Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Bakı Tikiş Evi” MN-nin və digər güc strukturlarının şəxsi heyətini xüsusi geyim formaları ilə təchiz edir

“Bakı Tikiş Evi” MN-nin və digər güc strukturlarının şəxsi heyətini xüsusi geyim formaları ilə təchiz edir

25.06.2014 [10:17]

Yüksək keyfiyyətli məhsulları ilə seçilən BTE Avropa ölkələrinə, Çinə, hətta ABŞ-a məhsul ixrac etməyə başlayıb
Məlum olduğu kimi, iqtisadi inkişaf tempinə görə, dünyanın öncül dövlətlərindən olan Azərbaycanda Silahlı Qüvvələrin müasirləşdirilməsi, Ordumuzun texniki təchizatının inkişaf etdirilməsi, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi dövlətin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlətimizin uğurları, eyni zamanda, ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər durmadan artmaqdadır. Azərbaycan ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkəyə çevrilib. Əlbəttə ki, silahlı qüvvələrin təchizhatından danışarkən burada dövlət siyasətinə dəstək verən, bu prosesdə iştirak edən digər subyektlərin də fəaliyyəti qiymətləndirilməlidir. Biz də yüksək döyüş hazırlıqlı Azərbaycan ordusunu və ümumiyyətlə güc strukturlarımızı geyimlə təmin edən “Bakı Tikiş Evi”ndə (BTE) olduq. İstehsal müəssisəsinin tarixi, istehsal etdiyi məhsullar, xüsusilə də, hərbi geyim formalarının ərsəyə gətirilməsi prosesi haqqında dolğun məlumatlar əldə etdik.
81 il yüksək məsuliyyətlə və keyfiyyətlə xidmətdə...
Qeyd etmək yerinə düşər ki, “Bakı Tikiş Evi”nin inşası ilə bağlı qərar 1930-cu ildə verilib və fabrik “Valadarski” adı ilə 1933-cü ildə fəaliyyətə başlayıb. BTE keçmiş SSRİ ərazisində azsaylı xüsusi fabriklərdən biri kimi fəaliyyət göstərib. Yarandığı gündən bu günə kimi baş verən bütün tarixi, ictimai və siyasi dəyişikliklərə baxmayaraq müəssisə öz fəaliyyətini dayandırmayıb. Hətta müəssisə II Dünya müharibəsi başlayan zaman üçnövbəli iş rejiminə keçərək müharibə iştirakçılarına hərbi geyimlərin hazırlanması ilə məşğul olub. Təsadüfi deyil ki, fabrik arxa cəbhədə göstərdiyi yüksək əzm və fədakarlığa görə 1948-ci ildə dövlət tərəfindən Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. II Dünya müharibəsindən sonrakı illərdə də fabrikin 5 saylı sexi Qafqazda xidmət edən ordu hissələri üçün hərbi geyimlərin hazırlanması ilə məşğul olub, ona dövlət tərəfindən göstərilən etimadı hər zaman doğruldub. Həmin dövrdə fabriklərin çox olmasına, onların hər birinin müəyyən sahə üzrə ixtisaslaşmasına baxmayaraq, BTE mövcud olmuş 5-6 fabriklərdən biri olub ki, üst geyimə aid bütün məhsulları istehsal edib. Həmçinin, BTE-nin Sovet dönəmində hərbçilər üçün xüsusi sexi də SSRİ dağılanadək fəaliyyət göstərib.
