Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır

Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır

20.10.2015 [10:30]

Eyni zamanda, ölkə iqtisadiyyatına böyük həcmlərdə daxili sərmayələr yönəldilir
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan özünün nadir inkişaf dövrünü yaşayır. Belə ki, son illərdə dünyada müşahidə edilən qlobal risklər fonunda respublikamız nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda, öz potensialını ilbəil genişləndirib. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb. Dinamik inkişaf sayəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Hazırda Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 75 faizi məhz Azərbaycanın payına düşür və hər hansı regional layihənin icrası respublikamızın iştirakı olmadan qeyri-mümkündür.
Təbii ki, Azərbaycanın dünya miqyasında da etiraf olunan dinamik sosial-iqtisadi inkişafı bir sıra mühüm amillərlə şərtlənir. Bu amillər sırasında Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən məqsədyönlü investisiya siyasətinin, ölkə iqtisadiyyatının maliyyə təminatının gücləndirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır.
Əlverişli investisiya mühiti Azərbaycanın sərmayə cəlbediciliyini artırıb
Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb.
Ötən 12 il ərzində ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən 190 milyard dollardan çox investisiya qoyulub. Qlobal miqyasda ciddi maliyyə və likvidlik problemi yaşandığı 2014-cü ildə respublikamıza yönəldilən investisiyaların həcmi 27 milyard dollara çatıb. Ölkəmizə sərmayə qoyuluşunun artım tendensiyası cari ildə də davam edib. Belə ki, 2015-ci ilin arxada qalan 9 ayı ərzində respublikamıza 16 milyard dollar məbləğində sərmayə qoyulub ki, bunun da 9 milyardı daxili, 7 milyardı xarici sərmayələrdir.
Müxtəlif mənbələrdən respublikamıza yönəldilən sərmayələrin həcminin ilbəil artması ölkəmizdə investisiya cəlbediciliyinin yüksək səviyyədə təmin olunmasının nəticəsidir. Gələcəkdə isə əlavə effektiv tədbirlər hesabına ölkənin investisiya cəlbediciliyinin daha da yüksəldilməsi hədəflənib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bununla bağlı fikirlərini ifadə edərək vurğulayıb: “Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir”.
Azərbaycanın enerji sektoruna xarici sərmayələrin cəlb edilməsi ölkənin iqtisadi inkişafında mühüm amilə çevrilib
Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının qeyd etdiyi kimi, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır.
Xarici sərmayələrin cəlb edilməsi Azərbaycanın iqtisadi inkişafında mühüm amilə çevrilib. Ötən yüzilliyin sonlarında Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələrin cəlb olunması ilə milli iqtisadiyyatımızın yeni inkişaf mərhələsinə start verilib. Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələrin cəlb olunmasının təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub.
“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. Ötən dövrdə Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb, şaxələndirilmiş enerji marşrutları yaradılıb. Azərbaycanın səmərəli yeni neft strategiyası sayəsində bütövlükdə regionun enerji xəritəsində əhəmiyyətli dəyişiklik baş verib.
Hazırda ARDNŞ və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54 milyard dollardan çox sərmayə yönəldilib. Xarici şirkətlərlə ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilən 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir.
Qonşu ölkələrin fəal iştirakı ilə reallaşdırılan “Cənub” qaz dəhlizi də respublikamızın uzunmüddətli maraqlarını təmin edəcək
Azərbaycanın enerji sektorunda qonşu ölkələrin fəal siyasi və investisiya dəstəyi ilə reallaşdırılan meqalayihələrdən biri də “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ilinin tamamında təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsidir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan “Cənub” dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq.
“Cənub” qaz dəhlizi Azərbaycanın dinamik inkişafına yeni təkan verəcək. Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Cənub” qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək və mən çox şadam ki, “Cənub” qaz dəhlizinin bütün iştirakçıları, bütün ölkələr burada bir mövqedədirlər”.
Azərbaycanın əsas prioriteti xarici sərmayələri qeyri-neft sektoruna cəlb etməkdən ibarətdir
Əlamətdar haldır ki, bu gün iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 12 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür.
Bu sırada Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrin adını çəkmək mümkündür. Azərbaycanda müxtəlif Avropa ölkələrinə məxsus 1000-dən çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqının 20 ölkəsi arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 10-dan çox ölkə ilə isə hökumətlərarası komissiya yaradılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, indiyədək ölkəmizə qoyulan xarici sərmayələr daha çox həcmdə enerji sektoruna yönəldilib. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə olması baxımından bu, təbiidir. Ancaq ölkəmizin qeyri-neft sektorunda da böyük investisiya cəlbediciliyi var. Buna görə də perspektivdə xarici sərmayələrin neftdənkənar iqtisadiyyata istiqamətləndirilməsi hədəflənib. Bununla bağlı ölkəmizin strateji kursuna diqqət çəkən Prezident İlham Əliyev deyib: “... Bizim əsas prioritetimiz xarici sərmayəni qeyri-neft sektoruna cəlb etməkdir. Hesab edirəm ki, burada bütün qurumlar daha da fəal işləməlidirlər”.
