Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz

Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz

29.08.2020 [00:39]

Ekspertlər qeyd edirlər ki, belə şəxslər müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilir, cəzalandırılırlar və bu tədbirlərin daha da sərtləşdiriləcəyinə şübhə yoxdur

Məlum olduğu kimi, bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə mühüm işlər görülüb. Belə ki, cari ilin mart ayından Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Bununla belə, COVİD-19-la mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Lakin təəssüflər olsun ki, istər Bakıda, istərsə də regionlarda bəzi hallarda qanun və qadağaların pozulması halları baş verir. Buna görə də xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda vətəndaş məsuliyyətə cəlb olunub. Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar isə cəmiyyətimizdə kəskin hiddətə səbəb olub.

Yeri gəlmişkən, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər, səhv edirlər. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Bu reallığı hamı, həmçinin bəzi akademiklər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev də bilməli və başa düşməlidir ki, baş verənlərə görə məsuliyyət daşıyırlar. Bir neçə gün öncə Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyundan yayılan kadrlarda mərasimdə xeyli adamın iştirak etdiyi görünür ki, bu da karantin qaydalarının aşkar şəkildə pozulmasıdır. Məlumat üçün bildirək ki, karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev avqustun 22-də Abşeron Rayon Məhkəməsinə çağırılıblar. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılan məhkəmədə həmin şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilərək 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər.

Onu da xatırladaq ki, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və daha 17 nəfər məsuliyyətə cəlb olunub. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə müxtəlif məbləğlərdə cərimə ediliblər.

Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Ramil Həsən xatırladıb ki, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib: “Dəyişikliklər karantin qaydalarını pozarsa, sıravi vətəndaşların 100 manat, hüquqi şəxlərin 200 və ya 400 manat məbləğində cərimələnməsini nəzərdə tutur. Yəni hüquqi şəxlər müxtəlif prinsiplər əsasında daha yüksək məbləğdə cəzalandırılacaqlar. Bu o deməkdir ki, müəyyən vəzifə tutan dövlət məmurları sıravi vətəndaşlardan daha çox məsuliyyət daşımalı və digər vətəndaşlarımıza örnək olmalıdırlar”.

Deputatın sözlərinə görə, təəssüf ki, son vaxtlar bəzi vəzifəli şəxslərin xüsusi karantin qayadalarına ziddi olaraq toy mərasimi təşkil etməsi bunun əksini göstərir: “Eyni zamanda, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi də açıq və aydın şəkildə karantin qaydalarını pozmaq və qanunun tələblərinə riayət etməməklə üst-üstə düşən konkret addımları özündə ehtiva edir. Dövlətimizin müvafiq hüquq-mühafizə orqanları bununla bağlı obyektivlik nümayiş etdirərək, karantin qaydalarını pozan və bu prosesi bilavasitə həyata keçirən şəxslər haqqında müvafiq tədbirlər görüb və həm məhkəmə, həm də polis orqanları tərəfindən qanun çərçivəsində addımlar atılıb. Çünki hər kəs qanun qarşısında cavabdehdir və eyni hüquqlara malikdir”.

“Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər törədə bilməz. Əgər biz bu bəladan tezliklə qurtulmaq istəyiriksə, bütün məmurlarımız, o cümlədən Azərbaycanda 25 ildən çoxdur ki, dövlətin idarəetmə strukturlarında yüksək vəzifələrdən birini tutmuş şəxsin özü və ailə üzvləri bu qərarlara ciddi riayət etməli və digərlərinə nümunə olmalı idilər”, - deyə R.Həsən bildirib.

Milli Məclisin deputatı Kamaləddin Qafarovun sözlərinə görə, pandemiya dövründə sanitar-epidemioloji tələblərə, karantin qaydalarına ciddi və kütləvi şəkildə əməl olunmasının zəruriliyi müxtəlif səviyyəli dövlət tədbirlərində, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində, həkim və mütəxəssislərin, ayrı-ayrı ictimai nüfuzlu şəxslərin əhaliyə müraciətlərində öz əksini tapıb: “Prezident İlham Əliyev dəfələrlə vəzifəsindən, statusundan asılı olmayaq hər bir kəsi qanunlara riayət etməyə çağırıb, mövcud qaydaları pozanların cəzalandırılmasını tələb edib. Ona görə də heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Heç kəs unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi bərqərar olub, heç kim qanundan üstün ola bilməz və hamı öz hərəkətlərinə görə məsuliyyət daşıyır”.

“Son günlərdə bəzi vəzifəli şəxlərin, məmurların mövcud karantin rejiminin qaydalarını pozaraq müxtəlif toy mərasimləri təşkil etmələrinə dair mediaya sızan faktlar haqlı olaraq vətəndaşlarımızın narazılığına səbəb olub və ciddi ictimai qınaqla qarşılanıb. Ona görə ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir, vəzifəli şəxslər, məmurlar belə, qanunvericiliyin tələblərini, karantin qaydalarını pozarlarsa, hüquq-mühafizə orqanları tərəfindən dərhal adekvat qaydada cəzalandırılacaqlar”, - deyə K.Qafarov bildirib.

K.Qafarov onu da əlavə edib ki, bu hadisənin sosial təhlükəliliyinin əsas göstəricisi yüksək vəzifə pillələrində qərarlaşan məmurların qanunun fövqündə dayanmaq cəhdləridir: “Cəmiyyət üzvlərini qıcıqlandıran əsas səbəbi də məhz bu faktda axtarmaq lazımdır. Məsələn, Şəmkirdə, Ağcabədidə, Gəncədə və ölkəmizin digər regionlarında keçirilən gizli toy mərasimlərinin əsas iştirakçılarına ciddi inzibati cəza tətbiq edildiyi halda, paytaxt Bakıda və ya Abşeronda analoji inzibati xəta törətmiş, qanun pozuntusuna yol vermiş şəxslərə liberallıq göstərilməsi narazılıq doğura bilərdi. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlərin daha da sərtləşdiriləcəyinə şübhə yoxdur. Ona görə də son toy mərasimlərinin təşkilatçılarının cəzalandırılması qanuni, məntiqi bir prosedur kimi qiymətləndirilməlidir”.

Q.RAMAZANOV

Paylaş:
Baxılıb: 419 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31