Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

14.07.2021 [09:06]

1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq oldu
İnkaredilməz həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb, çox mühüm nailiyyətlər qazanılıb.
Əvvəla, tarixə ekskursiya etdikdə görürük ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Sirr deyil ki, 1969-cu ilədək Azərbaycan keçmiş SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış respublikaların başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olması Azərbaycanın sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji faktor kimi çıxış etdi. Ümummilli Lider Heydər Əliyev hələ sovet dönəmində respublikamızın gələcək inkişafı üçün möhkəm təməllər yaratmağa nail oldu.
İlk növbədə, sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı, neft hasilatı xeyli artırıldı. Bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu.
Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də həyata keçirilən strateji əhəmiyyətli tədbirlərin uğurlu olmasını şərtləndirdi. Təhsil sektorunda görülən işlər, eyni zamanda, kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr verdi. Təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə vacib töhfə idi. Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliğinə əlavə təkan oldu.
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə mühüm dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəliliyini daha da artırdı.
Eyni zamanda, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin qorunması və təbliği baxımından mühüm tarixi-strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.
Beləliklə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı
Müstəqillik illərində isə Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək tərəqqi yoluna çıxardı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması mümkün oldu. Ölkəmizdə hökm sürən xaotik meyillərin neytrallaşdırılmasında, mürəkkəb ictimai-siyasi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin təmin edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birincidərəcəli amil kimi xüsusi rol oynadı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Sabitliyin təmin olunması, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlanıldı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın xarici əlaqələri genişləndi, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi.
Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı.
Ümummilli Liderin ideyaları əsasında inkişaf edən qüdrətli Azərbaycan tarixi nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir çağırışlara cavab verən praqmatik strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib. Ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Digər tərəfdən, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq güclənir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılır.
Ən əsası, beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Başqa sözlə, zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Heç şübhəsiz, 44 günlük Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir.
Əlbəttə, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, eyni zamanda, tarixi ədalətin təmin olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail oldu. Digər tərəfdən, Azərbaycanın möhtəşəm qələbə qazanmaqla yaratdığı geostrateji reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə, region dövlətləri üçün də mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda bölgədə yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir.
Mühüm məqamlardan biri budur ki, postmünaqişə mərhələsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər miqyasına görə regional, strateji əhəmiyyətinə görə isə qlobal xarakterlidir. İndiki mərhələdə Azərbaycan Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Azərbaycanın fəal iştirakı və üstün mövqeyi fonunda cərəyan edən bütün bu proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Bunlarla yanaşı, Azərbaycanın qarşısında duran əsas strateji hədəflərdən biri işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin həyata keçirilməsidir ki, bu istiqamətdə də məqsədyönlü tədbirlər görülür. Heç şübhəsiz, bu strateji tədbirlər təkcə həmin bölgələrin dirçəlişi deyil, həm də Azərbaycanın inkişafında yeni mərhələnin başlanmasına təkan olacaq.
Beləliklə, ötən 18 ilə yaxın dövrün mənzərəsinə və bütövlükdə, reallıqlara nəzər saldıqda görünür ki, Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli lider və müzəffər sərkərdədir. Əlbəttə, bütün bu müsbət reallıqlar, qazanılan nailiyyətlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam və qətiyyətlə dəstəkləyir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31