Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı şəhərində yeni parkomatlar quraşdırılır

Bakı şəhərində yeni parkomatlar quraşdırılır

17.05.2014 [10:53]

Bu, paytaxtda tıxac probleminin qarşısını alacaq
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə, o cümlədən paytaxt Bakıda da çoxalan nəqliyyat vasitələrinin sayına paralel olaraq parkinq ehtiyacı sürətlə artmaqdadır. Bu da səbəbsiz deyil. Çünki nəqliyyat vasitələrinin çoxalması öz növbəsində tıxac problemini meydana gətirir. Təbii ki, tıxaclara səbəblər sırasında, ilk növbədə, yol kənarlarında harda gəldi saxlanılan avtomobilləri misal göstərmək olar.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, aprelin 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirmişdi. Və dövlət başçısının iradından sonra sözügedən sahədəki problemlərin aradan qaldırılması üçün müvafiq addımlar atılıb. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi məqsədi ilə “Bakı şəhərində avtodayanacaqların təşkili haqqında” sərəncam qəbul edilib. Həmin sərəncama müvafiq olaraq şəhərin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin, heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv ediləcək. Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin etdiyi xəbərdarlığa əsasən, qanuna zidd hərəkət edən sürücülərə qarşı inzibati Xətalar Məcəlləsinin 158-1-ci maddəsinin (Dayanma, durma və parklanma qaydalarının pozulması) tələbləri yerinə yetirilmədiyi üçün inzibati xəta protokolu tərtib ediləcək, avtomobil cərimə meydançasına aparılacaq.
Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə müvəqqəti duracaq yerləri layihəsini həyata keçirir. Layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək. Bunun üçün isə sürücülər həmin ərazilərdə quraşdırılacaq parkomatlardan istifadə etməli olacaqlar. Yeri gəlmişkən, Fransadan gətirilmiş xüsusi parkomatlar Bakıda hələlik 5 yerdə - Xəqani küçəsində 2 ədəd, Tolstoy küçəsində, Yusif Məmmədəliyev küçəsində (Fransa səfirliyi) və Qoşa qala qapısının qarşısında quraşdırılıb.
Sürücülər parkomata yaxınlaşıb müvəqqəti durma vaxtını seçməli, onun pulunu ödəməli, çeki isə avtomobilin arxa şüşəsinə yapışdırmalıdırlar.
Onu da qeyd edək ki, parkomatlar əsas küçələrdə quraşdırılmayacaq. Çünki ilk növbədə, sözügedən avadanlıqların yerləşdiyi yolun eni tələblərə uyğun olmalıdır. Artıq Bakıda dayanma, durma və parklanmanın qadağan olunduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları da quraşdırılır. Bundan başqa, parkomatların enerji təchizatı qurğuda quraşdırılmış günəş panellərinin hesabına ödənilir.
Onlayn rejimdə işləyən elektron lövhələr...
Yeri gəlmişkən, bu istiqamətdə digər yeniliklər də gözlənilir. Məsələn, Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev mətbuata açıqlamasında bildirib ki, iyunun sonu, iyulun əvvəlində artıq avtomobil sahiblərinə müvəqqəti duracaqlarda maşının saxlanması vaxtının bitdiyi barədə SMS göndərmək mümkün olacaq: “Bundan əlavə, smartfonlar üçün əlavə proqramlar da tətbiq ediləcək ki, bunun vasitəsilə sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu öyrənə biləcəklər. Həmçinin, sürücülər ödənişləri telefonla ödəyə biləcəklər”.
Bundan başqa, xüsusi təmassız kartlar da buraxılacaq ki, avtomobil parkomata yaxınlaşdıqda məbləğ avtomatik tutulacaq. H.Abdullayevin sözlərinə görə, həmin kartlarla balansı doldurmaq və onların vasitəsilə bütün parkomatlarda ödəmə etmək mümkün olacaq: “Ərazilərdə yeni xəbərdaredici nişanlar quraşdırılacaq. Artıq pilot variant olaraq 6 aparatı qurduğumuz yerlərdə nişanları da dəyişirik. Məsələn, Konstitusiya Məhkəməsinin önündə qoyulan nişanda sürücülərə bildirilir ki, ödənişli duracağa daxil olurlar”.
Bununla yanaşı, yollarda onlayn rejimdə işləyən elektron lövhələr qoyulacaq: “Həmin lövhələr duracaqlardakı boş yerləri göstərəcək. Lövhədə küçənin adı yazılacaq və neçə boş avtomobil yerinin olduğu göstəriləcək. Bu iş mərhələlərlə həyata keçiriləcək. Payıza qədər artıq bu işləri bitirməyə çalışacağıq. Çalışırıq ki, ilin axırına kimi bu sistemi tam şəkildə işə salaq”.
