Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir

Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir

14.11.2015 [09:51]

Prezident İlham Əliyev: Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar
Müasir Azərbaycanın inkişafının strateji paradiqmalarından biri də modern və təkmil innovasiyaların, eləcə də bu istiqamətdə formalaşdırılan milli təcrübənin uğurla tətbiq olunmasıdır. Bu kontekstdə elm və təhsilin inkişafı da xüsusi yer tutur.
Bəlli olduğu kimi, son illər dinamik inkişaf yolunda olan Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi sahələrdə irəliləməsi mükəmməl elmi-təşkilati strukturun formalaşdırılmasını ön plana çıxarıb. Həmin struktur yeni elmi biliklərin əldə olunmasına və onların cəmiyyətin növbəti inkişaf mərhələsinə qədəm qoyması üçün daha əlverişli şərait yaratmalıdır. Qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zərurətini meydana çıxarır.
Azərbaycan elmi innovasiyalar sahəsində ön sıralarda olmağa çalışır
Qeyd olunduğu kimi, elmin inkişafı ölkədəki sosial-iqtisadi irəliləyişlərlə sıx bağlıdır. Respublikanın uzunmüddətli inkişaf strategiyasının işlənib hazırlanmasında daxili və beynəlxalq sosial-iqtisadi proseslərin, təbii sərvətlərin və insan resurslarının hərtərəfli təhlili, habelə elmi əsaslara söykənən düzgün proqnozlaşdırmaların aparılması xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan əksər ölkələrində olduğu kimi, Azərbaycanda da neftin ixracından gələn gəlirlər ümumi iqtisadi artım göstəricilərində mühüm paya sahibdir. Bu, özlüyündə inkişafa təkan verən təbii proses olsa da, iqtisadiyyatın tükənən və bərpa olunmayan resurslardan asılılığının azaldılması davamlı inkişaf baxımından zəruridir. Bu baxımdan, Azərbaycanda həyata keçirilən rasional enerji siyasəti ölkə iqtisadiyyatının gələcəkdə hərtərəfli inkişafına yol açan tramplin rolunda çıxış edir. Neft-qaz ixracından əldə olunan gəlirlərin böyük hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkə rəhbərliyinin uzaqgörən siyasətindən xəbər verir. Məqsədyönlü iqtisadi islahatların nəticəsi kimi isə hazırkı dövrdə ölkə iqtisadiyyatında ənənəvi sahələrin təkmilləşməsi ilə yanaşı, yeni-yeni sektorların yaranması, iqtisadiyyatın inkişaf meyillərinin müasir dövrün tələblərinə uyğunlaşması proseslərinin getdiyi bir vaxtda mövcud elmi potensialın gerçəkləşdirilməsinə, eləcə də inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilməsinə tələbat dəfələrlə artmaqdadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, inkişaf etmiş ölkələr hazırkı səviyyəyə məhz elmi-texniki tərəqqi və bilik əsasında çatıblar. Azərbaycanın da elmi innovasiyalar sahəsində ön sıralarda olmağa çalışdığını vurğulayan dövlət başçısı təbii resurslardan elmi-texnoloji inkişafa əlverişli şəraitin yaradılması üçün istifadə olunduğunu deyib: “Bizdə təbii resurslar, sadəcə olaraq, bir vasitə idi ki, ölkəmizin inkişafına təkan verilsin. Bundan sonra Azərbaycanın dayanıqlı inkişafı elmi-texniki tərəqqi, müasir texnologiyalar, azad, demokratik cəmiyyət üzərində qurulmalıdır”.
Bu sözlər bir daha Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına” çevirmək siyasətini davam etdirmək əzmindən xəbər verir.
Azərbaycanda elmin inkişafı konseptual xarakter daşıyır
Əminliklə vurğulamaq olar ki, Azərbaycanda elmin inkişafı konseptual xarakter daşıyır. Bununla yanaşı, bu istiqamətdə görülən tədbirlər paralel olaraq təhsil sisteminin inkişafına da strateji töhfələr verir. Bəlli olduğu kimi, Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən strateji kurs dayanır. Həm 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dönəmdə, həm də ölkəmizin müstəqillik əldə etməsindən sonra Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə yüksək qayğı və diqqətinin fonunda təhsil sistemində milli dövlətçiliyin əsaslarını möhkəmlədən ardıcıl və effektiv islahatlar həyata keçirilib. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Elmin inkişafının təşviq edilməsi, intellektual potensialının üzə çıxarılması məqsədilə sistemli tədbirlər görülür
Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq Azərbaycanda elmi tədqiqatların prioritetləri ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə istiqamətləndirilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı prosesi vahid strategiyaya uyğun həyata keçirilir. Bunun təsdiqi olaraq, ölkədə elmin inkişafı əsas etibarilə dövlət başçısının Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın müəyyənləşdirdiyi prinsiplər əsasında gerçəkləşir. Strategiya elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş elm və texnologiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.
Eyni zamanda, 2009-cu il 21 oktyabr tarixli Sərəncama əsasən, Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsidir. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant layihələri təşkil edir.
Biliklərə əsaslanan inkişafa dair mühüm uğurlardan biri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət”in yaradılması ilə bağlıdır. Qeyd edək ki, XXI əsrin əvvəllərində məhz Azərbaycanda insan inkişafı və davamlı gəlir əldə olunması üçün yaşayış yerinə, onun əhalisinə məxsus olan dünyada ilk insan inkişafına əsaslanan sosial müəssisələr yaradılmışdı. Hələ o zaman bu təşəbbüs və qeyri-ənənəvi qərarlar dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdi. BMT-nin Baş Qərargahı tərəfindən 2005-ci ildə Azərbaycanda yaranmış həmin təşəbbüs “innovativ ideya və fəaliyyət” kimi qiymətləndirilib.
İnnovasiyalara əsaslanan inkişaf etibarlı gələcəyə təminat yaradır
Əminliklə demək olar ki, elmin həm ənənəvi, həm də yeni istiqamətləri üzrə ciddi işlərin görülməsi Azərbaycanda elmin inkişafında müsbət tendensiyalardandır. 2013-cü ilin fevralında Azərbaycanın ilk peykinin orbitə çıxması ilə milli kosmik sənayemizin təməli qoyuldu. Müəyyən olunmuş perspektiv tədbirləri və strateji prioritetləri nəzərə alsaq, Azərbaycanda kosmik sənayenin inkişafı üçün daha böyük imkanlar yaranacaq. İnformasiya və kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiya mahiyyəti daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar. İnnovasiyalara əsaslanan inkişaf isə etibarlı gələcəyə təminat yaradır.
Bunlarla yanaşı, təhsilin də inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyilləri və motivlərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri də bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin mühüm vəzifə, məqsəd, meyil, motiv və inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı bu məsələyə toxunaraq deyib: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.
Elmin, təhsil sisteminin inkişafı idarəetmənin müasir prinsiplər üzrə təşkilinə təkan verir
Ən vacib məqamlardan biri isə odur ki, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da təsbit olunub. Konsepsiyada qeyd olunur ki, uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək.
Onu da qeyd edək ki, bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar elmin, təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər”.
Beləliklə, respublikamızda elm sahəsində görülən işlər və bu sahədə mövcud planlar “Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir” - deyən Prezident İlham Əliyevin məqsədinin gerçəkləşməkdə olduğunu təsdiq edir. Nəticədə Azərbaycanda yeni intellektual cəmiyyət formalaşıb. İntellektual cəmiyyətin innovasiyalardan istifadə, savadlı və intellektual cəmiyyətin yetişməsi, insanların milli, siyasi şüurunun yüksək olması, ictimai təfəkkürdə elmə, təhsilə önəmin artması, qabaqcıl bilik və bacarıqlara yiyələnən şəxslərin məşğulluğunun təmin olunması, onların potensialından geniş istifadə kimi xüsusiyyətləri Azərbaycan cəmiyyətində özünü qabarıq göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi: “Elə etməliyik ki, elmə qoyulan vəsait elmin inkişafına xidmət göstərsin. Eyni zamanda, bunun praktiki nəticələri də olsun. İqtisadi inkişafımız və ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı üçün elmi praktiki addımlarla uzlaşdırmalıyıq. Daha doğrusu, bu uzlaşma vardır, gərək, daha da səmərəli olsun”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31