Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək

Prezident İlham Əliyev: Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək

11.02.2021 [09:33]

İşğaldan azad edilmiş ərazilərin bərpası müasir yanaşmalar əsasında həyata keçiriləcək
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan hazırda Böyük Qayıdış ərəfəsindədir. Ölkəmiz işğaldan azad edilən torpaqlara əsl sahiblik hissi nümayiş etdirir. Bəhs olunan ərazilərdə müasir yanaşmaların tətbiqi ilə bərpa və məskunlaşdırma, eləcə də burada mövcud olan güclü potensialın ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən belə bir fikri xüsusi olaraq nəzərə çatdırıb ki, bundan sonra Azərbaycanın inkişafı daha da sürətli olacaq. Ölkəmizin tarixində yeni bir səhifənin başladığını deyən dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq”.
İşğaldan azad edilmiş ərazilərdə bərpa layihələrinin icrasına dost ölkələrdən olan şirkətlər cəlb edilir
Son illərin təcrübəsinə istinadən deyə bilərik ki, dost İtaliyanın şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında Azərbaycana yaxşı tərəfdaşlar olacaqlar. Hazırda Azərbaycanla İtaliya arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da daim yüksələn xətlə inkişaf edir. Enerji sektoru, qeyri-neft sənayesi, müasir texnologiyaların tətbiqi iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın əhatə dairəsinə daxildir. Vurğulamaq yerinə düşər ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin 18,04 faizi məhz İtaliya ilə qurulub. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin isə 92 faizi Azərbaycanın payına düşür. Son 10 ildə ölkələrimiz arasında ticari əlaqələr 70 faizə qədər artıb. Bəhs olunan dövrdə dost ölkənin Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. O cümlədən İtaliyanın ayrı-ayrı şirkətləri Azərbaycanda müxtəlif layihələrin icrasına qoşulmağa böyük maraq göstərirlər. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb. İtaliya şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Ötən 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri isə 7 milyard avroya bərabərdir. Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən İtaliya şirkətlərindən biri də dünyada məşhur olan “Maire Tecnimont Group”dur. Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont” şirkətlər qrupu mühəndislik, satınalma və tikinti işlərini həyata keçirir və energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 40 ölkədə nümayəndəliyi olan və 50 şirkətə nəzarət edən “Maire Tecnimont” şirkətlər qrupunda təxminən 8 minə yaxın işçi çalışır. Bəhs olunan şirkət, həmçinin Sumqayıtda reallaşdırılan “SOCAR Polymer” layihəsində baş podratçı qismində çıxış edib. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. 2019-cu ildə isə yüksəksıxlıqlı polietilen zavodu da istismara verilib. “Maire Tecnimont” indiyədək həyata keçirilən birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib.
İtaliyadan olan şirkətlər, həmçinin işğaldan təmizlənən ərazilərdə müxtəlif təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edəcəklər. Məlum olduğu kimi, işğaldan təmizlənən ərazilərdə infrastruktur quruculuğuna dair xarici şirkətlərlə ilk müqavilə qardaş Türkiyə şirkətləri ilə bağlanıb. Həmin müqaviləyə əsasən, Türkiyə şirkətləri Füzulidən Şuşaya yeni yolun çəkilməsində iştirak edirlər. İtaliya da Azərbaycana dost ölkədir. 44 günlük Vətən müharibəsi dövründə Avropa İttifaqının nüfuzlu dövlətlərindən olan İtaliya respublikamıza mənəvi və siyasi dəstək verdi, bu ölkənin mətbuatında respublikamızın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdıran çoxsaylı məqalələr dərc olundu. Müharibə başa çatdıqdan sonra İtaliyadan olan parlamentarilər respublikamıza səfərə gəldilər. Onlar Gəncə və Ağdama gedərək Ermənistanın törətdiyi müharibə cinayətləri ilə yerindəcə tanış oldular və münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin, dinc sakinlərin artilleriya atəşinə tutulmasını qətiyyətlə pislədilər. Ötən il dekabrın 18-də isə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyədən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qoşulub.
