Terror dünya üçün qlobal təhlükəyə çevrilib
30.03.2016 [11:17]
Ermənistanın terrorizmi bir ideologiya kimi dövlət siyasəti səviyyəsinə qaldırması regionda sabitliyə, əmin-amanlığa ciddi təhdiddir
Son illərdə dünyanın mənzərəsi bir sıra təhdidlərlə səciyyələnir. Ayrı-ayrı ölkələr və xalqlar, müxtəlif mədəniyyətlər, bütövlükdə, bəşəriyyət üçün getdikcə daha ciddi təhlükə yaradan təhdidlərdən biri də terrordur. Dünyanın müxtəlif guşələrində ən ağlagəlməz ssenarilərlə törədilən terrorlarla bağlı statistikanın dinamikası kifayət qədər yüksəkdir. İnformasiya portallarında dünyanın iri şəhərlərində, mədəni-kütləvi tədbirlərdə, istirahət-əyləncə məkanlarında törədilən terrorlarla bağlı yayılan xəbərlər insanları sarsıdır və sabaha ümidsizlik yaradır. Təkcə son yarım ildə dünya Türkiyədə, Fransada, Misirdə, Bəhreyndə, Somalidə və Kot-d’İvuarda törədilən terror aktlarından sarsılıb. Vəziyyət o həddədək gərginləşib ki, Berlin divarlarının dağıdılmasından sonra 40-dan çox ölkə öz sərhədlərində qonşuları ilə 60-dan çox divar tikməli olmuşdur. Cari il martın 13-də qardaş Türkiyənin paytaxtı Ankaradakı Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində 34 nəfər həyatla vidalaşıb, 120-dən artıq dinc sakin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bir neçə gün bundan əvvəl Brüsselin hava limanında və metroda törədilən terror aktları 34 nəfərin həyatına son qoyub. Cari il martın son on günündə Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən terror aktı da xüsusi qəddarlığı ilə fərqlənir. Burada hədəf uşaqlar seçilib. Belə ki, terrorçu-kamikadze özünü uşaqların əyləndiyi “Lunapark”da partladıb. Nəticədə əksəriyyəti uşaq və qadın olmaqla 70 nəfər həlak olub, 300-dən artıq insan xəsarət alıb...
Təəssüf ki, sonsuz kədər doğuran bu siyahıya çoxlu sayda başqa ünvanları əlavə etmək mümkündür. Lakin elə yuxarıda sadalanan faktlar son illərdə dünyanın necə bir təhlükə ilə üz-üzə dayandığı barədə konkret təsəvvür yaradır.
Azərbaycan da terrordan əziyyət çəkən ölkədir
Qısa müstəqillik tarixinə malik Azərbaycan da terrordan əziyyət çəkən ölkələr sırasında yer alır. Azərbaycanın dövlət müstəqilliyini sarsıtmağa, respublikanın ərazi bütövlüyünü təhdid etməyə, insanlarda qorxu, vahimə yaratmağa hesablanan terrorların mənbəyi rolunda ölkəmizə qarşı elan olunmamış müharibə aparan Ermənistan çıxış edir. Ümumiyyətlə, tarixi Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib. “Özümə yer edim, gör sənə nə edirəm” prinsipindən çıxış edən ermənilər hələ ötən əsrdə azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı aktları törədiblər - Bakıda, Qubada, Lənkəranda, Şamaxıda on minlərlə soydaşımız ən qəddar vasitələrlə qətlə yetirilib, diri-diri yandırılıb, kütləvi şəkildə torpağa basdırılıb. Qubada aşkarlanan qəbiristanlıq ermənilərin tarixin müxtəlif dönəmlərində azərbaycanlılara qarşı törətdikləri qətliamların miqyası barədə konkret təsəvvür yaradır. Bədnam qonşularımız ölkəmizə və xalqımıza qarşı düşmənçilik siyasətini indi də davam etdirirlər. Dünyadakı müəyyən güc mərkəzlərinin havadarlığı sayəsində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal edib, bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Artıq neçə illərdir ki, Ermənistan işğal altındakı nəzarətsiz ərazilərdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin narkotik yetişdirilməsi və tranziti məqsədilə istifadə edir. İşğal altındakı ərazilərdə Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması və yaxud özününküləşdirilməsinə cəhdlər göstərilməsi terrorun xüsusi bir formasıdır. Ötən əsrin 90-cı illərində Ermənistanın xüsusi xidmət orqanlarının hazırladıqları terrorçular Bakı metrosunda bir neçə partlayış törətməyə nail oldular. 1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilən terror nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İstintaq nəticəsində müəyyən edilib ki, bəhs olunan terroru həyata keçirən dəstə Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı, Bakının “Nizami” kinoteatrında, Respublika sarayında (indiki Heydər Əliyev sarayı-red.) və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.
