Cənubi Qafqaz: yeni geosiyasi konfiqurasiya və Azərbaycanın liderliyi
13.03.2021 [10:10]
Azərbaycanla Ermənistan arasında ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibə Cənubi Qafqazda hərbi və siyasi sahələrdə qüvvələr nisbətinə tektonik dəyişikliklər gətirdi. Azərbaycan 44 gün ərzində yalnız hərb meydanında deyil, siyasətdə, diplomatiyada və informasiya savaşında da xariqələr yaratdı. Prezident İlham Əliyev çoxşaxəli intensiv fəaliyyəti ilə böyük tarixi dəyişikliyə imza atdı. Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Regionda yeni layihələrin, o cümlədən Naxçıvan üzərindən Aralıq dənizi və Xəzər dənizi hövzələrini birləşdirən dəhlizin yaradılması yeni inkişaf perspektivləri vəd edir. Bu kontekstdə məsələyə geniş geosiyasi aspektdə təhlili yanaşdıqda çox maraqlı və aktual məqamlar üzə çıxır. Xüsusən Azərbaycan Prezidentinin liderlik keyfiyyəti və Ali Baş Komandan kimi fəaliyyəti ön plana çıxır. Həmin kontekstdə regional miqyasda formalaşan yeni geosiyasi reallığı analiz etmək ciddi aktuallıq kəsb edir. Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındırdı, regionu əməkdaşlıq və təhlükəsizlik geosiyasi müstəvisinə çıxardı. Bunun tarixi, siyasi, sosial, mədəni, iqtisadi və hərbi-strateji nəticələri özünü göstərməkdədir.
Regional dinamikanı dəyişən səbəblər
Hazırkı mərhələdə qlobal geosiyasi dinamikanın sürətlə dəyişdiyini ekspertlər daim vurğulayırlar. O cümlədən qlobal və regional geosiyasətin daha sıx əlaqədə olduğu inkar edilmir. Belə bir şəraitdə aktual məsələlərdən biri də regional geosiyasətə ciddi təsir edə bilən dövlətlərin müəyyən olunmasıdır. Dünyanın bütün regionlarında bu istiqamətdə proseslər gedir. Cənubi Qafqaz bu baxımdan diqqəti daha çox çəkir. Mütəxəssislər bunun səbəbləri haqqında da fikir bildirirlər.
Vurğulanan səbəblər sırasında Cənubi Qafqazın son 300 ildə dünya siyasəti üçün daha əhəmiyyətli region kimi özünü təsdiqləməsini göstərirlər. Sovetlərin çökməsindən sonra regionda xeyli xaotik mənzərə meydana gəldi. Artıq onilliklərdir ki, bu cür, obrazlı desək, riskli mənzərə regional təhlükəsizliyə ciddi təhdid olaraq qalırdı. Bunun fonunda bir səbəb daha təhlükəli görünürdü. Bu, bəzi geosiyasi güclərin region dövlətlərinə qarşı heç də birmənalı qiymətləndirilməyən mövqe sərgiləməsi ilə bağlıdır. Məsələn, onlar Ermənistanın təcavüzkarlığına müxtəlif bəhanələrlə haqq qazandırmaq işindən hələ də əl çəkməyiblər. Bundan başqa, insan haqları, söz azadlığı, demokratiya kimi təmtəraqlı ibarələri yalnız təcavüzkar Ermənistana aid etməyə çalışırlar. Əlbəttə, bu vəziyyət uzun müddət davam edə bilməzdi. Bunun fonunda daha bir səbəb Cənubi Qafqazda münaqişələrin həll edilməməsi ilə əlaqəli idi. Daha çox Dağlıq Qarabağ problemi əməkdaşlıq və təhlükəsizlik qarşısında əngələ çevrilmişdi. ATƏT-in Minsk qrupu problemi həll etmək əvəzinə erməni işğalının ömrünün uzadılmasına çalışırdı. Bununla da problemin həlli üçün BMT tərəfindən qəbul edilmiş məlum qətnamələrin tələbləri yerinə yetirilmirdi. Bu isə arzuolunmaz presedent yaradırdı. Belə şəraitdə Cənubi Qafqazda risklər çoxalır, əməkdaşlıq və sabitlik üçün müxtəlif maneələr yaradılırdı.
