Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi qəbul olunub

Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi qəbul olunub

05.12.2015 [11:06]

İclasda həmçinin “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda ilk olaraq “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov məlumat verib. S.Novruzov bildirib ki, dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Çünki ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır. Onun sözlərinə görə, hazırda dünyada fərqli adlar altında ölkələrə müxtəlif ideyalar ixrac olunur: “Xüsusilə din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İxrac olunan bu ideyalar digərlərindən çox kəskin şəkildə fərqlənir. Çünki burada mənəviyyat və insanların inancından sui-istifadə məsələsi var. Ona görə də həmin şəxslərə qarşı cəzalar qanunvericiliyin tələblərinə uyğun olaraq daha kəskin olmalıdır”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir: “Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Konstitusiyada dövlət quruluşu da müəyyənləşib. Ona görə də mənəvi dəyərləri mövcud olan ölkədə əks nəsə etmək, başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdırlar. 1995-ci ildə Azərbaycanda referendum keçirilib və Azərbaycan xalqı öz Konstitusiyasını qəbul etməklə dövlətinin quruluşunu müəyyən edib. Şərqdə ilk demokratik respublika da məhz Azərbaycandır. Bu cür ənənəsi olan ölkədə kimsə xalqın mənəvi dəyərlərinin əksinə olaraq hansısa dövlətin modelini tətbiq etmək istəyir və Azərbaycan xalqının seçiminin əleyhinə çıxır. Hər kəs bilsin ki, bu gün Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi altında çox güclü dövləti var. Xalqla iqtidar bir yerdədir. Mövcud qanunvericilik də imkan verir ki, ölkədəki demokratik vəziyyət əbədi olsun. Digər dini cərəyanlar buna əsla müdaxilə edə bilməzlər”.
O deyib ki, din dövlətdən ayrı olsa da, dövlətimiz dinə böyük qayğı ilə yanaşır. Həm dövlət başçısının sərəncamları, həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox məscidlər, ziyarətgahlar əsaslı təmir olunub.
Qanun layihəsi haqqında danışan S.Novruzov bildirib ki, bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü vətəndaşlardan parlamentə çoxlu sayda daxil olan müraciətlərdən, ictimaiyyəti narahat edən məsələlərdən və ölkə vətəndaşlarının bu məsələyə kəskin şəkildə öz mövqeyini bildirməsindən qaynaqlanıb.
Komitə sədri qeyd edib ki, layihəni Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələri birgə hazırlayıb. Üç fəsil 15 maddədən ibarət yeni qanun layihəsinə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına, həmçinin bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.
Qanun layihəsində qeyd olunur ki, dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan olunur. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.
S.Novruzov qanun layihəsində jurnalistlərin dəqiqləşdirilməmiş və icazə verilməyən məlumatları yaymaları ilə bağlı da maddə olduğunu bildirib: “Bəzi mətbuat orqanları qızışdırıcı mövqe tuturlar və icazə verilməyən, yalan məlumatlar yayırlar. Dəqiqləşdirilməmiş və icazə verilməyən məlumatların yayılmasına görə həmin mətbuat orqanı və jurnalist məsuliyyət daşıyacaq”.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında deyib ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin gündəmə gəlməsi və müzakirəyə çıxarılması konkret bir hadisə ilə əlaqələndirilməməlidir. B.Muradova bildirib ki, Nardaranda baş verən hadisələr hər kəsi narahat edir. Onun sözlərinə görə, belə qanun layihəsinin müzakirəyə çıxarılması isə həmin hadisə ilə bağlı deyil.
“Məsələyə daha geniş və qlobal baxmalıyıq. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi özündə günün tələblərini əks etdirir. Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında və ya başqa yolla şirnikləndirirlər və öz ideyalarını həyata keçirmək istəyirlər. Azərbaycan vətəndaşları öz dini inanclarını yerinə yetirərkən fikirləşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir. Din mədəniyyətimizin bir hissəsidir. Dövlət vətəndaşlarının yanındadır və onları bundan sonra bu qanunla daha yaxşı qoruya biləcək. Çalışırıq ki, insanları dini ekstremizmə yuvarlanmaqdan xilas edək”, - deyə vitse-spiker vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, məscidlərdə siyasi müzakirələrin aparılması yolverilməzdir, çünki məscid dini ibadət yeridir. Birinci vitse-spiker dinin siyasətlə qarışdırılmamalı olduğunu qeyd edib: “Hər birimizin dindən məlumatımız var. Dindarın siyasətlə nə işi var? Dindar məscidə gedib namaz qılmalıdır, siyasi diskussiyalar, dövlət əleyhinə kampaniyalar aparmalı deyil”.
O, Nardaran hadisələri haqqında da fikirlərini bildirib: “Nardaranda hara baxırdın, qara bayraqlar asılmışdı. Dində bu cür bayraq anlayışı varmı? Azərbaycanda yalnız bir bayraq dalğalana bilər, o da üçrəngli Azərbaycan bayrağıdır. Bura müstəqil Azərbaycan dövlətidir və onun öz bayrağı var. Bu dövlət bizə Ulu öndər Heydər Əliyevdən əmanətdir. Dövlətə xəyanət edənlər cəzalandırılmalıdırlar”.
İclasda millət vəkillərindən Zahid Oruc, Azər Badamov, Musa Qasımlı, Fazil Mustafa, Tahir Rzayev, Eldar İbrahimov, Tahir Rzayev və başqaları çıxış edərək qanun layihəsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda daha sonra “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi məsələsinə baxılıb. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Əli Hüseynli məlumat verib.
Bildirilib ki, qanunun 18-ci maddəsinin birinci hissəsinə 3.1-ci və 3.2-ci bəndlər əlavə edilib. Əlavədə nəzərdə tutulur ki, Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
İclasda daha sonra “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Bildirilib ki, dəyişikliyə görə, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. Həmçinin qeyd olunub ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi də qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Millət vəkilləri çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər. İclasda həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı çıxış edib. M.Qurbanlı bildirib ki, İslamda dini bayraq anlayışı yoxdur: “Yəni İslam dinində tarixən bayraqlar olub. Ancaq bu bayraqlar döyüşlərdə istifadə olunub. Bu bayraqların rəngi isə yaşıl olub. Yaşıl rəng də Azərbaycan bayrağında əks olunub”.
Komitə sədri qeyd edib ki, hazırda Azərbaycandan kənarda dini təhsil alan şəxslər var. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün Azərbaycanda ödənişsiz dini təhsil verən bir müəssisənin yaradılması ilə bağlı təklif var. Çünki, xarici universitetlərdə dini təhsil pulsuzdur.
“Hər hansı 17-18 yaşlı adam xaricə gedib 6-7 il dini təhsil alır və həmin ölkənin dini qaydalarını qəbul edir. Həmin adam sonradan Azərbaycana gələndən sonra öz öyrəndiyini tətbiq etməyə çalışır. Bu cür hallar keçmişdə çox olub”, - deyə komitə sədri əlavə edib.
Daha sonra “Polis haqqında” qanuna, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə min manatdan beş min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa, həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinə belə bir əlavə edilib: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə yüz manat miqdarında cərimə edilir”.
Vitse-spiker Bahar Muradova bu məsələnin zəruri olduğunu bildirib. Onun fikrincə, cərimələr valideynlərin məsuliyyətini daha da artıracaq.
İclasın gündəliyində olan sonuncu məsələ Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi idi. Millət vəkilləri bu məsələni də qəbul ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 814 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31