/ / Azərbaycanda su təhlükəsizliyinin təmin olunması strateji vəzifələrdən biri kimi müəyyənləşdirilib
Azərbaycanda su təhlükəsizliyinin təmin olunması strateji vəzifələrdən biri kimi müəyyənləşdirilib
28.07.2020 [09:06]
Prezident İlham Əliyev: Bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq
Azərbaycanda su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Xüsusilə, son illərdə bir tərəfdən baş verən iqlim dəyişmələri, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su həcmlərinin və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən isə ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb. Yeri gəlmişkən, iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Müşavirədə son 17 ildə respublikamızda əhalinin və iqtisadisadiyyatın su təchizatının yaxşılaşdırılmasına hesablanan layihələrin icra olunduğu nəzərə çatdırılıb, eyni zamanda, hazırda bu sahədə bir sıra problemlərin də olduğu vurğulanıb. Prezident İlham Əliyev müşavirədə söylədiyi nitqində ölkəmiz üçün su təhlükəsizliyinin önəmindən bəhs eərək bildirib ki, su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir.
Son 17 ildə Azərbaycanda əhalinin və iqtisadiyyatın su təminatının yaxşılaşdırılması istiqamətində tarixi uğurlar qazanılıb
Müşavirədə də qeyd olunduğu kimi, 2004-cü ildən bəri respublikamızın iqtisadi və maliyyə imkanlarının artması ölkədə müxtəlif təyinatlı müasir infrastruktur quruculuğu üçün geniş imkanlar yaradıb və bu imkanlardan səmərəli şəkildə istifadə olunub. Bəhs olunan dövrdə respublikamızda genişmiqyaslı infrastruktur quruculuğundan söhbət açarkən reallaşdırılan su layihələrinin də önəmini xüsusi qeyd edə bilərik. Paytaxt Bakıda və regionlarda həyata keçirilən su layihələri ölkəmizin su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, beləliklə də, iqtisadiyyatın və əhalinin su təchizatının yaxşılaşdırılmasına hesablanıb. “Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bəhs olunan dövrdə həyata keçirilən su layihələri sırasında Oğuz-Qəbələ-Bakı su kəmərinin önəmini ayrıca qeyd etmək lazımdır. Bu kəmərlə böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Məlumdur ki, respublikamızın su ehtiyatlarının böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır. Oğuz-Qəbələ-Bakı su kəməri isə sırf yerli mənbəyə istinadən inşa olunan böyük infrastruktur layihəsidir. Onu da vurğulayaq ki, bu layihə ilə bağlı hələ keçmiş sovet dönəmində də müzakirələr aparılırdı. Ancaq belə bir böyük investisiya tutumlu layihəni yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra reallaşdırmaq mümkün oldu. Bu fakt Azərbaycanın güclü dövlət olduğunu və daim sosial əhəmiyyətli layihələrin prioritetliyini təmin etdiyini əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə “qara qızıl”ı insan kapitalına çevirməyi hədəfləyən Azərbaycan özünün ilk neft gəlirlərinin müəyyən hissəsini məhz sosial layihə olan Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına yönəldib.
Respublikamızda 270 milyon kubmetr su tutumuna malik Taxtakörpü su anbarının tikintisi də tarixi əhəmiyyətə malik layihənin reallaşdırılmasıdır. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanal tikilib. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları burada yığılır, təbii yollarla təmizlənir və beləliklə, yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Halbuki, əvvəllər su Samur çayından birbaşa kanal vasitəsilə Ceyranbatana axıdılırdı. Mütəxəssislərin də bildirdikləri kimi, əgər bu böyük su layihəsi tamamlanmasa idi, bu gün Bakının içməli su ilə təminatında çox ciddi problemlər yaşanardı. Eyni zamanda, bəhs olunan layihə sayəsində Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələri böyük dərəcədə artırıb - təqribən 30 min hektar əvvəllər suvarılmayan torpaqlara hazırda lazımi həcmlərdə su verilir və həmin torpaqlarda geniş kənd təsərrüfatı işləri aparılır.
Müstəqillik illərində yaradılan Şəmkirçay su anbarı bu gün respublikamızın su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bəhs olunan anbarın imkanlardan faydalanır. Paralel şəkildə, son illərdə respublika ərazisində Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Bütövlükdə, bəhs olunan dövrdə ölkəmizdə yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir ki, bu da kifayət qədər böyük həcmdir. Prezident İlham Əliyev ölkəmizdə indiyədək reallaşdırılan bu və ya digər su layihələrinin önəmindən bəhs edərək vurğulayıb: “Bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir”.
Ölkəmizdə su layihələrinin icrası bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyev qarşıya respublikamızda içməli və suvarma suyu ilə təminatın 100 faizə çatdırılması ilə bağlı mühüm vəzifə qoyub. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı “Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 iyul 2020-ci il tarixində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə vurğulanır ki, həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir. Sərəncamda vurğulanır ki, məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir. Sənədə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
İçməli su və meliorasiya problemlərinin həlli diqqət mərkəzindədir
Yuxarıda vurğuladığımız kimi, müşavirədə ölkəmizin su təsərrüfatında mövcud olan bir sıra problemlərə də diqqət çəkilib. Dövlətimizin başçısı bildirib ki, içməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Müşavirədə Prezident İlham Əliyev diqqəti ölkəmizdə indiyədək heç vaxt su balansının tərtib edilməməsi kimi vacib bir məsələyə yönəldib. Məlumdur ki, respublikamızın enerji balansı tərtib olunur. Buna görə bu sahədə ilboyu nə etmək lazım gəldiyi bəllidir. Hazırda respublikamızda artezian quyuların qazılması geniş vüsət alıb. Hər il dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında yüzlərlə belə quyular qazılıb istifadəyə verilir. Ancaq quyuların harada, necə qazılması müvafiq əsaslandırmalara uyğun qaydada həyata keçirilməlidir. Yerlər, mənbələr düzgün seçilməlidir. Yalnız bu kimi yollarla xərclərin azaldılmasına və səmərəliliyin artırılmasına nail olmaq mümkündür.
Bunlarla yanaşı, Prezident İlham Əliyev su təsərrüfatında hələ də böyük itkilərə yol verilməsini dözülməz hal kimi səciyyələndirərək deyib: “Sadəcə olaraq, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Müşavirədə məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü kimi çox vacib bir məsələyə də diqqət çəkilib. Baş nazirin müavini Şahin Mustafayevin məlumatına əsasən, indiyədək 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir. Yaradılmış proqram təminatı sayəsində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə su modulu kimi inteqrasiya olunan sudan istifadə qrafikləri növbəti mərhələdə əkin sahələrini və subsidiyalaşmanı optimal şəkildə planlaşdırmaq imkanı verir. Belə ki, tərtib olunmuş qrafiklər suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

