 [10:17]

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Sirr deyil ki, dil millətin təşəkkülündə, milli birliyin formalaşmasında vacib olan başlıca amillərdən biridir. Eyni zamanda, xalqların keçdiyi tarixi yol, mədəni səviyyələri, ilk növbədə, onların dilində öz əksini tapır. Dil həm də mürəkkəb tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir.
Azərbaycan dili zaman-zaman ciddi sınaqlarla üzləşib
Sadalananlar kontekstində qeyd etmək lazımdır ki, Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz var olduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir. Ümumiyyətlə, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Tarixdən məlumdur ki, Azərbaycan dili zaman-zaman ciddi sınaqlarla üzləşib. Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Daha sonra Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı. Həmin vaxt “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.
Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü
Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli liderimiz Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü. İlk növbədə onu qeyd edək ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Məhz bu Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Çünki Sovet dövründə 1969-cu ilə qədər Azərbaycana rəhbərlik etmiş heç bir şəxs Azərbaycan dilini ictimai-siyasi lider səviyyəsinə qaldırmamışdı. Yalnız 1969-cu ildə Ulu öndərin hakimiyyətə gəlişindən sonra Onun Azərbaycan KP MK-nın birinci katibi kimi Azərbaycan dilində mükəmməl, zəngin nitqləri səslənməyə və beləliklə də, Azərbaycan dili artıq məhəlli dil statusundan çıxaraq siyasi elitanın dilinə çevrilməyə başladı. Bu isə Azərbaycan dilinin inkişafını şərtləndirən əsas məqamlardan biridir. Düzdür, həmin vaxta qədər Azərbaycanda mükəmməl ədəbi nümunələr yaranırdı, Azərbaycan ədəbiyyatında dil problemi, demək olar ki, yox idi. Yəni, dilimiz ədəbi cəhətdən zənginləşir, inkişaf edirdi. Amma təəssüf ki, ədəbi-bədii sahədə olan dil inkişafı sosial-siyasi sahəyə paralel olmurdu. Bunlar arasında proporsiya itmişdi. Bu isə yenə də dilin inkişaf potensialını məhdudlaşdıran əsas faktora çevrilmişdi. Məhz Ulu öndər Heydər Əliyevin azərbaycanca söylədiyi mükəmməl nitqlərindən sonra Azərbaycan dilinin sosial-siyasi tərəfi də onun bədii tərəfi qədər inkişaf etməyə başladı ki, bu da Azərbaycan dili tarixində böyük hadisə idi.
Ən mühüm məqamlardan biri isə budur ki, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.
Bundan başqa, müstəqillik illərində də Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Bu məqamda qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bundan öncə isə 2001-ci ilin iyununda Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdı. Vurğulamaq gərəkdir ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Burada dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapıb. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən Fərman həm də elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb.
Prezident İlham Əliyev dilimizin mühafizəsi və inkişafına yüksək diqqət və qayğı göstərir
Eyni zamanda, Prezident İlham Əliyevin dilimizin mühafizəsi və inkişafına göstərdiyi yüksək səviyyəli diqqət və qayğı bu sahədə əldə edilən nailiyyətlərin davamlılığını təmin edən fundamental faktor oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqaməti kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirdi.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli mexanizm oldu. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində cərəyan edən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün ölkə başçısı 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Beləliklə, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin - Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən operativ və effektiv işlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktor kimi çıxış etməsini şərtləndirmiş oldu.
Nurlan QƏLƏNDƏRLİ

 
Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31