Təbii ki, Sovet dönəmində fabriklərin fəaliyyət prinsipi hər kəsə aydın idi. Yəni, vahid mərkəzdən sifarişlər və parçalar gəlirdi, fabriklər isə həmin sifarişləri vaxtında çatdırmalı idi. 1991-ci ilədək fəaliyyət göstərən bu mexanizm SSRİ-nin parçalanması və Azərbaycanın müstəqillik qazanması ilə dağıldı. Artıq fabrik və zavodlar müstəqil dövlətə xidmət etməli idi. Lakin 1992-ci ildəki siyasi hakimiyyətin səriştəsizliyi ucbatından yaranan xaos və anarxiya fonunda artıq keçmiş SSRİ dönəmində yüzminlik sifarişləri reallaşdırmış fabriklər də dağılmağa başlamışdı. Bəzi fabrik rəhbərləri isə istehsal müssisəsinin qorunub saxlanılması üçün o zaman üçün əlçatmaz görünən fəaliyyətlərə baş vururdular. Əlbəttə ki, digər istehsal müəssisələri kimi müharibə relsinə keçən “Bakı Tikiş Evi” də fərqli üsul və mexanizmlər tətbiq etməklə müasir fabrikə çevrilib. Belə ki, ölkədə siyasi sabitliyin yenicə bərqərar olduğu dönəmdə BTE-nin sədri Fədail Rəhimov fabrikin həm mövcudluğunu, həm də işçi qüvvəsini qoruyub saxlamaq üçün Çindəki yüngül sənaye bazarının iştirakçıları ilə müqavilələr imzalayıb və müstəqillik tariximizdə də bir ilkə imza atıb. Yəni, BTE rəhbərliyi Çinin Şanxay şəhərindən mütəxəssisləri və təmiz pambıq parçaları ölkəyə gətirməklə, yeni məhsul istehsalına start verib. O dövr üçün qeyri-adi tikiş məhsulları hazırlayan BTE-də, həmçinin, Almaniyanın “Durko fab” və Yaponiyanın “Juki brother” firmalarının istehsalı olan yüksək sürətli və keyfiyyətli maşınlar quraşdırılıb. Xüsusi olaraq, vurğulanmalıdır ki, hazırda İngiltərədə, Yaponiyada, hətta Çində adıçəkilən tikiş maşınlarından istifadə olunur. Eyni zamanda, bu maşınlar dövlət sifarişlərinin reallaşdırılmasına imkan verən yeganə texnologiyalardır. On il ərzində 800-dən çox avadanlıq alan BTE bu gün demək olar ki, müasir texnologiyalara sahib olan yeganə istehsal müəssisələrindəndir.
Beləliklə də, istehsala müasir texnologiya cəlb edən BTE Çindən və Almaniyadan gətirilmiş mütəxəssislərin köməyilə dünya standartlarına uyğun məhsul istehsal etməyə və müasir Azərbaycanın tarixində ilk dəfə olaraq, Avropa ölkələrinə, Çinə, hətta ABŞ-a məhsul ixrac etməyə başlayıb. Heç şübhəsiz bu, Azərbaycanın uğurudur və dünyada istehsal sahəsində vurulmuş möhürdür. Bu möhürü isə yarım əsrdən çox tarixi olan BTE vurub ki, hazırda da böyük istehsal müəssisəsi kimi fəaliyyətini uğurla davam etdirir.
“Bakı Tikiş Evi”nin sistemli iş mexanizmi...
Qeyd edək ki, “Bakı Tikiş Evi” hazırda 5 tikiş və 4 əlavə sexlərdən (biçim, sınaq, hazırlıq, xüsusi geyimlər) ibarət olan, 700 nəfərdən çox işçinin çalışdığı böyük bir fabrikdir. Bu fabrik hazırda daha çox dövlət sifarişlərini yerinə yetirir və dövlət büdcəsinə vergi ödəyir. Təkcə ötən il ərzində 1 milyon 478 min manat əlavə dəyər vergisi ödəyən BTE 300 min manat gəlir və eyni məbləğdə də sosial sığorta vergisini dövlət büdcəsinə keçirib. Məhz çoxşaxəli istehsala sahib olan BTE-də fəaliyyət göstərən 9 sex keyfiyyətli məhsul istehsalına imkan yaradır.
“Bakı Tikiş Evi”ndə sistemli iş mexanizmi var. Əlbəttə ki, bəzi istehsal yerlərində tikiş sifarişlərini eyni komanda yerinə yetirir. Lakin BTE daxil olmuş sifarişi reallaşdırmaq üçün əvvəlcə onu modelyer-konstrukturlar vasitəsilə dəyərləndirir, sonra həmin model sınaqdan keçirilir, ilkin nümunələr hazırlanır və sifarişçiyə təqdim olunur. Yalnız bu mərhələdən - sifarişçinin müsbət rəyi alınandan sonra müqavilə əsasında çoxsaylı istehsala başlanılır. Burada həm də Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəyi də nəzərə alınır. Məhz BTE-nin yüksək keyfiyyətli məhsul istehsalı sirri bu iş mexanizmilə bağlıdır. Bu səbəbdəndir ki, hazırda BTE güc strukturlarının formalarının hazırlanması və tikişilə məşğuldur...
Yeni tarixi şərait və daha böyük uğurlar...