Kompleks halda vurğulanan məqamlar Cənubi Qafqazı qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevirmişdi. Burada hər an sabitliyin pozulması, terrorun tüğyan etməsi və bölgə xalqlarının fəlakətlərə düçar olması baş verə bilərdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək regionda baş verən geosiyasi-hərbi proseslər vəziyyəti kökündən dəyişdi. Cənubi Qafqazın geosiyasi mənzərəsinin formalaşmasında 44 günlük Vətən müharibəsi həlledici rol oynadı. Ekspertlər hesab edirlər ki, Azərbaycan bununla faktiki olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Doğrudan da, məsələnin bu tərəfinin dərin və geniş mənası vardır. Onun müxtəlif incəlikləri üzərində geniş dayanmaq lazım gəlir.
Konflikt mərhələsinin ziddiyyətləri: geosiyasi risklər və qeyri-müəyyənliklərin burulğanında
Yuxarıda qısa olaraq vurğuladıq ki, bəzi geosiyasi güclərin regiona olan münasibəti risk və qeyri-müəyyənliklə xarakterizə olunan xaos yaradırdı. Belə bir geosiyasi xətt formalaşmışdı ki, inkişaf etdikcə region daha çox təhlükəyə düçar olurdu. Aydındır ki, yaxşı mənada bu xəttin “sındırılması” lazım idi. Ancaq kim tərəfindən və necə?
Əslində, 1990-2020-ci illəri əhatə edən müddətdə Cənubi Qafqazda geosiyasi baxımdan mürəkkəb bir mənzərə yaratmışdı. Bəzi supergüclər ikili standartlar əsasında fəaliyyət göstərərək regionda gərginliyi hərbi toqquşmalar səviyyəsinə qədər yüksəldirdilər, lakin “qırmızı xətti” keçməməklə müharibə ehtimalını əngəlləyirdilər.
Beləliklə, bəzi güc mərkəzləri Cənubi Qafqazda “geosiyasi tarazlığı” konfrontasiyanı müəyyən həddə qədər yüksəldib, lakin hərbi toqquşmalara imkan verməmək taktikası ilə saxlayırdılar. Bu cür riskli gedişat kifayət qədər təhlükəli geosiyasi dinamika formalaşdırmışdı. Belə təəssürat yaranırdı ki, Ermənistan bölgədə istədiyi təxribatı törədib, “süddən ağ qaşıq” kimi çıxa bilərdi.
Regional təhlükəsizlik baxımından burada çox təhdidedici geosiyasi məqam meydana gəlmişdi. Ermənistan faktiki olaraq regionun yeni terror qaynağına çevrilmişdi. Bu ölkə nüvə tullantıları ilə də bölgəyə fəlakət gətirirdi. Ekoloji mühitin çirkləndirilməsi üçün əlindən gələni edirdi. İşğal etdiyi Azərbaycan ərazilərində mədəni və dini abidələri dağıdırdı, müsəlman qəbirlərini təhqir etməkdən çəkinmirdi. Xüsusilə məscidlərə qarşı heç bir ölçüyə sığmayan vəhşiliklər edirdi. Aydın görünürdü ki, işğalçı ölkə öz havadarlarından dağıdıcılıq üçün icazə alıb. Onun danışıqlarda qeyri-konstruktiv mövqe tutması və əsassız olaraq yeni şərtlər irəli sürməyə çalışması bunu təsdiq edir.
Beləliklə, Cənubi Qafqazda maraqları olan bəzi xarici qüvvələr regionda konfliktləri sona çatdırmaq əvəzinə, öz maraqlarına uyğun fəaliyyət göstərirdilər. Bu oyunun son məqsədi Azərbaycana ədaləti bərpa etməyə imkan verməməklə Ermənistanın işğalının nəticələrini əbədiləşdirməkdən ibarət idi. Həmin xətti regionun köhnə geosiyasi xəttinin əsas qayəsi hesab edə bilərik. Təbii ki, vəziyyətin köklü dəyişməsi üçün geosiyasi xətt qırılmalı idi. Bunun baş verməməsi üçün həmin supergüclər, demək olar ki, əllərindən gələn hər şeyi edirdilər. Lakin onlar bir məqamı nəzərə ala bilməyiblər. Azərbaycan siyasi rəhbərliyinin qətiyyətini, iradəsini və çox uğurlu dövlət quruculuğu siyasətini davamlı olaraq həyata keçirməsini!