Metronun “20 Yanvar” stansiyasında törədilən terrordan cəmi bir neçə ay sonra - 1994-cü il iyulun 3-də erməni terrorçuları Azərbaycana qarşı növbəti cinayətlərini həyata keçiriblər. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Terror aktını törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov öz ifadələrində bildirib ki o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Yeri gəlmişkən qeyd edək ki, Zori Balayanın özü də qələmə aldığı məqalələrində Azərbaycanda həyata keçirdikləri terrorlardan bəhs edib. Eyni zamanda, istintaqla sübuta yetirilib ki, Bakı metropolitenində və digər strateji əhəmiyyətli obyektlərdə həyata keçirilən və yaxud planlaşdırılan terror ssenarilərinin hazırlanmasında sonralar Ermənistanın prezidenti vəzifəsini tutan Robert Koçaryan da fəal şəkildə iştirak edib. Bütün bu kimi faktlar onu deməyə əsas verir ki, Ermənistanda terrorun dəstəklənməsi ayrıca bir ideologiya kimi dövlət və milli səviyyəyə qaldırılıb.
Terrora qarşı səylər birləşdirilməlidir
Əslində, son illərdə qlobal miqyasda terrorun, necə deyərlər, kütləviləşməsində dünyanın ayrı-ayrı yerlərində törədilən terror hadisələrinə ikili prizmadan yanaşma öz təsirini göstərib. Təəssüf doğuran haldır ki, bir sıra hallarda terror aktlarına beynəlxalq əks-reaksiyalarda tamam fərqli münasibətlər müşahidə edilir. Yəni qlobal güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatlar hansı ölkədə törədilməsindən asılı olmayaraq, bütün terror hadisələrinə eyni qətiyyətlə yanaşmırlar. Belə ayrı-seçkilik isə son nəticədə terrorun miqyasının artması, yeni coğrafiyalara yayılması ilə sonuclanıb. 2001-ci ildə ABŞ-ın Nyu-York şəhərində baş verən terror isə dünya üçün bir həyəcan siqnalı oldu. Dünyanın supergüc dövlətində terror zəminində partlayışlar törədilməsi, həmçinin son dövrlərdə İŞİD kimi qruplaşmanın meydana gəlməsi belə bir həqiqəti bütün ciddiliyi ilə ortaya qoyub ki, terrorun sərhəddi yoxdur, onu yalnız birgə səylərlə hər yerdə və hər zaman məhv etmək lazımdır. Yeri gəlmişkən, Türkiyədə keçirilən “G20” Sammitində terrora qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyi xüsusi qeyd edilib. Qlobal Sammitdə imzalanan bəyanatda ölkələrin terror aktlarının qarşısını almaq üçün birgə və sıx əməkdaşlıq edəcəyi vurğulanıb. Sammitə qatılan dövlətlərin rəsmiləri sərhədlərdə yoxlama, aviasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də terrorçuların maliyyə mənbələrinin kəsilməsi barədə razılığa gəliblər.
Ölkəmiz terrorizmə qarşı qlobal çağırışa əməli dəstək nümayiş etdirir
2001-ci ildə ABŞ-da törədilən terror hadisəsindən sonra yaranan yeni qlobal çağırışa qoşulan ölkələrdən biri də Azərbaycandır. Öz nümunəsində terrorun acı fəsadlarını yaşayan respublikamız ötən illərdə terrora qarşı yeni mübarizə çağırışlarına əməli dəstək nümayiş etdirib. Azərbaycan Əfqanıstanda beynəlxalq koalisiya qüvvələri ilə fəal əməkdaşlıq edən ölkədir. Respublikamız, eyni zamanda, terrorizmin maliyyələşdirilməsi ilə əlaqəsi olan şəxslərin aşkar edilməsinə hər cür kömək göstərir və bu məqsədlə digər ölkələrin hüquq-mühafizə orqanları ilə informasiya mübadiləsində iştirak edir. Yuxarıda bəhs olunan “G20” sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev terrorizmə qarşı mübarizədə ölkəmizin prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlət başçısı Sammit iştirakçılarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin ölkəmizin məruz qaldığı terrorlar barədə məlumatlandıraraq bildirib ki, bu terrorlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir.
Bir qədər bundan əvvəl Bakının münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlərin müzakirəsinin aparıldığı IV Qlobal Bakı Forumuna ev sahibliyi etməsi ölkəmizin terrorizmə qarşı çağırışlara əməli dəstək verdiyinə daha bir nümunədir. Forumun müzakirəsinə çıxarılan məsələlər bütün bəşəriyyət üçün böyük önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev forumda söylədiyi nitqində ölkəmizin xoş niyyətini bir daha ifadə edərək deyib: “Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

