Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib

Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib

04.07.2020 [10:00]

Prezident İlham Əliyev: Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir

Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətində həm regional, həm də qlobal müstəvidə tərəfdaş ölkələrlə əməkdaşlıq münasibətlərinin qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilməsi xətti xüsusi yer tutur. Bu kontekstdə Azərbaycanın Əfqanıstan və Türkmənistanla əlaqələrinin dərinləşməsi və yeni-yeni istiqamətləri əhatə etməsi də diqqəti cəlb edir. Yeri gəlmişkən, iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib. Tədbirdə bildirdiyi kimi, Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir.

Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsini hədəfləyən yeni təkliflər irəli sürüblər. Tədbirdə üç ölkə arasında nəqliyyat-tranzit məsələləri əsas müzakirə mövzusu olub. Müzakirələrdə Azərbaycanın regionda müasir nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüslərin və böyük investisiya qoyuluşu hesabına reallaşdırdığı layihələrin önəmi diqqətə çatdırılıb. “Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir”, - deyə Prezident İlham Əliyev görüşdəki çıxışında vurğulayıb.

Ölkəmizdə böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb

Son illərdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını hədəfləyən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən istifadə edərək nəqliyyat-tranzit imkanlarını genişləndirməyə və bu sektordan gəlir imkanlarını artırmağa çalışır. Bu strateji hədəfə çatmaq üçün respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında yol-nəqliyyat infrastrukturu müasir dünya standartları əsasında yenilənir. Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə görülən işlərdən məmnunluğunu bildirərək vurğulayıb ki, Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır.

Bütövlükdə, son illərdə respublikamızın yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı faktların statistikası kifayət qədər zəngindir. Son 16 ildə respublikamızda müasir yol infrastrukturunun yaradılması layihələri həm ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə magistralların yenidən qurulmasını, həm də yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmir olunmasını əhatə edib. Reallaşdırılan layihələrin sayəsində sözügedən beynəlxalq dəhlizlərin funksionallığı artıb, eyni zamanda, ölkədaxili daşımalarda əvvəllər rast gəlinən çətinliklər aradan qalxıb. Bütövlükdə, son 16 ildə respublikamızda 16 min kilometr avtomobil yolu çəkilib, 470 körpü və tunel inşa olunub. Bəhs olunan dövrdə respublikamızda 6 beynəlxalq hava limanı tikilib. Yeni tikilən hava limanlarının bir neçəsi regionlarda yerləşir ki, bunun da sayəsində Azərbaycanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirmək mümkündür.

Hazırda Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Ölkəmizdə fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi inşa olunub, 140 gəminin və platformaların təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət göstərəcək.

Azərbaycan yenə də liderlik keyfiyyəti nümayiş etdirərək Xəzərdə ən böyük limanın inşasına nail olub. Söhbət Xəzərin Azərbaycan sahillərində - Ələtdə yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksindən gedir. Liman Xəzərdə beynəlxalq daşımalar üçün yeni imkanlar açıb. Yeni nəqliyyat infrastrukturu 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. 2018-ci ildə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilən  Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya regionunun tranzit imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Əvvəla, bu yol Azərbaycanla qardaş Türkiyə arasında dəmir yolu bağlantısı yaradıb. Digər tərəfdən, BTQ Avropa ilə Asiya arasında ən qısa və səmərəli yoldur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Mütəxəssislər çox doğru olaraq BTC-ni Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yolu kimi səciyyələndirirlər. Eyni zamanda, Türkmənistandan da BTC vasitəsilə yüklərin daşınmasına başlanıb. Əlamətdar haldır ki, artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Eyni zamanda, Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınmasına start verilib. BTC-nin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Təbii ki, respublikamızda yol-nəqliyyat infrastrukturu ən yüksək keyfiyyət standartları gözlənilməklə tikilir. Yeri gəlmişkən bu amil beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində də yüksək qiymətləndirilir. Bu baxımdan nüfuzlu Davos İqtisadi Forumunun son hesabatı da xarakterikdir. Forumun yaydığı son hesabata əsasən, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci yerdədir. Hava nəqliyyatının səmərəliliyinə görə isə respublikamız dünya ölkələri arasında 12-ci yerdə gəlir. Forumun hesabatında ölkəmiz dəmir yollarının səmərəliliyinə görə 11-ci pillədə qərarlaşıb. “Bütövlükdə, Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir”, - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan dünya miqyasında özünü etibarlı tranzit ölkə kimi təsdiqləyib

Son illərdə respublikamızda Şimal-Cənub və Şərq-Qərb marşrutları üzrə reallaşdırılan layihələrin sayəsində ölkəmizin tranzit daşımaları baxımından önəmi əhəmiyyətli dərəcədə artıb. Görüşdə bildirildiyi kimi, artıq Şərq-Qərb nəqliyyat dəhlizi tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Cari ilin ilk dörd ayı ərzində bu rəqəm 3 milyon tona çatıb. Yuxarıda deyilənlərdən bəlli olduğu kimi, respublikamız, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. Xatırladaq ki, dövlət başçımızın 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəddən 9-u nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olub. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilib.

Ölkəmizin Əfqanıstanla da nəqliyyat əlaqələri uğurla inkişaf edir. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstana və əks istiqamətdə 55,5 min ton yük daşınıb. Bəhs olunan dövrdə Azərbaycan yük təyyarələri ilə respublikamıza və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırıb. Yeni yaradılan əlverişli marşrut barədə məlumat verən Prezident İlham Əliyev deyib: “Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanmışdır”.

Əlamətdar haldır ki, bir sıra ciddi çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində də Azərbaycan ölkə ərazisindən keçən tranzit dəhlizlərin funksionallığını təmin edir. Ölkəmizin və tərəfdaş dövlətlərin müvafiq qurumları pandemiya şəraitində koordinasiyalı fəaliyyəti gücləndiriblər. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Şərq-Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir”, - deyə bildirib.

Onu da vurğulamaq yerinə düşər ki, Avropa İttifaqının da Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artıb. Xatırladaq ki, 2019-cu ilin iyul ayında Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına gedib və limanın imkanları ilə yerində tanış olub. Artıq bir neçə Avropa ölkəsi bəhs olunan dəhlizə qoşulublar. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31