Yeni hədəflərə doğru
Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ciddi siyasi, sosial, iqtisadi və hərbi böhrana düçar olmuşdu. O dövrdəki ölkə rəhbərliyinin yarıtmaz siyasəti Azərbaycan dövlətini olduqca çətin vəziyyətə salmışdı. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etməyə başladı. “Əsrin müqaviləsi” imzalanandan sonra qarşıda yeni imkanlar açıldı. Nəticədə, sabitləşmə və struktur islahatları proqramının həyata keçirilməsinə start verildi. Proqramda ümumi daxili məhsulun (ÜDM) artımı, inflyasiyanın nəzarətdə saxlanılması və maliyyə çatışmazlıqlarının aradan qaldırılması nəzərdə tutulmuşdu ki, bu da makroiqtisadi və maliyyə sabitliyi ilə nəticələnməli idi. Bu baş verdi. Üstəlik, neft investisiyalarının kəskin artması sayəsində 1996-cı ildə iqtisadiyyat öz inkişafını bərpa etdi. 1996-2005-ci illər arasında iqtisadi inkişaf orta hesabla 10 faiz oldu. Bu isə yoxsulluq həddini 1995-ci ildə olan 68 faizdən 2005-ci ildə 29 faizədək azaltmağa imkan verdi.
Bütövlükdə, 2003-cü ildən başlayaraq islahatlar, yeniləşmələr, sosial-iqtisadi inkişaf, daxili və xarici siyasətin daha inamla həyata keçirilməsi prosesi sürətləndi. 2006 və 2007-ci illərdə ÜDM-in artımı 29,8 faiz oldu. Hətta neft hasilatının ən zəif olduğu 2012-ci ildə ÜDM-in artımı 2,2 faiz təşkil edib. 2000-ci ilin ortalarından etibarən ÜDM-də qeyri-neft sektorunun payı artıb. Nəticədə, 2010-2013-cü illər ərzində ÜDM-də qeyri-neft sektorunun payına düşən artım neftin payına düşən artımdan yüksək olub.
Ümumiyyətlə, son 17 il ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM istehsalı 2,8 dəfə artıb. Həmin dövrdə sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 2,4 dəfə çoxalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə çoxalıb. Eyni zamanda, informasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirlər və xərcləri 18,4 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, vətəndaşların banklardakı əmanətləri 33,2 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 19,4 dəfə, orta aylıq nominal əməkhaqqı 7 dəfə, pensiyaların orta aylıq məbləği 9,3 dəfə artıb. İqtisadiyyata qoyulan sərmayə 2004-2019-cu illər arasında 259,6 milyard ABŞ dolları həcmində olub. Bu müddətdə strateji valyuta ehtiyatları 1,8 milyard dollardan 51,1 milyard dollara qədər yüksəlib.
Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında respublikamız 28-ci yerdədir və Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Eyni zamanda, inkişaf etməkdə olan 74 ölkə arasında aparılmış araşdırmaya əsasən, Azərbaycan dünya miqyasında inklüziv inkişaf indeksi üzrə üçüncü, əhalinin elektrik təchizatı səviyyəsinə görə ikinci, islahatçı obrazı əmsalına görə beşinci, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu, siyasi sabitliyi təmin etməsinə və dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir.
COVID-19 pandemiyası ötən bir il ərzində dünya iqtisadiyyatına zərbələr vurub və 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub. Əlbəttə ki, dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın iqtisadiyyatı da zərər görüb. Lakin dövlətimiz digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Amma bunun əvəzində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Bu isə real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.
Biz sosial-iqtisadi sahənin digər sferaları üçün də rəqəmləri nümunə kimi gətirə bilərik. Onların hər biri yalnız müsbət dinamikanı göstərir. Həm də bu proses davamlı və dayanıqlı olub. Bu cür dinamika birbaşa ölkə rəhbərliyinin davamlı və sistemli olaraq həyata keçirdiyi islahatlar sayəsində özünü göstərib.
Dövlət başçısı İlham Əliyev son 17 ildə səmərəli, sistemli, düşünülmüş və milli dövlətçiliyin möhkəmlənməsinə xidmət edən proqramları cəmiyyətin bütün sferalarında inamla həyata keçirib. İqtisadi proqramlar siyasi, sosial, mədəni, hərbi proqramları tamamlayıb. Nəticədə, bütövlükdə sistemli və davamlı inkişaf dinamikası meydana gəlib. Neft siyasəti büdcə gəlirlərini artırmaqla yanaşı, qeyri-neft sektorunda inkişafı stimullaşdırıb, əhalinin həyat səviyyəsini yüksəltmək şansını artırıb, ordu quruculuğuna daha çox vəsait ayırmağa imkan yaradıb, əhəmiyyətli enerji layihələrini həyata keçirməyə əsas verib və valyuta ehtiyalarının artım dinamikasını saxlamağa şərait yaradıb. Bunun fonunda Azərbaycanın dövlət başçısı əhalinin sosial təminatı, əmək haqqı və pensiya təminatında əhəmiyyətli proqramlar reallaşdırıb. Azərbaycan vətəndaşı daha yüksək gəlirlər əldə etməyə nail olub.