H.Abdullayev onu da qeyd edib ki, müvəqqəti duracaqların olacaqları yerlər hələ tam dəqiqləşməyib: “Bunlar Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən birgə müəyyənləşdirilir. Yəqin parkomatlar gəldikcə həmin yerlər də tədricən müəyyənləşəcək. İlin sonuna kimi 1000 parkomat gətirilərək quraşdırılacaq”.
Ən bahalı dayanacaq Londondadır - aylıq 1000 dollar
Bu məqamda vurğulamaq yerinə düşər ki, dünyada ən bahalı dayanacaqlar Londondadır. Belə ki, bu şəhərdə bir maşının bir aylıq parkinq xərci 1000 dollar təşkil edir. İkinci yerdə Uest-End dayanır. Orada da ingilislər aylıq parkinq xidməti üçün 956 dollar ödəyirlər. III yerdə aylıq 805 dollarla Amsterdam, IV yerdə isə aylıq 745 dollarla Honkonq dayanır. Manhettində parkinqin bir saatı 1 dollardan 3 dollara qədərdir. Parkinq yerlərindəki avtomatlar hər zaman qəpik pulları qəbul edir, hətta kreditlə və ya aylıq kartlarla da ödəmək mümkündür. Nyu-York polisi ildə qüsurlu parkinqə görə 10 milyon dollar cərimə yazır. Keçmiş postsovet respublikalarından olan Qazaxıstanda parkinqin bir saatı 100 tenqe (təqdribən 4 manat 30 qəpikdir).
Qardaş Türkiyə Cümhuriyyətində isə bayram və özəl günlərdə parkomatdan istifadə pulsuzdur. Digər günlərdə isə hər saat üçün 2 tl (0,76 AZN) ödənilir.
Dünyada bu problemi müxtəlif yollarla həll edirlər...
Yeri gəlmişkən, Bakıda tıxac və qanunsuz parkinq problemi təkcə piyadaları deyil, sürücüləri də narahat edir. Məsələn, şəhərdə söhbət etdiyimiz sürücü Samir Qaraşov deyib ki, tıxaclar, parklanma hamının yaralı yeridir: “Bundan əvvəl şəhərdə gəzəndə paytaxtın elə küçəsinə rast gəlirdin ki, həmin küçənin səkisi sanki piyadalar üçün yox, avtomobillər üçün nəzərdə tutulmuşdu. Bu hal xüsusilə, şəhərin mərkəzi sayılan qədim hissələrində müşahidə olunurdu. Oradakı binaları vaxtilə ofislərə, şirkətlərə icarəyə veriblər, binaların birinci, ikinci, üçüncü mərtəbələri də ofis kimi istifadə olunur, hər işçi bir avtomobillə gələndə təbii ki, maşını saxlamağa yer olmur və onlar da avtomobillərini ya səkiyə çıxarır, ya da yolun hərəkət hissəsində saxlayırdılar”.
Müsahibimiz bildirib ki, son qərarlar bu problemin aradan qaldırılmasına kömək edə bilər: “Dünyada bu problemi müxtəlif yollarla həll edirlər. Məsələn, Berlində yolların kənarında dayanacaqlar var. Sadəsi də var, bahalısı da”.
Öz növbəsində Qoşaqala qapısı istiqamətində fəaliyyət göstərən parkomatın nəzarətçisi Dimitri İliçev Azərbaycanda bu sistemin yeni qurulduğunu, Qərbdə isə artıq şəhər infrastrukturunda nəqliyyat vasitələrinin dayanacaq sistemlərinin kifayət qədər inkişaf etdiyini deyib. Həmsöhbətimiz inanır ki, Qərb ölkələrində olduğu kimi, bizdə də bu sistem tıxac və qanunsuz parkinq problemini aradan qaldıracaq. “Yaxın zamanlarda yəqin ki, Bakının bəzi yerlərində də yeni dayanacaqlar salınacaq. Yəni, sistem getdikcə təkmilləşəcək və tıxac problemi aradan qalxacaq”.
Pulu verirsən, çekini alırsan...
Həmsöhbət olduğumuz digər bir sürücü Natiq Əmirəliyev isə bildirib ki, bundan əvvəl paytaxtın istənilən küçəsində qoluna lent bağlamış şəxslər maşınlara qarovul çəkməsi müqabilində pul yığırdılar: “Bakıda avtombil tıxaclarının yaranma səbəblərindən biri də yollarda qanunsuz fəaliyyət göstərən həmin “pullu dayanacaqlar”ı işlədənlər idi. Onlar sürücülərdən pul almaq üçün istədikləri yolun kənarında əyinlərinə xüsusi geyim geyinərək “bura mən baxıram” deyirdilər. Lakin pulun yığılmasına baxmayaraq, dayanacaqlarda xidmət və keyfiyyət aşağı səviyyədə idi. Hətta bəzən maşını küçədə dayanacaq deyilən ərazidə saxlayarkən, avtomobilin polis evakuatoru tərəfindən aparıldığının da şahidi olurdun. Şəhərin hər hansı bir yerində maşın saxlayırdın, bir də görürdün ki, bir nəfər peyda olub səndən pul istəyir. Avtomobili aparanda isə gəlib həmin qolunda lenti olan və ya xüsusi geyimi ilə fərqlənən, özünü əraziyə baxan adam kimi təqdim edəni tapa bilmirdin. Digər tərəfdən, sürücülərdən pul alan şəxslərin hansı qurumun işçisi olduğu, əhalidən yığılan pulların hara getdiyi müəmmalı olaraq qalırdı. İndi isə artıq belə hallara ehtiyac qalmayıb. Pulu verirsən, çekini alırsan. Ürəyin də rahat olur”.
Oktay

Paylaş:
Baxılıb: 1160 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30