Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir

Prezident İlham Əliyev: Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir

05.09.2020 [10:24]

Pandemiya şəraitində vətəndaşların məsuliyyətli davranışı qısa müddət ərzində normal həyata qayıtmağın əsas şərtlərindən biridir

Azərbaycan dövlətinin qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan və qlobal miqyasda bir sıra fəsadlara yol açan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə gündəliyi kifayət qədər genişdir. Respublikamızın əlaqədar qurumları Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında koordinasiyalı fəaliyyət göstərərək ölkəmizdə təhlükəli xəstəliyin yayılma arealının məhdudlaşdırılması, vəziyyətdən daha az itkilərlə çıxmaq üçün nəzərdə tutulan zəruri tədbirləri operativ qaydada həyata keçirirlər. Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirlərinin davamı olaraq avqustun 31-də daha bir tibb müəssisəsinin - Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib. Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı ölkəmizdə pandemiyaya qarşı görülən tədbirlərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb, eyni zamanda aparılan mübarizənin səmərəliliyini artırmaq üçün bir sıra dəyərli tövsiyələrini verib. Dövlətimizin başçısı videoformatda keçirdiyi görüşdə pandemiya ilə mübarizənin indiki mərhələsində vətəndaşların, bütün cəmiyyətin məsuliyyətinin artırlmasının zəruriliyinə isə xüsusi diqqət çəkib.

Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir

Azərbaycanda təhlükəli pandemiya ilə mübarizə tədbirlərinin əhatə dairəsi kifayət qədər genişdir. Respublikamızda pandemiyanın milli iqtisadiyyatımıza, əhalinin sosial vəziyyətinə mənfi təsirlərini azaltmaq üçün nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib və qeyd olunan istiqamətlərdə işlər davam etdirilir. Azərbaycan hökumətinin hazırladığı müxtəlif dəstək proqramları pandemiya dövründə iqtisadiyyatımızın funksionallığının təmin olunmasına, iş yerlərinin qorunmasına, eləcə də pandemiyadan sonrakı mərhələdə iqtisadi fəallığın artırılmasına real zəmin yaradılmasına hesablanıb. Görülən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, pandemiya şəraitində Azərbaycan iqtisadiyyatının geriləmə tempi digər ölkələrlə müqayisədə kifayət qədər aşağı – cəmi 2,8 faiz səviyyəsindədir. Eyni zamanda, respublikamız indiki çətin şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiq qalır. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmizdə pandemiya səbəbindən heç bir sosial layihə ixtisara salınmayıb, əksinə cari ilin əvvəlindən insanların sosial müdafiəsinin təmin olunmasına yönəldilən vəsaitlərin həcmi rekord səviyyəyə çatdırılıb. Qeyd edək ki, ölkəmizdə pandemiyanın insanların sosial vəziyyətinə mənfi təsirlərini azaltmaq məqsədilə reallaşdırılan dəstək tədbirlərindən təxminən 5 milyon vətəndaş bəhrələnir.

Ölkə vətəndaşlarının həyatının qorunması isə Azərbaycan dövlətinin pandemiya ilə mübarizə gündəliyinin ən əsas məsələsi kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev son vaxtlarda keçirilən müxtəlif tədbirlərdə birmənalı şəkildə bəyan edib ki, insanların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir, bunun üçün nə qədər vəsait lazımdırsa təmin ediləcək. Respublikamızda koronavirusa yoluxan xəstələrin müayinə və müalicəsini yüksək səviyyədə təşkil etmək üçün genişmiqyaslı səhiyyə tədbirləri görülür. Respublikamızın 46 ən yaxşı xəstəxanası koronavirus xəstələrinin müalicəsinə cəlb olunub. Ölkəmizdə qısa müddətdə tibbi qoruyucu vasitələrin, geyimlərin, dezinfeksiyaedici vasitələrin istehsalı qaydaya salınıb. Pandemiya başlayanda respublikamızda cəmi 6 laboratoriya var idi. Bu gün ölkə üzrə laboratoriyaların sayı 45-ə çatdırılıb. İndiyədək ölkəmizdə 900 mindən çox test keçirilib.

Əlbəttə, bu kimi tədbirlər reallaşdırılarkən ilk növbədə son 17 ildə ölkəmizdə yaradılan güclü səhiyyə infrastrukturuna istinad edilir. Eyni zamanda, pandemiya dövründə səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi, çarpayı fondunun artırılması diqqət mərkəzində saxlanılır. Cari ilin əvvəlindən respublikamızın bölgələrində yeni tikilən bir neçə xəstəxana istifadəyə verilib. Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkəmizin ən yaxşı xəstəxanasının – “Yeni klinika”nın açılışı baş tutub. Hazırda koronavirus xəstələrinin ixtiyarına verilən bu səhiyyə müəssisəsində təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, pandemiyanın davam etdiyi dövrdə respublikamızda modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100-ə bərabərdir.

