Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Qırğızıstan -Tarixin izi ilə...

Azərbaycan-Qırğızıstan -Tarixin izi ilə...

14.10.2022 [09:56]

Mübariz ABDULLAYEV

Elə ölkələr var ki, onlar arasında münasibətlər yaxın tarixdə formalaşıb və sırf diplomatik-protokol səciyyəsi daşıyır. Perspektivdə də əlaqələrin bundan artıq intensivləşməsi və dərinləşməsi gözlənilmir. Azərbaycan və Qırğızıstan arasında münasibətlər isə tamam fərqli rakursdan diqqət çəkir. İki ölkəni yaxınlaşdıran çoxsaylı amillər sadalamaq mümkündür.

Bir ağacın qol-budaqları

Azərbaycanla Qırğızıstan arasında hazırda yüksək dinamikaya malik əlaqələrdən söhbət açarkən ilk növbədə tarixi bağlılığı qeyd edə bilərik. Xalqlarımız bir əzəmətli ağacın eyni kökdən gələn və rişələnən budaqlarıdır. Azərbaycan və qırğız xalqları eyni dinin daşıyıcılarıdırlar, oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər. Hər iki xalqın folklorunda və yazılı ədəbiyyatında hətta eyni personajlara belə rast gəlmək mümkündür. Nə demək olar, bu, tarixdir. Zaman ötüb keçib, Türk soyu da pərvazlanıb, qol-budaq ataraq şaxələnib. Əcdadlarımız böyüdükcə, saylarını artırdıqca eyni məkana sığmayıblar, yeni-yeni ərazilərə gələrək özlərinə yurd-yuva qurublar, dövlətlər yaradıblar. Gen yaddaşı isə eyni soyun daşıyıcılarında daim qalıb və gözəgörünməz cazibə qüvvəsi tək onları bir-birinə doğru çəkib. Azərbaycan və Qırğızıstanın müxtəlif dönəmlərdə müəyyən gəlişmələr səbəbindən bir-birlərindən uzaq düşmələrlə üzləşsələr də, bu gün çox sürətlə yaxınlaşmaları məhz heç vaxt mahiyyətini dəyişməyəcək və əhəmiyyətini itirməyəcək tarixi səbəblərlə bağlıdır. Sevindirici haldır ki, hazırda Azərbaycanda və Qırğızıstanda yaxınlaşmağa, əlaqələrin daha yüksək səviyyəyə qalxmasına cəmiyyətlər səviyyəsində böyük istək var, eyni zamanda, dövlətlər, liderlər-Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov səviyyəsində də buna güclü siyasi iradə ortaya qoyulur.

Münasibətlərdə Ulu Öndər Heydər Əliyevin səyləri ilə başlayan yüksəliş

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində tarixi proseslərin məntiqi nəticəsi olaraq keçmiş İttifaqın süqut etməsi ilə Azərbaycan və Qırğızıstan dövlət müstəqilliyi qazanmağa nail oldular. İki ölkə arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlayıb. Qırğız Respublikası Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamına əsasən, bu ölkənin Azərbaycanda səfirliyi təsis edilib.

Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər Türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türk­dilli ölkələrin dövlət başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstanda səfərdə olub. Ölkə başçısı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib. Görüşdə həmçinin, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilib. Səfər çərçivəsində Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərinə qatılıb.

 Sonrakı illərdə ulu öndər Heydər Əliyevlə Qırğızıstanın yüksək səviyyəli rəsmiləri arasında daha bir neçə görüş baş tutub. Beləliklə də, ikitərəfli əlaqələrdə intensivlik artıb. Prezident İlham Əliyev 2016-cı ildə MDB Dövlət Başçıları Şurasının iclasında, 2018-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Bu səfərlər zamanı keçirilən görüşlər əlaqələrin inkişafına töhfələr verib.

İkitərəfli əlaqələrdə yeni mərhələ

Artıq Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərdə yeni bir səhifənin açıldığını söyləmək mümkündür. “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb”. Bu fikirləri Prezident İlham Əliyev cari il aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində keçirilən geniş tərkibdə görüşdə ifadə edib. Həmin görüşdə Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərin qurulmasında Ulu Öndərin rolunu yüksək dəyərləndirərək varisliyi qoruyub saxladığına və daha da inkişaf etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb: “Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı”.

Aradan yarım il ötəndən sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin dost Qırğızıstana uğurlu dövlət səfəri baş tutub. Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin dinamikasının artmasına böyük önəm verir. Dövlət başçımızın Qırğızıstana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Səmimilik şəraitində keçən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Azərbaycan və Qırğızıstan prezidentləri iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin artırılmasının zəruriliyini gündəmə gətiriblər. Vurğulanıb ki, bunun üçün böyük potensial var. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Səfər çərçivəsində Birinci Dövlətlərarası Şuranın geniş və məhdud tərkibdə görüşləri keçirilib. Hökumətlərarası komissiyanın iclası bir qədər bundan əvvəl Bakıda baş tutub, növbəti iclas isə gələn il Bişkekdə keçiriləcək. Bütün bunlar iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə daha münbit zəmin formalaşdırır. Səfər çərçivəsində həmçinin çoxsaylı sənədlər, o cümlədən Bakı ilə Bişkek şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair memorandum  imzalanıb, eləcə də dövlət başçıları bir sıra açılışlara, mədəni proqramlara qatılıblar. Bişkekdə dövlət başçılarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan təhsil ocaqlarının, dostluq parkının açılışının keçirilməsi tərəflərin mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə də böyük önəm verdiklərini təsdiqləyir.

Türk birliyində əməkdaşlıq

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın ən səmərəli platformalarından biri Türk Dövlətləri Təşkilatıdır. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasındakı çıxışında bildirib ki, bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir.

Ekspertlərin də vurğuladıqları kimi, TDŞ-da əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Bütün bunlar o anlama gəlir ki, perspektivdə Türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək. Cari ilin birinci yarısında ölkəmizin Mərkəzi Asiyada yerləşən 4 Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub. Bu, 2021-ci ildə olan ümumi dövriyyədən 66.5 faiz çoxdur. Bəhs olunan dövrdə Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi isə 4.229 milyon dollar olub. Qırğızıstan, eyni zamanda, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəkləyən ölkələr sırasında yer alır.

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31