Bu cür proseslərin fonunda Prezidentin daxili və xarici siyasəti uyğunlaşdırması və həmin kontekstdə ordu quruculuğu, təhlükəsizliyin təmini və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımlar çox səmərəli olub. Daxili siyasətdə dövlət başçısı güclü dövlətlə yanaşı, güclü cəmiyyət yaratmağın da çox əhəmiyyətli olduğunu sübut edib. Bunun üçün cəmiyyətə özünü inkişaf etdirmək imkanı vermək lazım idi. Prezident İlham Əliyev həmin məqsədə çatmaq üçün multikulturalizmi dövlət siyasəti səviyyəsinə yüksəldən yeganə liderdir. Multikulturalizm həm də Ermənistanın apardığı anti-Azərbaycan təbliğatını heçə endirdi. Belə ki, dünya Azərbaycan cəmiyyətinin demokratik, tolerant və humanist olduğunu gördü. Bu istiqamətdə dövlət başçısının multikultural dəyərlər əsasında dinlər, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun təmininə həsr edilmiş xüsusi tədbirlər həyata keçirməsi ayrıca rol oynadı.
Bu bağlılıqda Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, “Bakı prosesi”, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində aparılan siyasət öz müsbət bəhrəsini verdi və indi də verməkdədir. Dünyanın böyük əksəriyyəti Azərbaycanın haqlı mövqedə olduğuna, daim inkişaf etməyə qətiyyət göstərdiyinə və əməkdaşlıq paradiqmasına üstünlük verdiyinə bir daha əmin oldu.
Bunlar Azərbaycanın xarici siyasətdə çox dinamik fəaliyyəti fonunda baş verirdi. Azərbaycan postsovet məkanında yeganə dövlət oldu ki, səsvermə yolu ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Özü də bu prosesdə Ermənistan üzərində qələbə çaldı. Rəsmi Bakı bütün beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkarlığını sübut etdi və uyğun sənədlər qəbul edilməsinə nail oldu.
Bunlarla yanaşı, Azərbaycan Prezidentinin təşəbbüsü yeni əməkdaşlıq formatları yarandı. Azərbaycan Ermənistandan başqa bütün qonşuları ilə işgüzar münasibətlər qurmaqla həm də regionun lideri kimi özünü təsdiq etdi. Bütövlükdə, Azərbaycanın həm regional miqyasda, həm də beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini inkişaf etdirməsi ölkəmizin diplomatik üstünlüyünü təmin etməklə yanaşı, dünya siyasətində mövqeyini daha da möhkəmləndirdi. Bütün bunlar Azərbaycanı bir dövlət olaraq həm regionun lideri statusuna yüksəltdi, həm də ona qarşıda duran əsas problemi həll etmək imkanı yaratdı. Ermənistanın havadarlarının gözləmədiyi bir sürətlə Azərbaycan BMT-nin dörd qətnaməsini təkbaşına reallaşdırdı. Bu, faktiki olaraq Cənubi Qafqazda yeni geosiyasin reallığın yaranmasına gətirib çıxardı.
Postkonflikt geosiyasi reallığının memarı: Prezident İlham Əliyev dünyanı heyrətləndirdi
Yuxarıda qısa vurğulanan inkişaf dinamikası və sistemli, ardıcıl siyasət nəticəsində Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa edə bildi. “Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli variantı yoxdur” deyənlər prosesləri heyranlıq içində izləməli oldular. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi-diplomatik, informasiya və hərbi sferalardakı qətiyyətli addımları təcavüzkarı çıxılmaz vəziyyətə saldığı kimi, dünyanın böyük güclərini də geri çəkilməyə məcbur etdi. Azərbaycan yeni geosiyasi reallığı siyasət, informasiya, hərbi-təhlükəsizlik istiqamətlərində yaratdı.
Bu bağlılıqda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında ifadə etdiyi aşağıdakı fikirlər həmin məqamı dolğun əks etdirir. Dövlət başçısı deyib: “Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı: “Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir”.
