Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vətən müharibəsində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam təmin edən qüdrətli Azərbaycan yeni reallıq yaratdı

Vətən müharibəsində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam təmin edən qüdrətli Azərbaycan yeni reallıq yaratdı

04.12.2020 [09:17]

Prezident İlham Əliyev: Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı
Son 17 ildə müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldıqda, müxtəlif sahələrə aid təhlillər apardıqda aydın şəkildə görünür ki, uğurlarımızın, respublikamızdakı sarsılmaz vətəndaş həmrəyliyinin memarı Prezident İlham Əliyevdir. Öz fəaliyyətini daim cəmiyyətdən gələn sosial sifarişlər əsasında quran dövlətimizin başçısı bütün dövrlərdə prinsipiallıq, yenilməz iradə göstərərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Prezident İlham Əliyevin həmişə respublikamızın gündəliyinin mərkəzində dayanan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində göstərdiyi siyasi qətiyyət, keçilən hər mərhələyə uyğun aldığı müdrik qərarlar buna bariz nümunədir. Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif beynəlxalq platformalarda, o cümlədən də ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda israr edirdi, əsaslandırırdı ki, status-kvo işğal məhsuludur, tarixi ədalətə, beynəlxalq hüquq normalarına qətiyyən uyğun deyil və aradan qaldırılmalıdır. Dövlətimizin başçısı dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bu kimi məqamları bir daha xatırladaraq bildirib: “Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq”.
Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə şərəfli tarix yazdı və tarixi ədaləti bərpa etdi
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazanılan parlaq qələbəmiz bir daha əyani şəkildə təsdiqlədi ki, Azərbaycan Prezidenti nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilir. Dövlət başçısının Özünün də bildirdiyi kimi, O, heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi variantı istisna etməyib. Vətən müharibəsi bir daha təsdiqlədi ki, O, “münaqişənin hərbi yolla həlli var”, “Dağlıq Qarabağ Azərbaycandır və nida” kimi ifadələri gəlişi gözəl sözlər kimi səsləndirməyib, bu fikirləri gecə-gündüz məqsədyönlü şəkildə görülən işlərə, ölkəmizin potensialına, Ordumuzun gücünə, xalqımızın iradəsinə əsaslanaraq ifadə edib. Müqayisə aparaq: İşğalçı Ermənistanın baş naziri daim müxtəlif ritorikalardan çıxış edirdi - heç bir ədəb-ərkan gözləmədən Dağlıq Qarabağda eyş-işrət məclisləri qurur, Şuşada sərxoş halda yallı gedirdi, deyirdi ki, işğal altındakı torpaqların bir qarşını da geri qaytarmayacaq, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə”. Əslində isə, onun bu və ya digər sərsəm hərəkətlərinin və açıqlamalarının arxasında nə ədalət var idi, nə də real bir güc.
Təəssüf doğuran məqam yalnız işğalçı dövlətin siyasi-hərbi rəhbərliyinin davranışları ilə bağlı deyildi. Məsələ burasındadır ki, bir sıra dairələr, ayrı-ayrı dövlətlər də beynəlxalq prinsipləri arxa plana keçirərək Azərbaycanı Ermənistanın üç onillik bundan əvvəl havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranan vəziyyətlə barışmağa və faktiki olaraq ərazilərinin bir hissəsindən imtina etməyə çağırırdılar. Prezident İlham Əliyev zamanında aparılan danışıqların bəzi detallarını açıqlayıb. Bildirib ki, Ermənistanın havadarları Kəlbəcər və Laçın rayonlarının hansısa bir formada işğalçı dövlətin tabeliyində saxlanılmasının planlarını cızırdılar, həmçinin 5 rayonun geri qaytarılmasının müqabilində Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanımasını istəyirdilər. Azərbaycan Prezidenti İlham Əliyev bununla barışa bilməzdi və barışmadı da. Dövlət başçımız qürur, siyasi qətiyyət nümayiş etdirərək işğalçı dövlətin siyasi rəhbərliyinin 7 şərtini zibil yeşiyinə atmağı məsləhət gördü və Özünün yeganə şərtini bəyan etdi: İşğalçı qüvvələr Azərbaycan ərazilərindən rədd olub getməlidirlər. Sentyabrın 27-də Ermənistanın hərbi birləşmələri cəbhə bölgəsində növbəti dəfə genişmiqyaslı təxribat törətdikdə Azərbaycanın özünü müdafiə etmək, mülki əhalini qorumaq üçün hərbi varianta əl atmaqdan başqa yolu qalmadı. Nəhayət, düşmənə öz yerini göstərmək, onu möhkəm cəzalandırmaq, apardığı ilhaq siyasətinə son qoymaq lazım idi və 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatlarını uğurla həyata keçirən Silahlı Qüvvələrimiz