/ / Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır
29.01.2021 [22:26]
Bütün dünya Şuşanı Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində düşməni diz çökdürərək şanlı qələbə qazanan respublikamızın qarşısında hazırda işğaldan təmizlənən ərazilərin bərpası kimi mühüm vəzifə durur. Şübhə yoxdur ki, Azərbaycan dövləti bu vəzifəni də qısa müddətdə yüksək səviyyədə yerinə yetirməyə nail olacaq. Bunun üçün Azərbaycan dövlətinin həm qətiyyətli siyasi iradəsi, həm də güclü iqtisadi potensialı var. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixində imzaladığı müvafiq Fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Sənəddə də vurğulandığı kimi, yeni idarəetmə strukturunun formalaşdırılması işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədi daşıyır. Bəhs olunan Fərmana uyğun olaraq ilk təyinat Şuşa rayonuna edilib. Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Qəbulda dövlətimizin başçısı işğaldan azad edilən ərazilərimizin, o cümlədən də Şuşanın bərpası ilə bağlı nəzərdə tutulan planları diqqətə çatdırıb və Özünün dəyərli tövsiyələrini verib.
Azərbaycan Şuşanı Vətən müharibəsində qəhrəman övladlarının rəşadəti sayəsində düşmənin əsarətindən xilas etməyə nail oldu
Dağlıq Qarabağın tacı sayılan Şuşa Azərbaycanın tarixində xüsusi yeri olan bir şəhərdir. 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən əsası qoyulan bu şəhərə xalqımızın xüsusi bir bağlılığı var. Yüzilliklər ərzində burada Azərbaycan mədəniyyətinin təkrarsız nümunələri formalaşıb. Qeyd edək ki, Pənahəli xanın dövründən bu yana Şuşada daim azərbaycanlılar yaşayıb yaradıblar. İşğal dövründə Şuşanın əhalisinin təxminən 98 faizi azərbaycanlılardan ibarət idi.
Ermənistan 28 il ərzində işğal altında saxladığı Şuşanı erməniləşdirməyə çalışıb. Erməni vandallarının əməlləri işğaldan təmizlənən şəhərdə hər addımda hiss olunur. Onlar azərbaycanlılara məxsus izləri şəhərin simasından silmək üçün muzeylərimizi, mədəniyyət abidələrimizi, məscidlərimizi dağıdıblar. Əvəzində Şuşaya qondarma, eybəcər ad veriblər, burada guya erməni mədəniyyətini və inanclarını simvolizə edən bir neçə tikili ucaldıblar. İşğalçıların şəhərə “məhəbbəti” bundan uzağa getməyib. Ermənilərin Şuşaya hər hansı bir bağlılıqlarının olmadığı onların işğal dövründə şəhərə ögey münasibət bəsləmələrindən də aydın şəkildə nəzərə çarpır. Sanki buradan vəhşi bir qəbilə gəlib keçib. Bu qəbilə şəhərdə ayaq basdığı hər yeri xarabalığa çevirib. Ötən üç onillik ərzində ermənilər Şuşada hər hansı bir quruculuq işi həyata keçirməyiblər, ancaq şəhərin maddi və mədəni sərvətlərini amansızcasına talamaqla məşğul olublar. 28 il ərzində şəhəri dağıdan ermənilər hansı mənəvi haqla Şuşanın onlara məxsus olmasından danışırlar? Adamın ona məxsus olanı dağıtmağa əli necə qalxa bilər? Belə görünür ki, erməni vandallarının riyakarlıqdan başqa mənəvi dəyərləri yoxdur. Onlar tarixboyu özgə mədəniyyətinə göz dikiblər və yəqin ki, bu xislətlərinə heç vaxt son qoymayacaqlar.
Ermənilərin 28 il ərzində Şuşanı özününküləşdirmək cəhdləri heç bir nəticə verməyib. Çünki şəhərin özünəməxsus aurası var, buranın ruhu tamam azərbaycanlı ruhudur. Ermənilərin tikdikləri “abidələr” Şuşanın ümumi memarlığı ilə qətiyyən uyuşmur və yamaq təsiri bağışlayır. Prezident İlham Əliyev bəhs olunan qəbuldakı çıxışında Şuşanın Azərbaycan üçün böyük önəm daşıdığına xüsusi diqqət çəkib. “Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bütövlükdə, ermənilərin tarixi saxtakarlıq və mifologiya üzərində qurulub. Ermənilər və onların müxtəlif ölkələrdəki havadarları Ermənistan üçün saxta tarix yaradıblar və bu saxtakarlıq bu gün də davam edir. Baxın, görün Ermənistan cəmiyyətinin nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa azərbaycanlılara elə-belə təslim edilib, şəhər uğrunda döyüşlər getməyib, ermənilər Şuşadan çıxıblar və Azərbaycan Ordusu bura daxil olub. Ermənistanın hərbi elitasında təmsil olunanlardan biri Şuşanın azərbaycanlıların əlinə keçməsini onun üçün indi də müəmma olduğunu dilə gətirib. Başqa bir erməni isə daha da qabağa gedərək bildirib ki, Ermənistanın rəhbərliyi Şuşaya İsgəndər raketlərinin atılacağı xəbərdarlığını edərək ermənilərin şəhərdən çıxmasını istəyib. Bütün bunlar ağ yalandır, erməni saxtakarlığının növbəti nümunəsidir. Ötən il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycanın hərb tarixində şanlı səhifələrdən biri kimi həmişəlik qalacaq. Şəhərin azad edilməsi üçün xüsusi əməliyyat keçirilib. Düşmən Azərbaycan Ordusunun bölmələrini başqa istiqamətdən - şəhərə