İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29.07.2021 [08:49]
Prezident İlham Əliyev: Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik
Azərbaycan artıq 8 aydır ki, postmüharibə dövrünün reallıqlarını yaşamaqdadır. Bu mərhələdə ölkəmizin qarşısına çıxan çağırışlar da kifayət qədər aktualdır və geniş əhatəyə malikdir. Praqmatik siyasət kursuna malik olan Azərbaycan postmüharibə mərhələsində öz gündəliyini yeni reallıqlara və çağırışlara adekvat olaraq müəyyənləşdirib. Respublikamız indiki mərhələdə də yüksək fəallıq göstərir və ayrı-ayrı vacib məsələlərin həllində yenə də konseptual yanaşma ortaya qoyur. Dövlət başçımızın müəyyənləşdirilən hədəflərlə bağlı Özünün aydın baxışlarını ifadə etməsi onu deməyə əsas verir ki, ölkəmiz indiki strateji mərhələdə də uğurlara imza atacaq. Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri çərçivəsində Daşkəsəndə “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədikdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə “Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik”, - deyə bildirib.
Cari ilin sonunadək işğaldan azad edilmiş torpaqlarda - həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatının qurulması işləri başa çatdırılacaq
İşğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Görülən işlər barədə ictimaiyyətə müntəzəm məlumatlar verilir. Əlamətdar haldır ki, işğaldan azad olunmuş ərazilərin sakinləri - keçmiş köçkünlər də bərpa işlərinə cəlb olunublar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin ardıcıllığına gəldikdə, burada minaların təmizlənməsi birincidərəcəli vəzifə kimi müəyyənləşdirilib. “Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır”, - deyə Prezident İlham Əliyev bildirib.
Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minaya düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Prezident İlham Əliyev mina xəritələrinin Azərbaycana verilməməsini və yaxud bunun hansısa şərtlərlə verilməsini Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq, normal insani davranışa zidd olan yanaşma kimi səciyyələndirib. Həqiqətən də, bu, bir daha Ermənistanın ölkəmizə və xalqımıza qarşı olan nifrətini, düşmənçiliyini təzahür etdirir.
Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Prioritet istiqamət kimi, işğaldan azad edilmiş bütün ərazilərin dayanıqlı enerji təchizatına nail olunması müəyyənləşdirilib. Bununla bağlı planları diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları”.
Bəhs olunan ərazilərin iqtisadi potensialı, o cümlədən bərpaolunan enerji resursları kifayət qədər böyükdür. Azərbaycan həmin resurslardan maksimum səmərə ilə istifadə etmək və işğaldan azad olunmuş ərazilərdə 10-dan çox su elektrik stansiyası yaratmaq niyyətindədir. Beləliklə, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki bərpaolunan enerji mənbələri hesabına ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğaldan azad edilən əraziləri “yaşıl enerji” zonası elan edib.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib. Ancaq işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub. Məsələn, təkcə Laçın rayonunun ərazisində 5 su elektrik stansiyası sıradan çıxarılıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə səfərləri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Şuşada isə 110/35/10 kilovoltluq yarımstansiya istifadəyə verilib. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib və layihənin icrası yaxın vaxtlarda təmin ediləcək. Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərin zəngin enerji mənbələrindən istifadə olunmasına xarici şirkətlər də investisiyalar yönəldəcəklər. Bunu önəmli hadisə kimi səciyyələndirən Prezident İlham Əliyev “200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır”, - deyə vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı layihələrin icrası intensiv şəkildə davam etdirilir
İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. Burada yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması digər prioritet istiqamət kimi müəyyənləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə üç hava limanının tikintisi planlaşdırılıb. Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Burada uçuş-enmə zolağının inşasının cari ilin sonlarınadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, yenə də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda beynəlxalq hava limanının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə daha bir beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində nəzərdə tutulub.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər intensiv şəkildə davam etdirilir. Qeyd edək ki, Vətən müharibəsində igid hərbçilərimiz bizim hamımız üçün əziz olan Şuşaya məhz Zəfər yolunun keçdiyi ərazidən daxil olublar və misilsiz şücaətlər göstərərək şəhəri işğaldan azad ediblər. Məlumat üçün bildirək ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Artıq Zəfər yolunda asfaltlama işləri aparılır. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq. Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində körpü inşa edilir. Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Yol üzərində, ümumilikdə, iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr təşkil edəcək. Paralel şəkildə 4-6 zolaqlı Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları çəkilir. Kəlbəcər və Laçın rayonlarında çəkilən hərbi əhəmiyyətli yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Göygöldən Ömər aşırımı üzrərindən çəkilən yol Kəlbəcərə rahat gediş-gəlişi təmin edəcək. Bəhs olunan yolun əhəmiyyəti həm də ondan ibarətdir ki, Göygöl də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turizm məkanları ilə bağlanmış olacaq. İşğaldan azad olunmuş ərazilərdə böyükmiqyaslı işlərin görülməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.
İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma işləri də plan əsasında həyata keçirilir. Azərbaycan yaşayış məntəqələrinin bərpasında “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarını tətbiq edir. Artıq Ağdamın Baş Planı təsdiqlənib. Yaxın vaxtlarda Füzulinin, Cəbrayılın Baş planları ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Zəngilan şəhərinin Baş Planının hazırlanması prosesinə başlanıb. Həmçinin xüsusi layihələr əsasında Qubadlı, Laçın və Kəlbəcər şəhərləri də yenidən qurulacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