Bu fikirlərdə regiondakı yeni geosiyasi reallığın mahiyyəti və konkret məzmunu ifadə edilib. Görünür ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün sistemli və ardıcıl olaraq regionda geosiyasi mühiti ona hazırlayıb. Burada başlıca yeri iki məqam tutub: birincisi, böyük dövlətlər ilə dostluq əlaqələrini möhkəmlədərək onların ədalətli və tərəfsiz mövqe tutmalarını təmin etmək; ikincisi, Azərbaycanda “güclü dövlət üstəgəl güclü cəmiyyət” formulunda güclü ordu faktorunu geniş olaraq bərqərar etmək.
Hər iki istiqamətdə uğur qazanmaq üçün isə yuxarıda vurğuladığımız nailiyyətləri qazanmaq lazım idi. Azərbaycan ərazi bütövlüyünün təmini hərəkatına başlayanda buna tam hazır olduğunu nümayiş etdirdi. Həmin kontekstdə geosiyasi reallığı dəyişən başqa vacib məqamı mütləq vurğulamaq gərəkdir. Biz Prezident İlham Əliyevin Vətən müharibəsi dönəmində siyasi-diplomatik, hərbi və informasiya fəaliyyətini yüksək səviyyədə uyğunlaşdıra bilməsini nəzərdə tuturuq. Çox intensiv olaraq cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərə verdiyi müsahibələrində Azərbaycan dövlətinin mövqeyini ustalıqla ifadə etdi. Hətta onların bəzilərinin həqiqəti qəbul etməsi üçün böyük səbir göstərdi və çoxlu arqumentləri soyuqqanlılıqla jurnalistlərə çatdırdı. Paralel olaraq ölkənin rəsmi və informasiya dairələrinin Ermənistanın həyata keçirdiyi vəhşilikləri geniş surətdə dünyaya çatdırması təmin edildi.
Şübhə yoxdur ki, Prezidentin məhz bu istiqamətdəki fəaliyyəti köhnə, konfrontasiyaya köklənmiş geosiyasi xəttin sınmasında ciddi rol oynadı. Təbii ki, burada Azərbaycan Ordusunun hərbi uğurlarını qətiyyən unutmaq olmaz. Ali Baş Komandan kimi İlham Əliyev Ordu qarşısında real vəzifələr qoydu və inamla prosesi irəliyə doğru apardı.
Vurğulanan aspektdə Prezident İlham Əliyev haqlı olaraq ifadə edib: “...Bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb”.
Həqiqətən, Azərbaycan faktiki olaraq geosiyasi aspektdə konfrontasiya xəttini sındıraraq, yeni əməkdaşlıq yolu açıb. Bununla yeni geosiyasi reallığın mərkəzi punktunu əməkdaşlıq və təhlükəsizlik təşkil edir. Bu iki faktoru birləşdirən mexanizm isə dialoqdur. Dialoq İlham Əliyevin mövqeyinə görə yeni regional əməkdaşlıq formatını reallaşdırmağa imkan yaradacaq. Azərbaycan Prezidenti həmin formulu artıq təklif edib, o, ekspert dairələrində “3+3” və ya “5+1” əməkdaşlıq formulu kimi məşhurdur.
Deməli, yeni geosiyasi reallığın siyasi-diplomatik rəmzi “3+3” (“5+1”) formuludur ki, bunun da təşəbbüskarı cənab İlham Əliyevdir. Bu formulun reallaşması üçün konkret təkliflər də artıq hazırdır. Onların bir qismi haqqında Prezident İlham Əliyev fikir bildirib. Dövlət başçısı deyib: “İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin”.
Buradan görünür ki, Prezident üçün kommunikasiya xətlərinin açılması ilə yanaşı, Azərbaycanın liderliyini saxlaması da ciddi əhəmiyyət kəsb edir. Və ya kommunikasiyaların açılması Azərbaycanın regional liderliyini təmin etməkdə böyük rol oynaya bilər. Görünür, məhz bu səbəbdəndir ki, İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinin işə düşməsinə əngəl törətdiyini, lakin bunun aradan qaldırılacağını ayrıca vurğulayıb. Ekspertlər də Zəngəzur dəhlizinin yalnız regional deyil, beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayırlar.
Beləliklə, yuxarıda vurğulanan məqamlar bir daha təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Bu yeni mənzərənin iki özəlliyi vardır: birincisi, regional əməkdaşlıqla beynəlxalq miqyasda əməkdaşlıq arasında daha uyğun şərait meydana gəlib; ikincisi, Azərbaycan bundan sonra da regionun lideri olaraq qalacaq!
Kamal Adıgözəlov
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

