Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sədərək rayonunda yeni məktəb istifadəyə verilib

Sədərək rayonunda yeni məktəb istifadəyə verilib

08.01.2014 [08:47]

Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının Sədərək kənd 1 nömrəli tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ali Məclisin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Sədərək rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov deyib ki, rayonda digər sahələrlə yanaşı, təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Son illər Sədərək rayonunda 1 məktəb, 2 uşaq bağçası və şahmat məktəbi inşa edilib, aparılan abadlıq işləri sayəsində yaşayış məntəqələrinin siması tamamilə dəyişib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayonda təhsilin uğurları ilbəil artmaqdadır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 31-i ali məktəblərə qəbul olub. Həbib İbrahimov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlıq edib.
Müəllim Vəfa Həsənova bildirib ki, məktəb binasında yaradılan şərait, müasir informasiya texnologiyalarının tətbiqi təhsilin keyfiyyətini xeyli yüksəldəcək. Yaradılan şəraitin müqabilində pedaqoji kollektiv daha səylə işləyəcək, gələcəyimiz üçün savadlı və vətənpərvər gənc nəsil yetişdirəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək kənd 1 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, Ümummilli liderimiz Heydər Əliyevin “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda, gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır” fikrini xatırladaraq deyib: “Şagirdlər məktəblərdə yaxşı təhsil almalı, müasir informasiya texnologiyalarını öyrənməli, ölkəmizin gələcəyi üçün əsl vətəndaş kimi böyüməlidirlər. Bunun üçün müasir tədris şəraitinin yaradılması və yeni məktəb binalarının tikilməsi vacib şərtdir. Ona görə də ölkəmizdə təhsilin inkişafına, məktəblərin müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Sədərək rayonunda müasir tələblərə cavab verən məktəb binasının istifadəyə verilməsi də dövlətimiz tərəfindən təhsilə göstərilən qayğının daha bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev təhsilin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Məktəblərdə şərait, tədrisin səviyyəsi elə olmalıdır ki, uşaqlar, gənclər yaxşı təhsil ala bilsinlər”. Bu gün istifadəyə verilən məktəb binasında da tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait vardır. İnformasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəb binasında 5 elektron lövhəli sinif yaradılmış, internetə qoşulmuş 76 kompyuter, eyni zamanda, gənclərin sağlam böyüməsi üçün idman zalı və açıq idman qurğuları istifadəyə verilir. Bütün bunlar məktəbdə gənclərin hərtərəfli formalaşmasına imkan yaradacaqdır”.
Ali Məclisin Sədri deyib: “Gənclər təhsil almaqla yanaşı, müxtəlif peşələrə də yiyələnməli, gələcəkdə ölkəmizin inkişafında yaxından iştirak etməlidirlər. Bu mənada ümumtəhsil məktəblərinin üzərinə mühüm vəzifələr düşür”.
Ali Məclisin Sədri məktəbin nailiyyətlərini qeyd edərək deyib ki, ötən tədris ilində məktəbin məzunlarından 15-i ali məktəblərə, 4-ü orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Yaradılan şərait gələcəkdə qazanılan uğurların daha da artırılmasına imkan verəcək. Ali Məclisin Sədri qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara tədrisdə uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Sədərək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəstləri hədiyyə edib.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.
828 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. Binada 46 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 4 kompyuter otağı, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.
Ümumtəhsil məktəblərində kitabxanalardan səmərəli istifadə vacib məsələdir. Məktəbin kitabxana fondunda 15 minə yaxın ədəbiyyat var. Baxış zamanı şagirdlərin bilik və bacarıqlarına, eləcə də onların mütaliə vərdişlərini artırmağa imkan verən tədbirlərin təşkil olunması və kitabxana günlərinin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Ali Məclisin Sədri birinci siniflərdə şagirdlərin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, 2013-2014-cü tədris ilində Sədərək kənd 1 nömrəli tam orta məktəbində birinci sinfə 73 şagird qəbul olub. Şagirdlərin məktəbə hazırlıq kurslarına cəlb edilməsi, tədrisin nəzəri və praktik metodlarla aparılması keçirilən dərslərin asan mənimsənilməsinə imkan verir.