bunu etdi. Vətən müharibəsində əsasən, innovativ vasitələrdən istifadə edən və dünya hərb tarixinə bir sıra yeniliklər gətirən Ordumuz döyüş meydanında elə ilk günlərdən təşəbbüsü ələ aldı. Düşmən işğal altındakı ərazilərdə üç onillik ərzində böyük vəsait hesabına yaratdığı istehkamların keçilməz olduğunu düşünürdü. Lakin bu mif cəmi bir neçə gün ərzində tamam tar-mar oldu. Sarsıdıcı zərbələr alan, canlı qüvvə və texnika sarıdan böyük itkilər verən işğalçı qüvvələr mövqelərindən geri çəkilmək məcburiyyətində qaldılar. Düşmən dövlətin ordusunda fərarilik baş qaldırdı, əsgərlərin, zabitlərin qorxudan postlarını özbaşına tərk etmələri adi hala çevrildi. Müzəffər Ordumuz Vətən müharibəsində 300-dək kəndi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri işğaldan təmizlədi. Müharibənin məntiqi sonluğuna böyük dərəcədə Ordumuz tərəfindən noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılması ilə aydınlıq gətirildi. Bundan sonra müharibəni davam etdirmək imkanında olmadığını dərk edən düşmən dövlətin siyasi rəhbərliyi noyabrın 10-da hələ də bəlli olmayan hansısa bir yerdə kapitulyasiya aktına imza atmaqla təslim olduğunu bəyan etdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən düşmən dövlət işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonlarını dekabr ayının 1-dək döyüşsüz Azərbaycana təslim etmək öhdəliyi götürdü və artıq sənədin şərtləri təmin edilib.
Beləliklə, Vətən müharibəsində parlaq qələbə çalan Azərbaycan tarixi ədaləti bərpa etdi. Məlum olduğu kimi, BMT TŞ-nin ötən əsrin doxsanıncı illərinin əvvəllərində qəbul etdiyi və erməni hərbi birləşmələrinin işğal altındakı ərazilərdən qeyd-şərtsiz geri çəkilməsini özündə ehtiva edən qətnamələri üç onillik ərzində kağız üzərində qalmışdı. Respublikamız məlum qətnamələrin icrasına təkbaşına nail olmaqla beynəlxalq hüquq müstəvisində yeni reallıq yaratdı. Prezident İlham Əliyev qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi qətiyyətlə bildirib ki, noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. “Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan düşmən tərəfindən dağıdılmış bölgələri bərpa edəcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacaq
Bu günlərdə işğaldan azad edilən ərazilərimizdən çoxlu foto və videomateriallar təqdim olunur. Kadrlardan görünən mənzərələr kədərli təəssürat yaradır. Ərazilərimizin hər qarışında erməni vandalizminin izlərini görmək mümkündür. Ermənilər üç onillik ərzində mədəni irsimizi özününküləşdirməyə çalışıblar - daş abidələrimizin üzərinə özlərinə xas tərzdə xaçlar və digər erməni simvolları yamayıblar, bu mümkün olmadıqda isə hər şeyi dağıdıblar. Yeri gəlmişkən, işğaldan azad edilən ərazilərdə saxta erməni simvollarının istehsalı ilə məşğul olan müəssisə aşkarlanıb. Onu da qeyd edək ki, ermənilər işğal altında saxladıqları ərazilərdə yalnız İslam mədəniyyətinə aid olan abidələri özününküləşdirməyə və yaxud yer üzündən silməyə çalışmayıblar. Qədim Qafqaz Albaniyası dövlətinə məxsus abidələr də belə hücumlara məruz qalıb. Eyni zamanda, Dağlıq Qarabağdakı müqəddəs Rus Pravoslav Kilsəsinə də qarşı erməni vandalizmi törədilib.
Düşmən dövlət son 30 ildə işğal altında saxladığı ərazilərimizdə təbiətə də ciddi ziyan vurub. Məlum olduğu kimi, Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - rayonun ərazisinin 22 min hektarı meşə sahəsidir. Kəlbəcər rayonunun 24 min hektarını meşə sahəsi əhatə edir. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar meşə zolağı var. Eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri yerləşir. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur düşmən bizim meşələrimizə də əl qataraq 30 il ərzində onları qırıb, talayıb və son müddət ərzində isə yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki erməni vəhşiləri ucqar dağ massivlərində yerləşən meşələrə dırmaşa bilməyiblər.
Azərbaycan xalqı qurub-yaradan xalqdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayır. Bu, quruculuq dövrüdür. İşğaldan təmizlənən ərazilərimizdə artıq bərpa-abadlıq işlərinə start verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək”, - deyə vurğulayıb.
İşğaldan azad edilən şəhər və kəndlərin bərpası, ümumiyyətlə, bu ərazilərdə görüləcək bütün işlər koordinasiya olunmuş şəkildə həyata keçiriləcək. Azərbaycanın bu məsələyə strateji yanaşması var. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31