Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb və yeni dövr başlayıb

Ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb və yeni dövr başlayıb

17.07.2021 [09:25]

Prezident İlham Əliyev: Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 günlük müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Onu da qeyd edək ki, ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki çıxışında müharibə dövrünün arxada qaldığını diqqətə çatdıraraq vurğulayıb ki, indi isə yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. “Biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Üç onillik ərzində davam edən və artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərən Azərbaycan aparılan sülh danışıqlarında daim konstruktivlik göstərməklə paralel şəkildə özünün iqtisadi gücünü artırdı, maliyyə imkanlarını genişləndirdi və müasir, güclü ordu yaratmağa nail oldu. Vətən müharibəsində şanlı Qələbəmiz də məhz Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın həmrəyliyi və yenilməz ruhu sayəsində əldə olundu. Düşmən üç onillik ərzində öz nəzarəti altında saxladığı ərazilərimizdə böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə istehkamlar qurmuşdu və elə hesab edirdi ki, Azərbaycan Ordusu bu çoxpilləli sədləri heç vaxt keçə bilməz. Ancaq rəşadətli Azərbaycan əsgər və zabitləri yüksək peşəkarlıq, Vətənə sonsuz məhəbbət nümayiş etdirərək işğalçı Ermənistanın silahlı birləşmələrini darmadağın etdi. Ölkəmiz tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü sırf öz gücü ilə təmin etdi. Vətən müharibəsinin nəticələrindən qürur hissi ilə söhbət açan Prezident İlham Əliyev deyib: “Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq”.
Üç onillik ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində misli görünməmiş vandalizm əməlləri və müharibə cinayətləri törədən Ermənistanda bəzi qüvvələr siyasi ambisiyalarını reallaşdırmaq naminə postmüharibə dövründə populist mövqe sərgiləyirlər. Düşmən ölkədə belə qüvvələr həm hakimiyyətdə, həm də müxalifətdə yer alırlar. Onlar revanşist fikirlər səsləndirərək dırnaqarası Dağlıq Qarabağa hansısa status verilməsindən danışırlar. Belə iddiaların hər hansı bir izahı yoxdur. Prezident İlham Əliyev bu mövzuda Azərbaycanın prinsipial mövqeyini bir daha nəzərə çatdıraraq “Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, Mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”, - deyə bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Fərmana əsasən, respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edilib. Dövlət başçısının müvafiq Fərmanı ilə təsdiqlənən iqtisadi rayonların yeni bölgüsünə əsasən, Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edən Qarabağ iqtisadi rayonu yaradılıb. İşğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunda birləşir. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi sosial-iqtisadi və tarixi-mədəni bağlılıqlara əsaslanır. Əslində, yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Qarabağın bütövlüyünü, tamlığını simvolizə edir. Tarixdən də bəlli olduğu kimi, zamanında Qarabağa “dağlıq” sözü müəyyən siyasi məqsədlər üçün yamaq edilmişdi.
Azərbaycanda dövlət başçısının Fərmanı əsasında Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının formalaşdırılması Ermənistanda isterika yaradıb. Aydındır ki, “Dağlıq” sözünün Qarabağa yamaq edilməsi tarixi sənədlərdə öz əksini tapıb. Digər tərəfdən, Şərqi Zəngəzur və Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi uzaq yox, yaxın tarixi əhatə edir. Bu, cəmi 101 il bundan əvvəl baş verən hadisədir. Prezident İlham Əliyev tarixi torpaqlarımıza qayıdacağımıza əminliyini bildirərək deyib: “Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.
Ermənistan sülh müqaviləsi imzalamaqdan yayınsa, bu, onun növbəti böyük səhvi olacaq
Azərbaycan sülhsevər dövlətdir. Ölkəmiz heç vaxt müharibə istəməyib. Bizim yeganə istəyimiz və tələbimiz zamanında zor gücünə zəbt edilən torpaqlarımızın geri qaytarılması olub. Azərbaycan 44 günlük Vətən müharibəsində buna nail olduqdan sonra da sülh çağırışları edir. Dövlət başçımızın dəfələrlə bildirdiyi kimi, biz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyirik. Prezident İlham Əliyev bəhs olunan çıxışında ölkəmizin sülh istəyini bir daha nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı bildirib: “Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır”.
Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasəti bu ölkəyə heç bir xeyir gətirməyib. Belə ki, Azərbaycanın məqsədyönlü siyasəti sayəsində bu ölkə bütün regional layihələrdən kənarda qalıb. Hazırda forpost dövlət investisiya cəlbediciliyini bütünlüklə itirən dalan ölkə timsalındadır. Həmçinin iqtisadiyyatı çökən bu ölkənin siyasi müstəqilliyi də formal xarakter daşıyır.
Müharibədən sonra forpost dövlət respublikamıza qarşı sərgilədiyi ərazi iddialarından əl çəkməlidir. İndiki mərhələdə sərhədlərin delimitasiyası işlərinə start verilməlidir. Yeri gəlmişkən, beynəlxalq təşkilatlar da iki ölkə arasında sərhədlərin delimitasiya məsələsinə müsbət münasibət sərgiləyiblər. Ermənistan müharibədən sonrakı mərhələnin reallıqlarını düzgün dəyərləndirməlidir. Azərbaycanın təklifləri qalib ölkənin, güclü tərəfin, müzəffər xalqın təklifləridir və məğlub dövlət də bunu nəzərə almalıdır.
Vacib bir məqamı da vurğulamaq yerinə düşər. Yuxarıda bəhs etdiyimiz üçtərəfli Bəyanata əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurdan keçməklə yaradılacaq nəqliyyat-kommunikasiya dəhlizi yalnız respublikamızın deyil, həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. Praqmatik siyasət aparacağı təqdirdə, Ermənistanın özü də regionda yaranan yeni reallıqlardan faydalana bilər.
Mübariz Abdullayev

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31