Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyətlərinin qarşısı alınmalıdır

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyətlərinin qarşısı alınmalıdır

05.09.2020 [10:29]

Ekspertlərin fikrincə, mövcud faktlar qarşısında dünya birliyi Ermənistana qarşı siyasətini sərtləşdirməli, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi üçün işğalçı ölkəyə ardıcıl təzyiq göstərməlidir

Məlum olduğu kimi, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan və hümanitar hüququn pozulması kimi tövsif edilən bu köçürmədə Ermənistanın əsas məqsədi süni məskunlaşdırma yolu ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu və demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir.  Ekspertlərin fikrincə, mövcud faktlar qarşısında dünya birliyi Ermənistana qarşı siyasətini sərtləşdirməli, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi üçün işğalçı ölkəyə ciddi təzyiq göstərməlidir.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, avqustun əvvəlində Livanın paytaxtı Beyrutda baş vermiş partlayış 200 ildən çoxdur ki, ermənilərin Azərbaycan torpaqlarına, xüsusilə Dağlıq Qarabağa və ətraf rayonlara qeyri-qanuni köçürülməsi prosesinə yeni təkan verib: “Baş vermiş faciə nəticəsində Ermənistana təxliyə edilmiş ailələrin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı təklif gündəmə gətirilib. Əsas məqsəd isə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda demoqrafik vəziyyətə süni olaraq təsir göstərmək, orada daha çox erməninin məskunlaşdırılmasına nail olmaqdır". 

Əslində, bu ssenarinin yeni olmadığını və ermənilərin işğal altında olan Azərbaycan torpaqlarına, xüsusilə də Dağlıq Qarabağa köçürülməsi prosesinin bu günə kimi davam etdiyini vurğulayan R.Əliyev deyib ki, Azərbaycanın ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparan Ermənistan beynəlxalq öhdəlikləri pozur: “Beynəlxalq ictimaiyyət Ermənistandan bu qanunsuz fəaliyyətləri dayandırmağı tələb etməlidir. Dünya birliyi Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini, ermənilərin işğal olunmuş Azəərbaycan torpaqlarına qanunsuz məskunlaşdırılması siyasətini kəskin surətdə pisləməsə, qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməsə, bu region davamlı olaraq silahlı qarşıdurmalar və müharibə riski ilə üzbəüz qalacaq”.

İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin rəhbəri, Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova isə deyib ki, işğal edilmiş ərazilərə Livan ermənilərinin köçürülməsi Dağlıq Qarabağda terror təhlükəsinin artması deməkdir: “Ermənilərin terrorizm tarixindən bir faktı xatırladaraq fikrimi əsaslandırmaq istəyirəm. Avstriya yazıçısı Frans Verfel bir erməni keşişinin yalan məlumatları əsasında “Musa dağında 40 gün” adlı kitab yazmışdı. Ermənilər tərəfindən 34 dilə tərcümə edilən həmin kitabda guya Osmanlı dövlətinin təqib etdiyi üçün dinc ermənilərin Musa dağına sığınmasından bəhs edilirdi. F.Verfel bir neçə il sonra keşişin onu aldatdığını dostu Amateuya etiraf etmiş, o da öz növbəsində ölkə konqresində erməni saxtakarlığını ifşa edən bəyanatla çıxış etmişdi. Əslində isə, Musa dağına sığınanlar Osmanlı dövlətinə qarşı vuruşan terrorçular idi ki, sonradan Fransa qoşunlarının köməyi ilə gəmi vasitəsilə Livana aparılmışdılar. Həmin terrorçular o vaxtdan  Livanda kök saldılar. Ona görə də erməni terrorçularının əsas düşərgələri, o cümlədən ASALA terror təşkilatı Livanda fəaliyyət göstərib. Xocalı faciəsi və digər qətliamların törədilməsində Livandan gələn terrorçular da birbaşa iştirak etmişlər”. 

Ş.Həsənovanın sözlərinə görə, bu gün Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi təkcə demoqrafik problem deyil, həm də işğal edilmiş ərazilərimizdə terrorizmin gücləndirilməsi prosesidir: “Çünki işğalçı Ermənistan guya dinc erməni ailələrinin köçürülməsi adı altında Azərbaycana qarşı gələcək əməliyyatlarda iştirak etmək üçün terrorçuların sayını artırır. Eyni zamanda, Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsi təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz regionu üçün daha böyük təhlükə yarada bilər. Ona görə də dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi üçün işğalçı ölkəyə təzyiq göstərməlidir”. 

Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31