Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Kərə yağı” adı ilə satılan zəhər...

“Kərə yağı” adı ilə satılan zəhər...

05.04.2025 [11:16]

Nələrə diqqət etməliyik?

Kərə yağı qida rasionumuzda mühüm yer tutur. Bəllidir ki, kərə yağı insan sağlamlığı üçün faydalı olduğu kimi, qiymət baxımından da digər yağları üstələyir. Təbii kərə yağının tərkibində 82 faiz süd yağı, su, süd şəkəri, minerallar, xolesterin, suda həll olmuş vitaminlər, zülal, turşular və təbii aromalar var. Son zamanlar tüğyan edən xəstəliklər, qida rasionumuza diqqət yetirməyin vacib olduğunu göstərir. Qidalanma üzrə mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Bu şərtlə ki, həmin yağ keyfiyyətli olsun...

Statistika

2024-cü ildə Azərbaycanda kərə yağının idxalında rekord səviyyədə artım olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il xarici ölkələrdən Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 78,4 faiz artıb. 2024-cü ildə Azərbaycana 173,6 milyon dollar dəyərində 29,6 min ton kərə yağı gətirilib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə 92,4 milyon dollar dəyərində 16,6 min ton kərə yağı idxal olunub.

Bəzi yağlarda uyğunsuzluq aşkarlandı...

Heç kimə sirr deyil ki, bu gün bəzi marketlərdə satılan kərə yağlarının tərkibi çox qarışıqdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla bağlı monitorinqlər həyata keçirir. Ötən günlərin birində qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində AQTA əməkdaşları tərəfindən fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından nümunələr götürülüb. Həmin nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, faktla bağlı gentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Qeyd edək ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır.

Heç də 100 faiz kərə yağı deyil!

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, müxtəlif adlarla təqdim olunan yağların tərkibi heç də 100 faiz kərə yağ deyil: “İstehsal prosesində daha çox bitki yağlarından istifadə edilir. Son zamanlar kərə yağının qiymətinin artması bu işə bir qədər də təkan verib. Hazırda kiloqramı 20 manatdan aşağı kərə yağı yoxdur. Bu da bəzi işbazlara imkan yaradır ki, bazara daha çox saxta məhsullar çıxartsınlar. Doğrudur, AQTA bununla bağlı hərəkətə keçib. Amma bu kafi deyil. Bu gün bazarlarda və ticarət şəbəkələrində kifayət qədər saxta yağlar var”.

Hansı yağ daha bərkdirsə...

E.Hüseynov bildirib ki, qidaların əksəriyyətinin üstündə aldadıcı informasiyalar var: “Yaxşı olar ki, kərə yağı alan zaman onu əldə bərk sıxsınlar. Hansı yağ daha bərkdirsə, o təbii kərə yağıdır. Mən bir neçə il əvvəl Yeni Zellandiyada Azərbaycana göndərilən kərə yağının istehsal zavoduna getdim və orda ölkəmiz üçün hazırlanan yağa baxdım. Hətta orda süd istehsalı və fermer təsərrüfatına da getmişdim. Orada heyvanlar açıq səma altında otlayırlar, yemlərlə yemləndirilmirlər”.

Yeməklərimizdə hansı yağlardan istifadə etməliyik?

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə bildirib ki, yağ orqanizmə enerji verən, eyni zamanda da çox faydalı olan makroelementlərdən hesab olunur. Mütəxəssis qeyd edir ki, bitki və heyvan mənşəli yağlardan istifadə etmək lazımdır: “Xüsusilə tərkibində doymamış yağ turşuları olan yağlardan istifadə etmək yay aylarında daha çox faydalıdır. Buna da zeytun yağını nümunə göstərmək olar, çünki zeytun yağı soyuq sıxım olan, təbii, keyfiyyətli yağ hesab olunur. Bunu həm yeməklərdə, həm də salatlarda istifadə etmək olar. Daha sonra avokado yağından istifadə etmək də orqanizm üçün faydalıdır. Avokadonı həm tərəvəzlərlə, həm də qızartmalarda da istifadə etmək olar, eyni zamanda da həmin avokadodan az yağ istifadə etməklə, hər hansı bir səhər yeməyi, omlet kimi və yaxud digər səhər yeməyi kimi qəbul olunsa, gün ərzində orqanizmə enerji vermiş olur”.

Yağ yüksək istilik prosesinə məruz qaldıqda...

Mütəxəssisin sözlərinə görə, heyvan mənşəli yağlardan istifadə etməli olacağıqsa, bu zaman diqqət etməliyik ki, təbii kərə yağı və yaxud nehrə yağı olsun: “Bunlardan istifadə edərkən həddindən artıq çox qızartmamalıyıq, çünki yağ yüksək istilik prosesinə məruz qaldıqda tərkibində konserogen maddələr əmələ gəlir ki, bu da zamanla daxili orqanların və orqanizmin müxtəlif orqanlarını xərçəngə yoluxma riskini artırır. Yaxşı olar ki, yeməkləri hazırladıqda artıq bişməyə az qalmış yağ əlavə etmək həm yağın tərkibinin keyfiyyətli qalmasına, həm də orqanizmə zərər verməməsinə səbəb olur”.

Mütəmadi yoxlamalar aparılır...

AQTA-dan verilən məlumata görə, ölkə ərazisində istehsal olunan və idxal edilən yağlardan (spred, marqarin) və kərə yağlarından mütəmadi nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilir: “Götürülmüş nümunələr məhsulun yağ fazasında yağ turşularının trans izomerlərinin və doymamış yağ turşularının miqdarı, habelə təhlükəsizlik göstəriciləri (koliform bakteriyalar, kif-maya göbələkləri, qurğuşun və arsenin təyini) üzrə laborator müayinələrə cəlb edilir. Məhsulların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib-vermədiyi yoxlanılır. Bundan başqa, Agentlik tərəfindən ticarət obyektlərində tərkibində bitki yağı olan yağların kərə yağı kimi təqdim olunması hallarına qarşı nəzarət tədbirləri aparılır”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 258 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30