Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dünyanı sarsıdan və milyonlarla insanın taleyini dəyişdirən partlayış

Dünyanı sarsıdan və milyonlarla insanın taleyini dəyişdirən partlayış

26.04.2014 [12:01]

Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 28 il keçir
Doğrudan da, 1986-cı ildə aprelin 26-da gecə saat 01:24-də Çernobıl AES-in dördüncü blokunda baş verən qəza dünyanı sarsıtdı və milyonlarla insanın taleyini dəyişdirdi. Qısa müddət ərzində reaktorun aktiv zonasını uçuran iki partlayış baş verdi. Qəza göstərdi ki, nəzarətdən çıxan atomun gücü nəyə qadirdir.
Bəşər tarixində öz nəticələrinə görə uran nüvəsinin bölünməsi və nüvə enerjisinin alınmasından böyük kəşf olmayıb. İnsan bununla atom nüvəsində gizlənən bənzərsiz və qüdrətli enerjiyə sahib olub. İlk atom reaktoru Çikaqoda 1942-ci ildə yaradılıb. Bundan sonra, fizik-alimlərin (Enriko Fermi, Albert Eynşteyn, Nils Bor və başqaları) səyləri nəticəsində 1945-ci ildə ilk atom bombası yaradılıb. Onun sınağı 1945-ci ildə Nyu-Meksiko ştatının səhralarında iyulun 16-da keçirilib. 1946-cı ilin avqustunda ilk bombalar Yaponiya şəhərləri Hirosimaya və Naqasakiyə atılıb.
ABŞ-ın nüvə silahı strategiyasına cavab olaraq SSRİ də öz nüvə proqramını həyata keçirməyə başlayıb. Daha sonra Böyük Britaniya, Fransa və Çin dövlətləri də atom enerjisinin alınmasında uğurlar qazanıblar. Beləliklə, sürətlə silahlanma yarışına və atom silahının kütləvi sınaqlarına rəvac verilib. İnsanlıq öz-özünü məhv etmə qorxusu ilə üzbəüz qalıb. Odur ki, 1963-cü ildə atom silahı olan dövlətlər tərəfindən nüvə sınaqlarının dayandırılması haqqında Moskva sazişi imzalanıb. Lakin buna baxmayaraq, bir sıra hegemon ölkələr bu gün də atom silahının sınağını davam etdirir.
Məlumdur ki, nüvə partlayışları zamanı nüvə yanacağının bölünməsindən radioaktiv maddələr yaranır. Bunları bölünmə “qəlpələri” adlandırırlar. Bundan əlavə, ətraf mühitə xeyli miqdarda bölünən maddənin özü də yayılır. Nəticədə, 40-dan artıq kimyəvi elementlərin 200 müxtəlif radionuklidlərdən ibarət mürəkkəb qatışıq meydana gəlir ki, bunların da yarımparçalanma müddətləri (radionuklidin aktivliyinin yarısının itdiyi vaxt), bir saniyədən milyon ilədək davam edir.
Nüvə sınaqları nəticəsində Yer səthinə xeyli miqdarda süni radionuklidlər yayılır. Onlardan ən təhlükəlisi stronsium-90 və sezium-137-dir. Onların yarımparçalanma dövrü, münasib olaraq, 28 və 30 ildir. Bu radionuklidlər yüksək şüalanma enerjisinə malik, bioloji miqrasiya tsikllərinə fəal nüfuz edir, sümük və əzələ toxumalarında sürətdə toplanır və orqanizmdən çox gec çıxır. Elə nüvə sınaqları başlanan dövrdən də ətraf mühitin radionuklidlərlə çirklənməsi problemi meydana çıxıb.
Qəzadan sonra ətraf mühit obyektlərində süni radionuklidlərin miqdarının xeyli artması və təbii radiasiya fonunun yüksəlməsi ilə nəticələnir. Təbii radiasiya fonunun, hətta cüzi miqdarda artımı öldürücü nəticələr törədə bilər.
Qeyd etmək lazımdır ki, Çernobıl qəzasından əvvəl - 1957-ci ilin sentyabr ayında keçmiş Sovet İttifaqının daha bir məntənqəsində - cənubi Uraldakı Kıştım şəhəri yaxınlığında nüvə qəzası baş verib. Radioaktiv çirklənməyə məruz qalmış ərazi kənd təsərrüfatı üçün kifayət qədər intensiv istifadə edilən ərazi olub. O vaxt məxfilik mülahizələri əsas götürülərək kütləvi informasiya vasitələrində bu qəza barədə məlumat verilməyib. Bundan başqa, elə həmin 1957-ci ildə Uindskeyldə (Böyük Britaniya) külli miqdarda radioaktiv maddə axını ilə müşayiət olunan çox böyük radiasiya qəzası baş vermişdi. Bu qəza bərədə o vaxt məlumat verilmədi. Amma bunlar ən ağır qəzalar sayılırdı.