İnformasiya texnologiyalarından istifadə etməklə qurulan müasir təhsil modeli pedaqoji kollektiv qarşısında yeni tələblər və vəzifələr qoyur. Muxtar respublikanın ümumtəhsil məktəblərinin müəllimləri həm də informasiya texnologiyalarından istifadə üzrə təlimlərdə iştirak edirlər. Bu da dərs prosesini sadələşdirməklə yanaşı, müəllim və şagirdlərin informasiya texnologiyalarından istifadə imkanlarını da xeyli artırır. Məktəbdə quraşdırılan kompyuterlər də müəllim və şagirdlərin tədrisyönümlü saytlardan istifadəsinə, onların müxtəlif fənlər üzrə ətraflı məlumatlar əldə etmələrinə şərait yaradacaq.
Tədris prosesində elektron lövhədən istifadə dərslərin əyaniliyini təmin edir. Elektron lövhələrdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini virtual olaraq izləyirlər. Bu isə onların nəzəri biliklərini, praktiki bacarıq və təcrübələrini xeyli təkmilləşdirir. Sədərək kənd 1 nömrəli tam orta məktəbində quraşdırılan elektron lövhələr də tədrisin keyfiyyətini xeyli yüksəldəcək.
Kimya, biologiya və fizika laboratoriyalarında sınaq təcrübələrinin aparılması üçün müxtəlif cihaz və alətlər qoyulub, hərbi kabinetdə şagirdlərə hərbi biliklərin öyrədilməsi üçün lazımi şərait yaradılıb. Məktəbdə şagirdlərin ilkin hərbi biliklərə yiyələnməsi və vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də hərbi idman oyunlarına maraqlarının artırılması və yarışlarda iştiraklarının təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, Sədərək kənd 1 nömrəli tam orta məktəbində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Kollektivin əsas vəzifəsi bu şəraitdən səmərəli istifadə etmək, bilikli və vətənpərvər gənclər yetişdirməkdir. Çünki məktəb təhsil verməklə yanaşı, ölkənin gələcəyini də hazırlayır. Son illər məktəb kollektivi fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Ona görə də müəllimlərin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, onlardan 1-i “Tərəqqi” medalı ilə təltif olunub, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar Müəllimi” fəxri adına layiq görülüb. Bir müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulayıb.
Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq edərək bildiriblər ki, pedaqoji kollektiv üzərinə düşən vəzifələri dərindən dərk edir, məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışırlar.
Məktəbin həyətində abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb, futbol meydançası və açıq idman qurğuları istifadəyə verilib.
* * *
Məktəb binası ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri deyib ki, son illər Sədərək rayonunun sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, yeni inzibati binalar tikilib, insanların yaşayış səviyyəsi yüksəldilib, sosial problemləri həll olunub, məskunlaşma artıb. Hər il rayonda müxtəlif sahələr üzrə tikinti-quruculuq işləri aparılır. Hazırda suvarma tədbirlərini yaxşılaşdırmaq üçün yeni nasos stansiyası tikilir, içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Görülən bu işlər rayonda əkinçiliyin inkişafına, təsərrüfatların genişləndirilməsinə, əhalinin kommunal-məişət şəraitinin daha da yaxşılaşdırılmasına imkan verəcək. 2014-cü ilin ilk iş günündə Sədərək rayonunda yeni məktəb binasının istifadəyə verilməsi də həyata keçirilən quruculuq tədbirlərinin davamıdır.
Ali Məclisin Sədri rayonun inkişafında fəal iştirak etdiklərinə görə sakinlərə təşəkkürünü bildirib, onlara gələcək həyatlarında və işlərində uğurlar arzulayıb.
Rayon sakinləri adından minnətdarlıq edən Həsən Rzayev deyib ki, sərhəd yaşayış məntəqəsi olan Sədərək bu gün özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Bu inkişaf bir tərəfdən sakinlərin bu torpağa bağlılığından irəli gəlirsə, digər tərəfdən göstərilən dövlət qayğısı nəticəsində mümkün olub. Həsən Rzayev bundan sonra da rayonun inkişafında yaxından iştirak edəcəklərini bildirib.
Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi üçün yeni bina tikilir
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, nazirliyin və onun struktur qurumlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikada fövqəladə halların qarşının alınması, yaşayış məntəqələrinin, əhalinin təbii və texnogen hadisələrdən qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək rayon dövlət yanğın təhlükəsizliyi şöbəsi üçün yeni bina inşa olunur.
Yanvarın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılan əraziyə və binanın layihəsinə baxıb.
Məlumat verilib ki, binanın yerləşdiyi ərazi rayonun yaşayış məntəqələri istiqamətində şəxsi heyətin və avtomobillərin hərəkətinin təşkilinə uyğun seçilib. Hazırda binanın özülü qazılıb və ilkin dəmir-beton işləri görülüb. Ərazidə inzibati bina, yeraltı ehtiyat su hovuzu, texniki qaraj və təlim qülləsi tikiləcək, növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətinin təmin olunması üçün hər cür şərait yaradılacaq.
Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Paylaş:
Baxılıb: 1354 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30