Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan cəbhədə vəziyyəti qəsdən gərginləşdirir, müharibəyə hazırlaşır, yeni işğal planları qurur

Ermənistan cəbhədə vəziyyəti qəsdən gərginləşdirir, müharibəyə hazırlaşır, yeni işğal planları qurur

22.09.2020 [08:57]

Prezident İlham Əliyev: Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətə xüsusi diqqət çəkib. Qeyd edək ki, dövlət başçımızın yerli mətbuata verdiyi müsahibədə səsləndirdiyi mühüm fikirlər Rusiya, Türkiyə və digər ölkələrin KİV-lərində geniş rezonans doğurub. İlk növbədə onu vurğulayaq ki, Prezident İlham Əliyevin növbəti dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti gündəmə gətirməsi təsadüfi deyildir. Dağlıq Qarabağ münaqişəsinin həllini tapması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycan üçün bir nömrəli ümummilli məsələdir. Ölkəmiz tarixi faktlara və beynəlxalq hüquqa əsaslanaraq münaqişənin ədalətli şəkildə həllinə nail olmağa çalışır və danışıqlar prosesində daim konstruktiv mövqedən çıxış edir. İşğalçı Ermənistanın isə daim danışıqlar prosesinə zərbə vurmaq, işğalçılıq siyasətinin dərinləşdirilməsinə hesablanan addımlar atmaq kimi cəhdlərinin şahidi oluruq. Məhz Ermənistanın bu kimi cəhdlərinin ucbatından son vaxtlarda qoşunların təmas xəttində gərginlik əhəmiyyətli dərəcədə artıb ki, bu da ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə aparılan sülh danışıqlarının mahiyyəti ilə tamam ziddiyyət təşkil edir. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirdiyini birmənalı şəkildə nəzərə çatdırıb.
Ermənistanın rəhbərliyi ardıcıl təxribat törətməklə danışıqlar prosesini pozub
Ölkəmiz o mövqedən çıxış edir ki, danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ermənistanın davranışlarında isə münaqişənin həllinə konstruktiv yanaşma qətiyyən hiss olunmur, əksinə, işğalçı dövlətin siyasəti separatizmin dərinləşməsinə, münaqişənin genişlənməsinə, mövcud status-kvonun sonsuzluğadək uzanmasına xidmət edir. Son vaxtlarda qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinin, danışıqlar prosesinin faktiki olaraq dalana dirənməsinin məsuliyyəti məhz Ermənistan rəhbərliyinin üzərinə düşür. Vəziyyəti dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub”.
Əslində, Ermənistan cəmiyyətinin özündə də proseslərin belə mənfi məcrada inkişafının fərqində olanlar var. Orada rasional düşüncəli insanlar etiraf edirlər ki, Ermənistanın hazırkı rəhbərliyi bu ölkəni uçuruma aparır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Ermənistanın baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurub. O, “Qarabağ Ermənistandır” deməklə nəinki bu yalanı bütün dünyaya yayıb, eyni zamanda, danışıqlar prosesini mənasız edib. N.Paşinyanın başqa bir cəfəng fikiri danışıqların formatının dəyişdirilməsini özündə ehtiva edir. Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq. Azərbaycanın oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasları ola bilməz. Ermənistan tərəfindən işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma aparılması bütün beynəlxalq konvensiyalara ziddir və cinayətdir. Qanunsuz məskunlaşdırma, Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi açıq təxribatdır. Qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və statuskvonu dəyişməz saxlamaqdır. Bütün bunların fonunda forpost dövlətin rəhbərliyi şərtlər irəli sürməyə özündə cəsarət tapır. Ümumiyyətlə, Ermənistanın baş nazirinin şərt dilində danışmağa heç bir haqqı yoxdur. Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, Azərbaycan işğalçı dövlətin rəhbərliyi tərəfindən irəli sürülən bütün cəfəng şərtləri rədd edir. “Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.
Çətin vəziyyətdə qalan Paşinyan revanş əldə etmək planları qurur