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev, İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə layihələrin icrasına cəlb ediləcək İtaliya şirkətlərinin sayının artacağını bildirərək vurğulayıb: “Beləliklə, biz ümid edirik ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik”.
Bərpa layihələri həyata keçirilərkən “yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaq
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan öz iqtisadiyyatını da məhz bu yanaşma ilə inkişaf etdirir. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neft gəlirlərinin insan kapitalına çevrilməsinə, müasir, texnologiyalarla işləməyi bacaran kadrların hazırlanmasına, innovativ sənaye quruculuğuna böyük diqqət göstərilir. Qısa müddətdə ölkə üzrə bir neçə sənaye parkı təşkil olunub, həmçinin milli sənayemizin coğrafiyası regionlara doğru genişlənib. Təsadüfi deyildir ki, pandemiya şəraitində iqtisadiyyatımızda müəyyən həcmlərdə azalmalar müşahidə edilsə də, qeyri-neft sənayemiz təxminən 12 faiz artıb. Bu, respublikamızda sənayeləşmə sahəsində görülən işlərin, dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyev bu istiqamətdə siyasətin davam etdiriləcəyini bildirib. “Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Vətən müharibəsində işğaldan təmizlənən ərazilərin bərpası da məhz belə müasir yanaşmaların tətbiqi yolu ilə həyata keçiriləcək. Məlum olduğu kimi, üç onillik ərzində düşmənin nəzarəti altında qalan ərazilərimizin iqtisadi potensialı kifayət qədər böyükdür. Bu ərazilərdəki torpaqlar yüksək məhsuldarlığa malikdir. Burada zəngin su ehtiyatlarından səmərəli istifadə etməklə əkin dövriyyəsinə yeni torpaqlar cəlb etmək və ənənəvi təsərrüfat sahələrini, o cümlədən üzümçülüyü, baramaçılığı, pambıqçılığı, meyvəçiliyi inkişaf etdirmək, həmçinin güclü emal sənayesi qurmaq mümkündür. İşğaldan təmizlənən ərazilərin sənaye potensialı da kifayət qədər genişdir. Bu ərazilərdə bir neçə sənaye əhəmiyyətli faydalı qazıntı yatağı mövcuddur. İnvestisiyalar və müasir texnologiyalar cəlb etməklə həmin ehtiyatların işlənməsi ölkəmizin qeyri-neft sənayesindən gəlirlərini daha da artıracaq. İşğaldan azad edilən ərazilərdəki çaylar, həmçinin böyük enerji mənbəyidir. Burada, eyni zamanda, yaradıcı və turizm sənayesinin geniş inkişaf perspektivləri var.
Deyilənlərdən də göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə bizi böyükhəcmli işlər gözləyir. Ölkəmiz ərazilərin bərpasını “yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirmək niyyətindədir. Azərbaycanın niyyətini diqqətə çatdıran Prezident İlham Əliyev “Buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq”, - deyə vurğulayıb.
Qeyd edək ki, Azərbaycanla əməkdaşlığın genişlənməsinə, o cümlədən də işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə qoşulmağa böyük maraq göstərən “Maire Tecnimont Group” dünyada, ilk növbədə, texnologiyalara əsaslanan şirkət kimi tanınır. Şirkət ölkəmizdə “yaşıl kimya” adlandırılan sahəni inkişaf etdirmək, enerji istehsalında əməkdaşlığı genişləndirmək niyyətindədir. Onu da vurğulamaq yerinə düşər ki, “Maire Tecnimont Group” respublikamızda reallaşdırdığı layihələr çərçivəsində milli kadrların yetişdirilməsinə də öz töhfəsini verir. Əgər ilk vaxtlarda layihələrin icrasına əsasən İtaliyadan olan mütəxəssislər cəlb edilirdilərsə, hazırda bu nisbət yerli kadrların xeyrinə dəyişib. Belə ki, layihələrin icrasında çalışan mütəxəssislərin təxminən 70 faizi milli kadrlardan ibarətdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31