Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır

Azərbaycan ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır

07.09.2010 [12:43]

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Beyləqan rayon təşkilatının yeni binasının tikintisinin gedişi ilə tanış olub
Xəbər verdiyimiz kimi, sentyabrın 3-də Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beyləqan və Füzuli rayonu istiqamətində cəbhə xəttində N saylı hərbi hissədə olmuş, əsgər və zabit heyəti ilə görüş keçirmişdilər. YAP-ın nümayəndə heyətinə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvləri-Milli Məclisin deputatları Musa Quliyev, Mirkazım Kazımov, Milli Məclisin deputatı Əhəd Əhmədov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev daxil idi.
Səfər çərçivəsində YAP-ın təmsilçiləri hərbçilərin şəraiti ilə tanış olub, onların döyüş hazırlığı vəziyyəti ilə maraqlanıb, həmçinin, əsgərlərlə birgə nahar ediblər. Nümayəndə heyətinin üzvləri, həmçinin, müşahidə məntəqəsindən düşmən tərəfinin mövqelərini müşahidə ediblər.
Qeyd edək ki, görüş zamanı YAP tərəfindən hərbçilərə hədiyyələr təqdim edilib.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası mütəmadi olaraq hərbçilərlə görüş keçirir, onların xidmət şəraiti ilə tanış olur, əhval-ruhiyyəsini öyrənir. “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ön cəbhədə dayanan əsgərlərimizin kifayət qədər yüksək döyüş əhval-ruhiyyəsini hiss etdik. Bu əhval-ruhiyyə bizə tam qətiyyətlə belə fikir söyləməyə əsas verir ki, Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz düşməni istənilən an torpaqlarımızdan qovmağa hazırdırlar və onların hər biri Ali Baş Komandanın əmrini gözləyirlər. Biz hərbçilərimizdə Azərbaycan torpaqlarını azad etmək üçün iradə olduğunu, qəhrəmanlıq əhval-ruhiyyəsini gördük” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Bu gün Azərbaycanın güclü ordusunun olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, ordumuz lazımi texnika ilə təchiz olunub və kifayət qədər yüksək nizam-intizama malikdir. Onun fikrincə, bizim ordumuz Azərbaycanın ərazilərini işğaldan azad etməyə tam qadirdir: “Ordumuzda xidmət edən hərbçilər ölkəmizin təhlükəsizliyinin keşiyində əzmkarlıqla dayanırlar və bu təhlükəsizliyin təmin edilməsi istiqamətində öz vəzifələrini layiqincə yerinə yetirirlər”.
Onu da bildirək ki, təmas xəttində xidmət edən hərbçilər sərbəst vaxtlarını da səmərəli keçirir, hətta intellektual oyunlarla da məşğul olurlar. Gənc əsgərlərimiz qonaqlarla da belə oyun oynayıblar. Belə ki, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Anar Məmmədov adlı əsgərlə dama oyunu zamanı heç-heçə edib. ümumiyyətlə, qəzetimizə açıqlama verən YAP İcra katibinin müavini Mübariz Qurbanlı artıq Azərbaycanın güclü ordusunun formalaşdığını bildirib. O, qeyd edib ki, yüksək döyüş hazırlığına malik olan silahlı qüvvələrimiz hər an işğal olunmuş torpaqları azad etməyə qadirdir. “ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, dövlət büdsəsindən müdafiə xərclərinə daha böyük vəsait ayrılır. Bu fakt dövlətimizin orduya olan diqqətinin nümunəsidir. Biz bu gün YAP nümayəndələri olaraq hərbi hissələrimizdəki vəziyyəti əyani şəkildə görürük. Gördüklərimiz isə bizi çox sevindirir. İşğalçı ordu bizim silahlı qüvvələrimizin qarşısında duruş gətirmək iqtidarında deyil” - deyə, M.Qurbanlı vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev bildirib ki, YAP nümayəndələri tez-tez cəbhə bölgəsinə səfər edir, əsgərlərin vəziyyəti ilə tanış olurlar. Bu səfər də həmin səfərlərdən biridir. “Beyləqan bölgəsində N saylı hərbi hissədə görüşlərimiz zamanı bir daha Azərbaycan ordusunun qüdrətini, sağlam əhval-ruhiyyəni, hərbçilərimizin hər an döyüşə hazır vəziyyətdə olduğunu gördük. Və Ali Baş Komandanın əmri ilə bir həmlədə düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etmək qüdrətini və arzusunu, əsgərlər üçün yaradılmış şərait qənaətbəxş olduğunu gördük. Kazarmalar səliqəli, təmiz idi. Əsgərlərimizlə nahar da etdik. Bütün bunlar mənim üçün çox yaddaqalandır və onu göstərir ki, ordumuza dövlət tərəfindən göstərilən qayğı çox yüksək səviyyədədir və bu qayğı Vətənin toxunulmazlığına göstərilən qayğıdır. Biz Füzuli bölgəsində göylərə yüksələn Azərbaycan bayrağını da gördük. Bu bayraq işğal olunmuş torpaqlarımızdan da görünür. İnanırıq ki, gec-tez Azərbaycan bayrağı qüdrətli ordumuzun sayəsində ölkəmizin bütün hüdudlarında dalğalanacaq” - deyə, M.Quliyev qeyd edib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov da səfər təəssüratlarından razı qaldığını deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verir və bu ordu dünyanın müxtəlif qaynar nöqtələrində sülh və təhlükəsizliyə xidmət edir. Millət vəkili deyib ki, ordumuzun güclü olduğunu müxtəlif beynəlxalq dairələr də etiraf edir. “Ona görə də, işğalçı Ermənistan ciddi düşünməlidir. Təcavüzkar Ermənistan sülh yolu ilə torpaqlarımızı tərk etməsə, Azərbaycan ordusu onlara öz yerini göstərəcək” - deyə, millət vəkili qeyd edib.
Silahlı Qüvvələrimizin komandir heyəti də torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözlədiklərini deyib: “Ordumuz qısa müddətdə işğalçıları torpaqlarımızdan qovmağa hazırdır. Bütün hərbçilər belə bir əmr olarsa, döyüşə getməyi, torpaqlarımızı azad etməyi səbrsizliklə gözləyir”.
Qeyd edək ki, cəbhə bölgəsinə səfər çərçivəsində YAP-ın nümayəndə heyəti Beyləqan şəhərində də olub. Partiyanın nümayəndə heyətinin üzvləri öncə rayonun mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstəsi düzüblər. Daha sonra YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP Beyləqan rayon təşkilatının yeni binasının tikintisinin gedişi ilə tanış olub. Əli Əhmədova məlumat verilib ki, ikimərtəbəli yeni inzibati binanın hər mərtəbəsi 250 kvadratmetrdir. Burada qərargahın normal iş fəaliyyəti üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. YAP Beyləqan rayon təşkilatının yeni binasının tikintisi təxminən iki ay müddətində başa çatdırılacaq.
YAP nümayəndə heyəti, həmçinin, Beyləqan rayonunun Tarix-diyarşünaslıq muzeyini və “Azərbaycanlıların Soyqırımı” abidəsini də ziyarət edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 996 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30