Qeyd olunduğu kimi, son vaxtlarda biz Ermənistanın cəbhədə ardıcıl təxribatlar törətdiyinin şahidi oluruq. Təbii sual ortaya çıxır: Ermənistan hakimiyyəti qoşunların təmas xəttində ardıcıl təxribat cəhdlərinə nə üçün əl atır? Ekspertlər bunun bir neçə səbəbi olduğunu bildirirlər. Səbəblərdən biri odur ki, şirin vədlərlə hakimiyyətə gələn N.Paşinyan aradan az vaxt ötəndən sonra aciz duruma düşüb. Belə ki, onun hökuməti vədləri əsla reallaşdırmayıb və buna heç bir potensialı da yoxdur. Cəmiyyətdə narazılıqlar isə artmaqdadır. N.Paşinyan hökumətindən hesabat istənilir. Buna görə də o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi ritorikalarla çıxış edir, ön xəttə təxribatlara rəvac verir və beləliklə də, ona ünvanlanan narazılıqları müvəqqəti də olsa, səngitməyə çalışır.
Başqa bir mühüm amil də diqqət çəkir. Gəlin, xatırlayaq: Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə Azərbaycan Ordusunun qətiyyətli qələbəsi yeni hakimiyyətə gəlmiş N.Paşinyanı çətin duruma saldı. Məhz Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı N.Paşinyanın öz ətrafında yaratdığı mifi dağıtdı və ona qarşı narazılıq dalğası başladı. Ggörünür, Paşinyan bunu hələ də həzm edə bilmir və revanş əldə etmək planları qurur. Beləliklə, forpost dövlət cari il iyulun 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribat törətdi. Məqsəd yeni ərazilər ələ keçirmək, yeni mövqelərdə möhkəmlənmək idi. Lakin Silahlı Qüvvələrimiz rəşadət göstərdi və düşmənə layiqli cavab verildi. Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanıldı. Ermənistanın hərbi siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, forpost dövlətin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Gəncə şəhərinə hərbi zərbə endirməklə bağlı təhdid səsləndirildi. Sentyabrın 20-də saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edildi. Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Deyilənlərdən də bəlli olduğu kimi, qoşunların təmas xəttində törədilən hadisələr oxşardır və əslində, bu ssenarilərin arxasında dayanan məqsəd də aydın şəkildə görünür: Ermənistan cəbhədə vəziyyəti qəsdən gərginləşdirir, müharibəyə hazırlaşır, yeni işğal planları qurur. Bunu açıq şəkildə nəzərə çatdıran Prezident İlham Əliyev bildirib ki, əgər düşmən Tovuz hadisələrindən sonra yeni dərs almaq istəyirsə, biz buna hazırıq: “Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.
İslamofobiyanın dövlət siyasəti olduğu Ermənistanla bəzi müsəlman ölkələrinin münasibətlər qurması anlaşılan deyil
Nikol Paşinyan hökuməti yalanlar uydurmaqla həm Ermənistan cəmiyyətini, həm də bütün dünyanı aldatmağa çalışır. Ermənistan hökumətinin daxili auditoriyaya münasibətdə yanaşmalarının motivləri barədə yuxarıda bəhs etdik - Nikol Paşinyan və və ətrafı öz hakimiyyətlərinin ömrünü uzatmaqdan ötrü bütün saxtakarlıqlara getməyə hazırdırlar. Sual olunur: Bəs ayrı-ayrı müsəlman ölkələri Ermənistan hakimiyyətinin yalançı göz yaşlarına nə üçün inanırlar? Bəzi İslam ölkələri, o cümlədən Misir Ermənistanın özünü guya müsəlman ölkələrinin dostu kimi təqdim etməyə çalışmasına yol verməməlidir. İşğalçı Ermənistanın və onun əli ilə qurulan separatçı rejimin Dağlıq Qarabağda və digər zəbt olunan ərazilərimizdə müqəddəs dinimizə aid abidələrimizi dağıtmaları, təhqir etmələri hər kəsə bəllidir. Müsəlman ölkələri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandalizmə, İslam dininə təhqiramiz münasibətinə, Ermənistandakı islamofobiyaya qarşı səssiz qalmamalıdırlar. Ermənistanla əməkdaşlıq heç bir müsəlman ölkəsinə fayda verə bilməz. Prezident İlham Əliyev müsəlman ölkələrinin rəhbərlərinə xitab edərək vurğulayıb: “Biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”.
Azərbaycana gəldikdə isə, ölkəmiz müsəlman dünyasının fəal üzvüdür, daim müsəlman ölkələrinə kömək göstərir, beynəlxalq təşkilatlarda onların maraqlarını müdafiə edir. Azərbaycan İslam həmrəyliyini sözdə yox, əməldə nümayiş etdirir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31