Ekoaksiya dayandırıldı – bərpa hüququ saxlanıldı...
28.04.2023 [17:51]
138 gün davam etmiş aksiya mühüm nəticələrə nail oldu
Azərbaycanın haqq-ədalətə söykənən mövqeyi beynəlxalq aləmdə dəstəklənir
Xəbər verildiyi kimi, Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiya iştirakçıları aksiyanın dayandırılması ilə bağlı qərar qəbul ediblər. Xatırladaq ki, aksiya iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub. Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin təhlükəsizliyinin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təmin edilməsi onları çox sevindirib.
Beləliklə, aksiyanın dayandırılması ilə bağlı qərar qəbul olunub və aksiyanın iştirakçıları olan qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı qəbul edilib.
"Aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq!"
Bəyanatda qeyd olunub ki, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir: “Biz ötən müddətdə gecə-gündüz fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı şüarlar səsləndirmiş, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər və ekofəallar olaraq Azərbaycanın bu sahədə tələbini dünya ictimaiyyətinə çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq!
138 gün ərzində minlərlə iştirakçının qatıldığı ekoloji aksiyada xalqımızın dəstəyini hər zaman hiss etmişik və bu dəstək bizi daha da ruhlandırmışdır. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır və sevindirir. Çünki sərhəd-nəzarət mexanizminin yaradılması yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini təmin etməklə istənilən təxribatın qarşısının alınmasına yönəlib. Azərbaycan ərazilərində qanunsuzluğun qarşısının alınmasına yönəlmiş bu qətiyyətli addım həm də aksiya iştirakçılarının hədəflərinə qismən çatması deməkdir.
Bildirmək istəyirik ki, biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.
Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq!
138 gün ərzində bizə dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin edilməsində əməyi olanlara, sağlamlığımızın keşiyində duran könüllü tibb işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk!"
Təxribata cavab olaraq başlayan aksiya...
Qeyd edək ki, keçirilən aksiyanın səbəbi Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqinin növbəti təxribat nəticəsində baş tutması ilə əlaqədar olmuşdu. Belə ki, sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da Qarabağdakı qanunsuz erməni dəstələrinin təxribatı buna imkan verməmişdi. Nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşmişdilər.
Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilmişdi, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşmışdılar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edərək Şuşa şəhərinə qayıtmışdılar.
Monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin aksiyalarının əsas tələbi isə ekoloji terrora son qoyulması, Azərbaycanın sərvətlərinin talan edilməsinin qarşısının alınması idi. Həmin dövrdə talan olunan sərvətlərimiz məhz Laçın-Xankəndi yolu ilə daşındığı üçün ekofəallar məhz həmin ərazidə öz etirazlarını sivil qaydada həyata keçirirdilər.
Aksiyaçıların tələbləri beynəlxalq hüquqa söykənirdi...
Xüsusi olaraq vurğulanmalıdır ki, 138 gün davam etmiş etiraz aksiyası birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanırdı, beynəlxalq konvensiyaların normalarını özündə əks etdirirdi. Eyni zamanda, bu etirazlar Azərbaycan xalqının milli maraqlarının ifadəsi idi. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların, gənc könüllülərin davam etdirdiyi aksiya haqlı tələblərə söykənirdi. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi Azərbaycanın haqqıdır. Həmin ərazidə təbii sərvətlərimiz talan edilirdi. Keçirilən aksiyada da əsas tələb ondan ibarət idi ki, qeyri-qanuni istismar dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Maraqlıdır ki, bəzi erməni havadarları, o cümlədən "beynəlxalq" statuslu təşkilatlar bu aksiyaları "blokada" və ya fərqli müstəvidə təqdim etməyə çalışsalar da, bu mümkün olmadı. Hətta bəzi xarici dövlətlərin timsalında erməni havadarları bu aksiya ilə bağlı məsələni BMT TŞ-ya çıxarmağa çalışsalar da, qəti məğlubiyyətə uğradılar. Məqsədli şəkildə bu aksiyaya qarşı qarayaxma kampaniyaları aparılsa da heç nəyə nail ola bilmədilər. Bu etiraz aksiyasının ermənilərin iddia etdiyi kimi blokada olmadığı sübuta yetirildi. Ötən aylar ərzində Xankəndinə gətirilən bütün humanitar yüklər ünvanına çatıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları yoldan istifadə ediblər. Hətta Azərbaycan özünün köməyini də təklif edib. Bu ərazilər Azərbaycanın suveren əraziləridir və oradakı bütün proseslər də ölkəmizin qanunları əsasında tənzimlənməldir. Yeri gəlmişkən, ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, bizim məqsədimiz blokada deyil. Dövlət başçısı vurğulayıb ki, bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Bu bizim qanuni hüququmuzdur. Beynəlxalq sənədlər, beynəlxalq hüquq da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Laçın yoluna nəzarət mexanizmi daha da gücləndirildi
12 dekabrdan başlayan ekofəalların Laçın - Xankəndi yolundakı etirazları inkaredilməz bir faktı daha da önə çıxardı, ermənilərə və onların yandaşlarına anlatdı – sülhməramlı kontingentin yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır və həmin torpaqlara Azərbaycan nəzarət edir. Bu fakt ekofəalların aksiyasında növbəti dəfə sübut olundu. Belə ki, Azərbaycanın Qarabağdakı mədən-yataqlarında monitorinq aparmaq istəyinin qarşısının separatçılar tərəfindən təxribatla alınması cəhdi yenidən üçtərəfli Bəyanatı aktuallaşdırdı. Proseslər ermənilərə xam xəyallara düşməməyi, Qarabağla bağlı hər hansı planlara ümid etməməyi izah etdi. Eyni zamanda, üçtərəfli Bəyanata əsasən Azərbaycan torpaqlarında yerləşdirilən Rusiya sülhməramlılarına onların yeganə vəzifəsinin razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək olduğunu "xatırladıldı". Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə olan sülhməramlılara isə ermənilərlə deyil, məhz rəsmi Bakı ilə ortaq hərəkət etməyə borclu olduqlarını başa saldı. Aprelin 23-də Laşın-Xankəndi yolunun başlanğıcında qoyulan sərhəd-buraxılış məntəqəsi isə Laçın yoluna nəzarət mexanizmini daha da gücləndirdi. Artıq bu yoldan qeyri-qanuni daşınma, ən əsası da silah-sursat daşınması üçün istifadə olunmayacaq. Bu isə özlüyündə 2023-cü qarşıdakı mərhələsində məsələlərin daha ciddi bir müstəviyə inteqrasiya edəcəyini deməyə əsas verir.
P. İsmayılov
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