Azərbaycan güclü maliyyə təminatına malik ölkəyə çevrilib
Məlum qlobal risklər fonunda öz valyuta ehtiyatlarını artırmaq hər bir ölkə üçün strateji önəm daşıyır. Bu mənada ölkəmizin gələcəyi ilə bağlı nikbinlik doğuran əsas məqamlardan biri də ondan ibarətdir ki, ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan həm də etibarlı maliyyə təminatına malik ölkəyə çevrilib. Hazırda ölkəmiz ümumi daxili məhsulun təxminən 70 faizi həcmində strateji valyuta ehtiyatlarına malikdir.
Eyni zamanda, praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkənin xarici borclanmasının optimal həddə saxlanılmasına da ciddi önəm verir. Biz bir sıra ölkələrin nümunəsində xarici borclanmanın necə ağır nəticələrə gətirib çıxardığının şahidi olmuşuq. Azərbaycan isə xarici borclanmanın risklərindən tam sığortalanıb. Qeyd etmək xoşdur ki, hazırda respublikanın xarici borcu ümumi daxili məhsulun cəmi 11-12 faizini təşkil edir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir. Xatırlatmaq yerinə düşər ki, hazırda bir sıra ölkələrin yürütdüyü populist siyasət sayəsində onların xarici borclanması ÜDM-in ümumi həcmi nisbətinə çatıb və hətta bəzi hallarda onu üstələyib. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik siyasət həyata keçirir və ölkənin bütün xərcləri mövcud daxili resusrslara uyğun müəyyənləşdirilir. Dövlət başçısı xarici borclanma ilə bağlı ölkəmizin siyasətini bir daha xatırladaraq vurğulayıb: “... Biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin. Buna nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili imkanlar hesabına qurmalıyıq. Ona görə biz qazandığımıza müvafiq olaraq xərcləri nəzərdə tutmalıyıq”.
Azərbaycan öz vəsaitlərini ölkədə saxlamağa və milli iqtisadiyyata yönəltməyə üstünlük verir
Son illərdə ölkəmizə yönəldilən investisiyaların strukturunda daxili sərmayələrin artması məmnunluq doğurur. Bu, bir tərəfdən, Azərbaycanın sürətli inkişafı fonunda ölkəmizin maliyyə imkanlarının artmasını təsdiqləyir, digər tərəfdən isə, respublikamızda aparılan dövlət siyasətinin mahiyyətini göstərir. Daxili investisiya siyasətinin uğurlu olduğuna diqqət çəkən Prezident İlham Əliyev deyib: “... Bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq”.
Beləliklə, son 12 ildə ölkəmizin valyuta ehtiyatlarının artması həm də onunla əlamətdardır ki, respublikamızda davamlı olaraq böyükhəcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılıb. Şəmkirçay, Taxtakörpü su anbarlarının yaradılmasına, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələrə, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsinə, yeni enerji güclərinin yaradılmasına və bu qəbildən olan digər işlərin reallaşdırılmasına böyük məbləğdə maliyyə vəsaiti xərclənib.
Son 12 ildə ölkəmizdə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının dövlət tərəfindən güclü maliyyə təminatı ilə dəstəklənməsi öz növbəsində, konkret istiqamətlər üzrə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Ölkəmizdə geniş potensiala malik kənd təsərrüfatının intensiv inkişaf etdirilməsi ilə bağlı dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə paralel surətdə hərtərəfli texniki və maliyyə təminatı ilə dəstəklənir. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, fermerlərə subsidiyalar verilir. Ölkədə etibarlı ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır. Təkcə 2015-ci ilin birinci yarısında “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasına 25 milyon manat vəsait yönəldilib.
İxrac yönümlü sənaye sahələrinə investisiyalar yönəldilməsi dövlətin prioritetləri sırasındadır. Bu mənada son 12 ildə sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşdirmə siyasəti ölkədə çoxsaylı müəssisələrin yaranmasında, bir sıra məhsullara olan daxili tələbatın tam ödənilməsində, eyni zamanda, ixrac potensialının yaranmasında öz əksini tapıb.
Milli iqtisadiyyatımızın prioritet istiqamətlərinin maliyyə təminatının gücləndirilməsi siyasəti 2015-ci ilin arxada qalan 9 ayı ərzində də davam etdirilib. Bu dəstək sayəsində ilin əvvəlindən bəri respublikamızda 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, sosial mahiyyəti ilə fərqlənir. Ötən 12 ildə ölkənin hər yerində sosial infrastruktur layihələri reallaşdırılıb. Təkcə 2015-ci ilin 9 ayı ərzində ölkənin müxtəlif regionlarında 34 məktəb, 26 bağça, 11 səhiyyə ocağı, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyektlər tikilib və yaxud əsaslı təmir edilib. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.
Azərbaycan güclü dövlət olduğunu nümayiş etdirərək iqtisadiyyatın prioritet istiqamətlərinin maliyyə təminatının gücləndirilməsi, eləcə də infrastruktur və sosial təyinatlı layihələrə sərmayələr yönəldilməsi siyasətini bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyev ölkənin növbəti il üçün investisiya hədəflərini nəzərə çatdıraraq bildirib: “İnfrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur. Kənd yolları, qazlaşdırma, içməli su layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici qurğunun artıq istismarı gözlənilir. Bu da çox böyük layihədir. Bir neçə il bundan əvvəl mənim iştirakımla o layihənin təməl daşı qoyulmuşdur. Bu gün artıq demək olar ki, bu layihə hazırdır. Bakını təmiz, içməli su ilə təmin etmək üçün bu layihənin əvəzsiz rolu olacaqdır. Eyni zamanda, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası - bu, daim diqqət mərkəzindədir. Gələn ilin dövlət investisiya proqramında bu layihələr nəzərdə tutulmalıdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31