Azərbaycan Ordusu Vətən müharibəsində xalqımızın yeni şanlı qəhrəmanlıq tarixini yazdı
19.03.2021 [09:37]
Prezident İlham Əliyev: Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir
Azərbaycan dövlətinin Vətən müharibəsində möhtəşəm qələbə qazanması və torpaqlarımızın işğaldan azad edilməsi qürurvericidir. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev müharibənin başa çatmasından ötən dörd ay ərzində işğaldan azad olunan ərazilərə dəfələrlə səfərlər edib, bu səfərlər çərçivəsində mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimlərinə qatılıb, hərbçilərlə görüşüb, bərpa işlərinin aparılması ilə bağlı dəyərli tövsiyələrini verib.
Xəbər verildiyi kimi, martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında, martın 16-da isə yenidən Şuşa şəhərində olublar. Dövlət başçımız bəhs olunan səfəri çərçivəsində bir sıra tədbirlərə qatılıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb. Dövlət başçımız tədbirdəki çıxışında 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin apardığı uğurlu əməliyyatlardan, müharibənin başa çatmasından qısa vaxt ötməsinə baxmayaraq, ölkəmizin işğaldan azad edilən ərazilərdə quruculuq işlərinə başlamasından ətraflı bəhs edib. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə üçrəngli bayrağımızın dalğalandığını qürur hissi ilə diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”.
Ordumuz Vətən müharibəsində torpaqlarımızın böyük bir qismini bilavasitə döyüş meydanında işğaldan azad edib
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibə Azərbaycan üçün ədalətli, işğalçı Ermənistan üçün isə ədalətsiz xarakter daşıyırdı. Düşmən işğalçılıq siyasətini davam etdirmək və yeni ərazilər ələ keçirmək niyyəti güdürdü. Azərbaycanın yeganə məqsədi isə özünün ərazi bütövlüyünü təmin etmək idi və buna nail oldu. Qələbəmizə kölgə salmaq istəyən bəzi qüvvələr bildirirlər ki, Azərbaycan müharibədə yalnız yeddi rayonu geri qaytarıb. Bu, belə deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Ordumuz üç onillik ərzində düşmənin işğalında qalan torpaqlarımızın böyük bir qismini bilavasitə döyüş meydanında azad etməyə nail oldu. Hadrut qəsəbəsi də Ordumuzun döyüş əməliyyatlarında işğaldan azad etdiyi yaşayış məntəqələrimizin sırasında yer alır. Hadrutun işğaldan azad edilməsindən sonra Silahlı Qüvvələrimiz Şuşaya istiqamət götürdü. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra müharibəni davam etdirmək iqtidarında olmadığını anlayan düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Sözügedən Bəyanatla üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz Azərbaycana təhvil verdi. Ümumiyyətlə, Ordumuz 44 günlük müharibədə bütün əməliyyatları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hazırlanan xüsusi planlar əsasında həyata keçirirdi. Müharibədə, bir qayda olaraq, düşmənə onun gözləmədiyi mövqelərdən zərbələr endirilirdi. Güclü texniki təchizata malik Ordumuzun şəxsi heyəti döyüşlərdə yüksək hazırlıq nümayiş etdirdi və innovativ yenilikləri uğurla tətbiq etdi. Azərbaycan Ordusunun Vətən müharibəsində dünya hərb tarixinə bir yenilik gətirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi”, - deyə vurğulayıb.
Azərbaycan Vətən müharibəsi dövründə mülki erməni əhalisinə münasibətdə humanist davranış nümayiş etdirdi
Həm I, həm də II Qarabağ müharibəsi erməni vandalizmini bütün dünyaya nümayiş etdirdi. Ermənilər üç onillik ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində ağlasığmaz vəhşiliklər, dağıntılar törədiblər. Prezident İlham Əliyev Şuşada olarkən işğal dövründə ermənilərin törətdikləri vəhşilikləri bir daha xatırladıb. “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ermənistanın saysız-hesabsız müharibə cinayətlərindən söhbət açarkən işğalçı dövlətin üç onillik ərzində daim azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçməsi, 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə törətdiyi vəhşilikləri xatırlamamaq mümkün deyil. Məkrli düşmən 44 günlük müharibədə də bu kimi qeyri-humanist əməllərini davam etdirdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan erməni hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi dəfələrlə artilleriya atəşinə məruz qoydu və nəticədə 100-dək dinc sakin həyatını itirdi.
Azərbaycan isə öz ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə mülki erməni əhalisinə münasibətdə humanist davranış nümayiş etdirdi. Silahlı Qüvvələrimizin əsgər və zabitləri müharibə dövründə mülki obyektləri, dinc əhalini atəşə tutmadı. Əksinə, humanitar dəhlizlər açıldı və ermənilər təhlükəsiz şəkildə münaqişə bölgəsini tərk etdilər. Müharibədə əsir düşən erməni hərbçilərə zəruri tibbi yardım göstərildi. Girovların geri qaytarılmasında da respublikamız humanizm mövqeyindən çıxış etdi. İndiyədək ölkəmizdən Ermənistana daha çox sayda hərbi əsir qaytarılıb.
İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb
Müharibəni qələbə ilə başa çatdıran Azərbaycan üçün yeni strateji mərhələ başlayıb. Ölkəmizin qarşısında üç onillik ərzində düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi bərpa etmək, Böyük Qayıdış planını uğurla reallaşdırmaq kimi mühüm vəzifələr durur. Şübhə yoxdur ki, güclü dövlət olan Azərbaycan bu vəzifələrin də öhdəsindən gəlməyi bacaracaq. Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı işğaldan azad edilən ərazilərdə başlanan quruculuq-bərpa işləri barədə ətraflı məlumat verib. “Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”, - deyə dövlətimizin başçısı bildirib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə müxtəlif infrastruktur layihələrinin icrası paralel şəkildə həyata keçirilir. Füzulidə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan beynəlxalq hava limanının inşası intensiv şəkildə davam etdirilir. Bundan başqa, işğaldan azad edilən ərazilərdə daha iki beynəlxalq hava limanının inşası nəzərdə tutulur. Qısa müddətdə Şuşaya içməli su çəkilib. Şəhərə alternativ mənbələrdən suyun çəkilməsi istiqamətində də işlər aparılır. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Şuşaya elektrik enerjisinin verilməsi təmin olunub. “Azərenerji” də şəhəri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yüksəkgərginlikli xətlər çəkir və elektrik yarımstansiyasının inşasını həyata keçirir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasiminə qatılıb. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərimizə son səfəri çərçivəsində təməlini qoyduğu Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək. Dövlət başçımızın təməlqoyma mərasiminə qatıldığı Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək. Prezident İlham Əliyev, həmçinin Şuşada aparılan quruculuq işləri ilə tanış olub. Üç onillik davam edən işğal dövründə ermənilər tərəfindən dağıdılan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Şuşanın əsasını qoyan Pənahəli xanın sarayı, Şuşa şəhərinin mərkəzi meydanında yerləşən XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksi, Şuşa Dövlət Rəsm Qalereyasının binası, “Qarabağ” mehmanxanası, Park hotel, keçmiş sanatoriya korpusu xüsusi layihələr əsasında bərpa olunacaq. Artıq bir sıra obyektlərdə bərpa işlərinə başlanıb. Ayrı-ayrı layihələri, o cümlədən də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpasını Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Fond həyata keçirəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