Azərbaycanda təhlükəli pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həmçinin bir sıra məhdudlaşdırıcı tədbirlər görülüb və vəziyyətə uyğun addımlar atılıb. Həm yuxarıda diqqət çəkdiyimiz qabaqlayıcı tədbirlər, həm obyektiv dəyərləndirmə əsasında ayrı-ayrı yaşayış məntəqələrində tətbiq olunan sərt karantin qaydaları vəziyyətin müsbət istiqamətə doğru dəyişməsini şərtləndirib. Xatırladaq ki, ötən altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb və iyul ayının ortalarından müsbət dinamikanın əldə olunması təmin edilib. Təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatıb. Müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək. Yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Eyni zamanda, fəal açılışlara gedən ölkələrin təcrübəsi öyrənilir. Qeyd edək ki, həmin ölkələrdə açılışılardan sonra xəstələrin sayı kəskin artıb. Prezident İlham Əliyev bəhs olunan görüşdə ölkəmizdə pandemiyaya qarşı mübarizədə vəziyyətin müsbət istiqamətdə dəyişməsindən məmnunluğunu bildirərək vurğulayıb ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır. “Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi kimi prinsiplərə pandemiya ilə mübarizədə də ciddi əməl olunur

Yuxarıda deyilənlərdən də göründüyü kimi, dövlət təhlükəli pandemiyanın mənfi təsirlərini azaltmaq, insanların həyatını qorumaq və vəziyyətdən daha az itkilərlə çıxmaq üçün mümkün olan hər şeyi edir. İndiki mərhələdə dövlətin gördüyü çoxşaxəli tədbirlərin nəticəsində COVİD-19-la mübarizədə yaranan müsbət dinamikanın davam etməsi və statistik göstəricilərin daha da yaxşılaşması həm də vətəndaşların məsuliyyətindən asılıdır. Ayrı-ayrı vətəndaşların yeni növ koronavirus xəstəliyini ümumiyyətlə inkar etmələrinin və yaxud nəqliyyatda, ictimai yerlərdə sosial məsafə gözləməmələrinin, qoruyucu vasitələrdən istifadə etməmələrinin məntiqini heç nə ilə izah etmək mümkün deyil. Sərt karantin qaydalarının yumşaldılması heç də COVİD-19-un tamam  yox olması anlamına gəlmir. Bu xəstəlik hələ də özümüzün və yaxınlarımızın həyatını təhdid etməkdədir. Nə etmək olar, bütün dünyada çağırılmamış qonaq kimi dəyərləndirilən yeni növ koronavirus pandemiyası bizim ölkəmizə də ayaq açıb və ənənəvi həyat tərzimizi dəyişib. Biz artıq bir neçə aydır ki, sərt karantin qaydalarına əməl edərək yaşamaq məcburiyyətində qalmışıq. Əlbəttə, məhdudiyyətlərə, yeni qaydalara öyrəşmək və onlara əməl etmək elə də asan deyil. Ancaq pandemiya şəraitində bizim başqa çıxış yolumuz yoxdur. Biz övladlarımızı, yaxınlarımızı, Vətənimizin və xalqımızın gələcəyini düşünməliyik. Dərk etməliyik ki, indiki vəziyyət ekstremal bir şəraitdir və bu, müvəqqəti xarakter daşıyır. Cəmiyyətimizin hər bir üzvü nə qədər məsuliyyətli olarsa, mütəxəssislərin məsləhətlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara ciddi şəkildə əməl edərsə, koronavirus həyatımızdan daha tez çəkilib gedər. Pandemiyaya ancaq birgə səylərlə qalib gəlmək mümkündür. “Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq”, - deyə Prezident İlham Əliyev bildirib.

Yuxarıda bəhs olunan görüşdə Prezident İlham Əliyev pandemiya şəraitində vətəndaşların məsuliyyəti ilə yanaşı, digər bir vacib məsələyə də diqqət çəkib. Söhbət Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi prinsiplərə pandemiya ilə mübarizədə də ciddi əməl olunmasından gedir. Azərbaycan hüquqi dövlətdir, bütün sahələrdə qanunun aliliyi təmin olunur. O cümlədən hər kəs cəmiyyətdəki ictimai və qulluq mövqeyindən asılı olmayaraq pandemiya ilə mübarizə qaydalarına, karantin rejiminin tələblərinə əməl etməlidir. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı vurğulayıb: “İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

Qeyd edək ki, bütövlükdə Azərbaycan cəmiyyəti dövlətinin COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirir. Bunu cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin Prezident İlham Əliyevə ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarından da görmək mümkündür.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31