Dünya energetikası tarixində ən böyük qəza Çernobıl AES-da baş vermiş qəza hesab olunur. Qəzadan ən çox zərəri Ukrayna, Belarus və Rusiya dövlətləri çəkib. Bu dövlətlərin ümumilikdə 1 milyon 500 min hektar əraziləri radioaktiv çirklənməyə məruz qalıb. 150 min hektardan artıq ərazi torpaq istifadəsindən çıxarılıb ki sonradan alimlərin və mütəxəssislərin səyi nəticəsində meliorativ, aqrotexniki, aqrokimyəvi və digər əməliyyatların köməyi ilə çirklənmiş ərazinin bir hissəsi təmizlənib və kənd təsərrüfatı istehsalına qaytarılıb.
Ümumiyyətlə, Ukraynanın 12 vilayətində 50 min kv.km ərazi yüksək dərəcədə çirklənməyə məruz qalıb. Ölkədə qəzadan 3,2 milyon insan zərər çəkib, o cümlədən, onlardan 1 milyonu uşaqlar idi. Bunlar arasında ən çox tənəffüs orqanları, qalxanabənzər vəz və başqa orqanların xəstəliyi, ümumi Ukrayna səviyyəsindən qat-qat yuxarı olub.
1986-1987-ci illər ərzində qəzanın törətdiyi nəticələri aradan qaldırmaq işində 600 min nəfərə yaxın insan iştirak edib, onlardan 200 min nəfəri yüksək dərəcədə şüa alıb və onların bütün ömürləri boyu onların xüsusi tibbi müayinəyə və köməyə ehtiyacları var. Son 10 ildə Çernobıl AES-də qəzadan əziyyət çəkmiş insanlardan 170 min nəfəri vəfat edib. Onlardan təxminən 3 min nəfəri qəzanın bilavasitə birbaşa aradan qaldırılmasında iştirak edən adamlar idi. Qəzanın birbaşa təsirindən sağlam əhalinin faizi 64-dən 19-a (böyüklər üzrə), uşaqlarda isə 81 faizdən 32 faizə enib.
Çernobıl qəzası respublikamızdan da yan keçməyib. Apardığımız tədqiqatlar nəticəsində müəyyən edilib ki, Çernobıl AES-də baş vermiş qəza nəticəsində Respublikamızın torpaqlarında stronsium-90 və sezium-137 radionuklidlərinin miqdarı bir neçə dəfə artıb, xüsusi ilə də, Lənkəran zonası torpaqlarında. Belə tədqiqatlar indi də davam etdirilir.
Çernobılın “radioaktiv” buludu, həmçinin, Avropanın bütün dövlətlərinin ərazisindən də yan keçməyib. 1986-ci il may ayının 6-da Çernobıl radioaktiv “çöküntüləri” qardaş Türkiyə ərazisində qeydə alınıb. Bütün bu faciələrin insanların başına gəlməsinin bir çox səbəbləri var. Onların ən başlıcaları qəzanın əsas səbəbkarlarına məhkəmədə çıxarılan hökmdə öz əksini tapır. Məhkəmədə subüt olunub ki, işdə nizam-intizamsızlıq, tapşırılan işə məsuliyyətsiz yanaşmaq, tutduğu vəzifədən sui istifadə etmək və başqaları belə faciəyə gətirib çıxardır. Bəli atom, yüngül beyinliyi, avantürizmi və məsuliyyətsizliyi bağışlamır.
Təbii olaraq, belə bir sual meydana çıxır: bəlkə hələ ki, gec deyil, elə indi nüvə energetikasından istifadə olunmasından imtina edilsin? Bunun üçün ənənəvi (daş kömürdən, təbii qazdan, neft məhsullarından, hidroresurslardan) üsullardan istifadə edərək enerji alınsın? Cavab veririk: dünyada xammal ehtiyatı buna imkan verir, ancaq qısa bir tarixi zaman çərçivəsində. Bu üsul ilə istehsal olunan enerjinin maya dəyərinin bahalaşmasına gətirib çıxardır, eybi yoxdur bununla da razılaşmaq olardı. Əsas əngəl başqa məsələdədir: Məgər bu cür əvəzetmə Yer kürəsində ekoloji vəziyyəti yaxşılaşdıracaqmı, qəzaları, insan tələfatını aradan qaldıracaqmı? Alimlərin hesablamaları və biz deyirik: Xeyr!