əsas girişdən gözləyirdi. Lakin bu, baş vermədi. Əsgər və zabitlərimiz sıldırım qayaları, dağları aşaraq şəhərə girməyə müvəffəq oldular. Müharibə dövründə sosial şəbəkələrdə yaralı silahdaşını çiyninə alıb Şuşaya doğru irəliləyən hərbçimizin fotosu paylaşılıb. Bu fotoda təsvir olunan hərbçi Azərbaycan əsgər və zabitlərinin ümumiləşmiş obrazıdır. Silahlı Qüvvələrimizin bütün heyəti belə yenilməzdir, qəlbində Vətənə, torpağa, Şuşaya yüksək məhəbbət bəsləyir. Ermənilərin sayıqlamalarına rəğmən, Azərbaycanın əsgər və zabitlərini Şuşanın azadlığı uğrunda ağlasığmaz fədakarlıqlar göstərməyə sövq edən də məhz vətənpərvərlik, torpaq sevgisi, Şuşaya olan bağlılıq idi. Ermənistanın baş naziri Nikol Paşinyan başının dəstəsi ilə Şuşaya eyş-işrət məclislərinə təşrif gətirirdi. Azərbaycanın əsgər və zabitləri isə Şuşaya 28 illik həsrətə son qoymaq üçün can atırdılar. Buna görə də onları heç nə ilə dayandırmaq mümkün olmadı. Şəhərin işğaldan təmizlənməsi uğrunda ordumuzun şəxsi heyətinin misilsiz şücaət göstərdiyinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. “Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şuşanın bərpası planlı şəkildə həyata keçiriləcək
1992-ci il mayın 8-də Şuşanın süqutu Azərbaycanda ümumxalq kədərinə səbəb olmuşdu. 28 il ərzində Şuşa hər birimizin qəlbində yaşadı. Biz onu heç vaxt unutmadıq, həmişə doğma şəhərimizə qovuşacağımıza inandıq. Ötən il noyabrın 8-də əziz şəhərimizin işğaldan azad edilməsi qəlbimizi sonsuz sevinc hissi ilə doldurdu. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın geri qaytarılması ilə bağlı verdiyi müjdəni böyük coşqu ilə qarşıladı.
İndi əziz Şuşa əsl sahiblərinin əlindədir. Erməni vandallarının şəhərin sinəsinə vurduqları yaraları Şuşanın əsl sahibləri sağaldacaqlar, onu bərpa edib, dirçəldəcəklər. Prezident İlham Əliyev şəhərin bərpası planlarından bəhs edərək deyib: “Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”.
Şuşanın əhatə dairəsi kifayət qədər geniş olan bərpa planında onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək hədəflənib və bir sıra prioritetlər müəyyənləşdirilib. Bu prioritetlər sırasında birinci yerdə şəhərdə zəruri infrastrukturun yaradılması dayanır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Qısa müddətdə şəhərə suyun, elektrik enerjisinin verilməsi təmin edilib. Hazırda Füzuli rayonundan Şuşaya avtomobil yolunun çəkilməsi intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bəhs olunan yolun inşasına ilkin maliyyə vəsaitinin ayrılması təmin olunub. Yeri gəlmişkən, Prezident İlham Əliyev bir qədər bundan əvvəl Şuşaya məhz bu yolla səfərə gedib. Dövlət başçımız Şuşaya çəkilən yolu Zəfər yolu adlandırıb. Eyni zamanda, hazırda Füzulidə beynəlxalq hava limanının inşasına start verilib. Prezident İlham Əliyevin təməlini qoyduğu bu hava limanından cari ilin sonunadək uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, Şuşaya həm respublikanın müxtəlif bölgələrindən, həm də dünyanın ayrı-ayrı şəhərlərindən gediş-gəliş mümkün olacaq. Prezident İlham Əliyev tapşırıqlarını verərək bildirib ki, dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatlar keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərinin gedişi ilə bağlı məlumatlandırılmalıdır.
Şuşanın bərpası və dirçəldilməsi planında şəhərin mədəni həyatının özünə qaytarılması xüsusi yer tutur. Vaxtilə Şuşada keçirilən Vaqif poeziya günləri, “Xarı bülbül” festivalı böyük şöhrət qazanmışdı. Elə bu ildən başlayaraq bu kimi tədbirlər yenidən təşkil olunacaq. Ümumiyyətlə, Şuşanın mədəni həyatının canlandırılması ilə bağlı planlar kifayət qədər genişdir. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı “Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”, - deyə bildirib.
Yeri gəlmişkən, bir qədər bundan əvvəl Prezident İlham Əliyevlə Türk Şurasının nümayəndə heyətinin görüşündə qurumun Baş katibi belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Eyni zamanda, ICESCO-nun Baş katibi dövlət başçımızla görüş zamanı bildirdi ki, onlar Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı təklif verəcəklər. Bütün bunlar Azərbaycanın tarixi şəhərinə Türk dünyasında və bütövlükdə İslam aləmində nə qədər böyük maraq göstərildiyini əyani şəkildə təsdiqləyir.
Şuşadakı tarixi və dini abidələrin bərpası da diqqət mərkəzində saxlanılacaq. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Fond fəal şəkildə bu işə qoşulub. Artıq müvafiq göstərişlər verilib və konkret proqram üzərində iş aparılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

