Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda həyata keçirilən siyasətin məqsədi ölkəmizi zəngin, qüdrətli dövlətə çevirməkdən ibarətdir

Azərbaycanda həyata keçirilən siyasətin məqsədi ölkəmizi zəngin, qüdrətli dövlətə çevirməkdən ibarətdir

02.04.2011 [12:13]

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Nizami rayon təşkilatı Gənclər Birliyinin fəalları ilə görüşüb
Dünən  Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili  Əli Əhmədov partiyanın Nizami rayon təşkilatı Gənclər Birliyinin fəalları ilə görüşüb. Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva gənclərin partiyanın fəaliyyətində aktiv rol oynadığını deyib.
Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov çıxış edib.  YAP-ın Azərbaycanda ən güclü  siyasi qüvvə olduğunu bildirən Əli Əhmədov gənclərin partiyamızın  əzəmətli dayaqlarından biri olduğunu vurğulayıb. Əli Əhmədov bildirib ki, 530 min nəfərdən çox insanı öz sıralarında birləşdirən  partiyamızın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. “200 minə qədər Azərbaycan gənci YAP-ın üzvü olmaqla öz siyasi talelərini partiyamızla bağlayıblar. Təbii ki, bunun da kökündə ciddi amillər dayanır.  Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurlu siyasət həyata keçirilir və ölkəmizdə gənclərin inkişafına hər cür şərait yaradılıb”, - deyə YAP Sədrinin müavini qeyd edib. Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də dövlətin xüsusi diqqət və qayğısı sayəsində cəmiyyətdə öz bilik və bacarıqlarını nümayiş etdirir, ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər. Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır və bu istiqamətdə səylərini davam etdirirlər.
“Azərbaycan hər bir sahədə ciddi uğurlar əldə edir. Bu nailiyyətləri ifadə edən rəqəmlər,  sadəcə, statistika deyil, Azərbaycanın inkişafının göstəriciləridir. Bu gün ölkəmizin siması dəyişir, Azərbaycan yeniləşir, müasirləşir. ölkəmizin elə bir guşəsi yoxdur ki, orada abadlıq, quruculuq işləri həyata keçirilməsin. Həyata keçirilən siyasət nəticəsində insanların həyatının keyfiyyəti dəyişir, əhalinin sosial rifahı yüksəlir. Bütün bunlar həyatımızın reallıqlarında öz əksini tapır. Əlbəttə ki, insanların həyat səviyyəsi 10 il əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənir. Yəni bu illər ərzində əhalinin sosial rifahı xeyli yüksəlib.  Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasət özünü doğruldur”, - deyə Əli Əhmədov bildirib.
YAP Sədrinin müavini qeyd edib ki, gənclər öz siyasi talelərini bu partiya ilə bağlamaqla tam düzgün seçim ediblər. çünki cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya Azərbaycan gəncliyinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, Azərbaycanda YAP qədər gəncliyə önəm verən, onlar üçün lazımi şərait yaradan ikinci partiya yoxdur. ölkəmizdə gənclər siyasətinin  ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən Əli Əhmədov bildirib  ki, hazırda  bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan hökuməti gəncliyin inkişafı ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirməsi üçün müvafiq addımlar atır. Bildliyiniz kimi, hökumətimiz tərəfindən gənclərimizin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Hesab edirəm ki, həmin gənclər təhsillərini uğurla başa vuraraq dövlətimizin inkişafı istiqamətində öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələr üzrə böyük uğurlar qazanılır. Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır”, - deyə o, vurğulayıb. Əli Əhmədov bildirib ki, məhz göstərilən diqqət və qayğı nəticəsində YAP üzvü olan gənclər cəmiyyətdə özlərini təsdiq edərək tanınırlar, əhəmiyyətli nailiyyətlər qazanırlar. Buna nümunə kimi 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərini göstərən YAP Sədrinin müavini bu seçkilərdə minlərlə gəncin iştirak etdiyini xatırladıb. Onun sözlərinə görə, əgər 2004-cü il bələdiyyə seçkilərinin nəticəsi olaraq yerli özünüidarəetmə orqanlarında gənclərin təmsilçiliyi 3-4 faiz idisə, 2009-cu ildə bu bu göstərici 30 faizə yaxın olub.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirməkdir. Onun sözlərinə görə, hazırda ölkəmizin müasirləşməsi, modernləşməsi istiqamətində əhəmiyyətli addımlar atılır: “Azərbaycan gəncləri yenilikçi olmaqla bu prosesə təkan verməli, müasir çağırışlara cavab verməlidirlər. İstərdik ki, gənclər ictimai-siyasi proseslərdə də daha fəal olsunlar”.