Başqa bir sual: Çernobıl AES-də baş vermiş qəzanın qarşısını almaq olardımı? Yüksək ixtisaslı mütəxəssislər, alimlər və biz deyirik: Olardı bir şərtlə ki, o vaxt həm Çernobıl AES-də, həm də keçmiş Sovet İttifaqının bütün atom stansiyalarında və ümumiyyətlə bütövlükdə keçmiş SSRİ-də ciddi əmək intizamı olsaydı...
O dövrdə Sovet İttifaqına rəhbərlik edən Mixail Qorbaçov süni informasiya blokadası yaradaraq dəhşətli qəzanın nəticələrini dünyadan hər tərəfli gizlətməyə, faciənin miqyasını azaltmağa çalışırdı.
Mixail Qorbaçovun daha bir satqınlığı ondan ibarət olmuşdur ki, baş vermiş bu fəlakəti öz xalqından (sovet xalqından) da gizlətməyə çalışdı. Ukraynanın Kiyev şəhərində dinc əhali (məktəblilər, sıravi insanlar və başqaları) yüksək dərəcədə radioaktiv şüalar altında 1 Mayı bayram edirdilər. Əhalinin baş vermiş faciədən demək olar ki, xəbəri yox idi. Həmin dövdə Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlərindən yeganə rəsmi şəxs Ulu öndər Heydər Əliyev olub ki, təkidlə bu faciənin gizlədilməsinə qarşı çıxıb, onun haqqında xalqa doğru-dürüst məlumat verməyi tələb edib və buna nail olub.
Məlum olduğu kimi, Mixail Qorbaçov hakimiyyətə gələn gündən bütün səhələrdə, o cümlədən, atom elektrik stansiyalarının işində onsuz da ciddi olmayan əmək intizamı daha da zəifləməyə başlamışdı. Suverenlik pərdəsi altında xalqlar bir-biri ilə düşmən edilir, özgə əraziləri işğal etməyə sövq olunurdu. Elə götürək öz dövlətimizi. Mixail Qorbaçovun himayədarlıq etdiyi erməni quldur hərbi dəstələri tərəfindən əvvəlcə 200 mindən çox azərbaycanlı tarixi Azərbaycan torpaqlarından qovuldu. Bundan sonra, erməni quldurları respublikamızın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı əhalini həmin bölgədən və Dağlıq Qarabağın ətrafındakı daha 7 rayondan zorla qovub çıxartdılar. Bu təcavüz nəticəsində respublika ərazisinin 20 faizdən çoxu işğal edilib, bu region xarabazarlığa çevrildi. Bu vəziyyət bu günə qədər davam etməkdədir.
Mixail Qorbaçovun daha bir satqınlığı Azərbaycandan Çernobıla gedən gənclərə qarşı olub. Qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycanın əsasən gənclərdən ibarət 7 min nəfərdən çox vətəndaşı iştirak etmiş, həyatlarını riskə ataraq qəza bölgəsinə yollanmışdılar. Azərbaycanlı gəncləri fəlakət zonasına apararkən qəzanın fəsadları bərədə onlar məlumatlandırılmamış, bunu yanğın hadisəsi kimi qələmə vermişdilər. Heç bir lazımı hazırlıq keçmədən, radioaktiv şüalanma haqqında, radiasiya-gigiyena barədə adi təsəvvürə və biliyə malik olmadan fəlakət zonasına göndərilən neçə-neçə həmyerlimiz dünyasını dəyişdi, yüzlərlə azərbaycanlı yüksək dərəcəli şüalanmaya məruz qalaraq ömürlük əlil oldu. Onlardan indiyədək min nəfərdən çoxu həlak olub, uşaqları əlil doğulub.
Aldıqları fiziki və mənəvi zərbələrə baxmayaraq, azərbaycanlı “çernobılçılar” uzun müddət diqqətdən kənar qalmış, haqsızlıqlarla qarşılaşmış, heç bir qayğı ilə əhatə olunmamışdılar. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra çernobılçı əlillər bu diqqət və qayğını hiss etməyə başladılar. Bu qayğı, bu diqqət ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Uzun sürən danışıqlardan sonra 2000-ci ilin sonunda Çernobıl atom kompleksi istismardan çıxarıldı. Beynəlxalq təşkilatların köməyi ilə dördüncü blokun üzərindəki sarkofaq öz istismar müddətini başa vurmuş sayılaraq onun üzərinə örtük çəkilməsi işləri uğurla davam etdirilir. Stansiyanın ətrafı daim nəzarətdədir.
Bəli, əgər qəhrəman Sovet gəncləri, o cümlədən, azərbaycanlı gənclər olmasa idi, fəlakət daha böyük miqyas alardı. Biz onları heç vaxt unutmayacağıq!
Cəlal Əliyev,
akademik
Qərib Məmmədov,
akademik
Mahmud Abdullayev,
AMEA-nın müxbir üzvü

Paylaş:
Baxılıb: 1208 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30