Əli Əhmədovun fikrincə, gənclər yüksək təhsil almaq, müxtəlif faydalı işlərlə məşğul olmaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etməlidir. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bu amilə böyük önəm verir. “Azərbaycan gəncliyi yaxşı təhsil almış, müasir texnologiyaya yiyələnən, istedadlı gənclikdir. Bu isə etibarlı gələcək deməkdir. Ancaq bununla yanaşı, biz istəyirik ki, belə gənclər ölkənin ictimai-siyasi həyatında da fəal olsunlar” - deyə, YAP Sədrinin müavini vurğulayıb.  O qeyd edib ki, gənclər partiyamızın güclü dayaqlarından biridir: “Prezident İlham Əliyev hər zaman gənclərə böyük önəm verir, dövlət başçısının təşəbbüsü ilə ölkədə həyata keçirilən gənclər siyasəti uğurla davam edir. Azərbaycanın ən fəal gəncləri isə məhz YAP-ın sıralarındadır. Son vaxtlar YAP Gənclər Birliyinin fəaliyyəti xeyli genişlənib. ölkənin ictimai-siyasi həyatında partiyanın gəncləri fəal iştirak edirlər. Beləliklə, onlar ölkə Prezidentinin həyata keçirdiyi siyasətə dəstək olurlar”.
Dünyada yeni texnologiyaların yarandığını deyən YAP Sədrinin müavini bu proseslərdən Azərbaycan gənclərinin də yararlandığını qeyd edib: “Bu gün nəinki Azərbaycan, bütün dünya gənclərinin maraq göstərdiyi sosial şəbəkələr formalaşıb. ölkəmizin digər gəncləri kimi, YAP-ı təmsil edən gənclər də bu sosial şəbəkələrdə fəal iştirak edirlər, müzakirələrə qatılırlar. Bütün bunlar gənclərin həyatını əhəmiyyətli dərəcədə dəyişdirib. Belə ki, bu amil nəticəsində onların cəmiyyətə inteqrasiyası sürətlənir, ictimai-siyasi proseslərdə iştirak etmək və ictimai fikirdə öz mövqelərini bildirmək imkanlarını genişləndirir. Nəticədə gənclərlə işin yeni məqamları meydana çıxır. Bütövlükdə hesab edirik ki, ölkə gənclərinin fəal bir hissəsi kimi YAP-ın üzvü olan gənclər respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir və bundan sonra da edəcəklər”.
Bəzi gənclərin ölkəmizin inkişafını istəməyən qüvvələrin təsiri altına düşməsindən təəssüfləndiyini bildirən YAP Sədrinin müavini onları bu yoldan çəkinməyə çağırıb. Onun sözlərinə görə, YAP-ın sıralarında olan gənclər Azərbaycan gənclərinin çox az sayda olan bu hissəsinin xoşa gəlməyən niyyətlərə xidmət etməsini qətiyyətlə pisləyirlər: “Gənclərimiz onları Azərbaycan dövlətçiliyinə xidmət etməyə səsləyirlər və öz nümunələri ilə bunu ortaya qoyurlar. Vurğulamaq istəyirəm ki, Azərbaycan gənclərinin mütləq əksəriyyəti hökumətimizin həyata keçirdiyi siyasəti dəstəkləyir. Onu da bildirmək istəyirəm ki, qara, çirkin qüvvələrə xidmət üçün cəlb edilən gənclər ayılsınlar və özlərinin başqa niyyətlər həyata keçirilməsində vasitə olmalarına imkan verməsinlər, onlar  Azərbaycan dövləti, hakimiyyəti, xalqımızın maraqları ilə bir yerdə olsunlar. Azərbaycanın gələcəyi gənclərdir. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət yalnız bir məqsədə xidmət edir. Bu siyasətin məqsədi Azərbaycanın əhalisi üçün layiqli həyat şəraiti yaratmaq və ölkəmizin gələcəyinin firavan, parlaq olması üçün  lazım olan işləri görməkdir. Biz buna inanırıq, həyata keçirdiyimiz siyasət bundan ibarətdir. Biz istəyirik ki, həmin siyasətin həyata keçirilməsində, firavan, qüdrətli Azərbaycanın qurulmasında ölkəmizin gəncləri də yaxından iştirak etsinlər. çox təəssüfləndirici hal olardı ki, gənclər az sayda olsa da, hansısa çirkin maraqların həyata keçirilməsində vasitə olsunlar”.
Tədbirdə çıxış edən gənc fəallar qarşıda duran vəzifələrdən bəhs ediblər, gənclərin sosial şəbəkələrdən dövlətçilik naminə məqsədyönlü şəkildə istifadə edilməsinin zəruriliyi haqqında fikirlərini bildiriblər.
Qeyd edək ki, tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30