Söhbət etdiyimiz müəssisənin rəhbəri Fədail Rəhimov bildirdi ki, ölkəmiz müstəqillik qazanandan sonra bu fabrikin də üstünə çox böyük məsuliyyət düşdü: “Hər kəsə məlumdur ki, 1991-ci ildə ölkəmiz qanlı-qadalı, amma eyni zamanda, şərəfli bir yol keçərək müstəqilliyinə qovuşdu. Həmin dövrdə qaniçən ermənilər yenidən ölkəmizə qarşı torpaq iddialarına başlamışdılar. Qarabağ müharibəsi başlayanda fabrikin bütün kollektivi böyük fədakarlıq göstərərək qısa bir müddət ərzində iş profilini dəyişərək o dövrdə Vətənin keşiyini çəkən, səngərdə duran özünümüdafiə batalyonları üçün hərbi geyimlərin istehsalına başladı. Gecə-gündüz demədən çalışaraq ön cəbhədə düşmənlə üzbəüz dayanan Vətən övladlarını isti paltarla, hərbi geyimlə təmin edən fabrik kollektivi öz işinin öhdəsindən bacarıqla gəldi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmizdə dünya standartlarına cavab verən nizami ordu yaradılması mümkün oldu. Bu zaman yenə fabrikin mühəndis-texniki heyətinin üstünə böyük bir məsuliyyət düşdü. Belə ki, yeni formalaşan ordunun tələbatına Sovet dövrünün hərbi məhsulları cavab vermirdi. Yeni, modern orduya NATO standartlarına tam cavab verən hərbi geyimlər hazırlanmalı idi. Bu isə olduqca məsuliyyətli bir iş idi. Çünki Sovet dövründə fabrikə modellər Moskvanın, Kiyevin ayrı-ayrı elmi-tədqiqat institutlarından hazır vəziyyətdə daxil olurdu. Sovet İttifaqının dağılmasından sonra yeni modellərin alınması demək olar ki, qeyri-mümkün idi.
1997-ci ildən başlayaraq, Ümummilli lider Heydər Əliyevin göstərişilə NATO sisteminə keçən ordumuzun yeni geyimlərinin hazırlanması da məhz BTE-yə həvalə olundu. Əlbəttə ki, müasir texnologiyalara və təcrübəli texniki personala sahib BTE ayrı-ayrı ölkələrin təcrübəsindən də istifadə edərək, daha çox qardaş ölkə Türkiyənin ordusunun geyim modellərindən yararlanmaqla, hərbçilərimizin müasir geyimlərini hazırlayıb araya-ərsəyə gətirdi. Bu iş üzərində il yarım işləyən BTE sonda ölkə rəhbərliyi tərəfindən bəyənilmiş geyim formaları hazırladı. Buraya sıravi əsgərdən tutmuş ali rütbəli hərbçilərin yaz və qış geyiminə qədər bütün elementlər daxil idi”.
2006-cı ildən isə Daxili Qoşunların formalarını hazırlayan BTE artıq Daxili İşlər Nazirliyinin polis işçilərinin, Daxili Qoşunların hərbçilərinin, xüsusi təyinatlıların, Müdafiə Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının, Milli Qvardiyanın üzvlərinin və dənizçilərin formalarını hazırlayır.
1400 atmosfer təzyiqinə dözümlü, -20 dərəcə şaxtada belə hərarəti normal saxlayan yataq kisələri
Hal - hazırda “Bakı Tikiş Fabriki”ndə istehsal edilən yataq kisəsi 1400 atmosfer təzyiqinə dözümlüdür. Eyni zamanda, bu yataq kisələri -20 dərəcə şaxtada belə hərarəti normal saxlayır. Bu isə həmin kisələrin içərisində mövcud olan xüsusi maddədən - slikondan qaynaqlanır. Slikon soyuq hava kütləsinin yataq kisəsinin içinə daxil olmasına imkan vermir. Bundan başqa, yataq kisəsinin üst qatında xüsusi parçadan tikilmiş qoruyucu qat mövcuddur ki, bu da kisəyə yağış və qar sularının daxil olmasının qarşısını alır. Keçmiş Sovetlər Birliyində ilk dəfə həmin yataq kisələri “Bakı Tikiş Evi” tərəfindən istehsal olunub. “Bundan başqa, fabrikimizdə əşya çantası da istehsal olunur. Bu əşya çantası xüsusi özəlliklərə sahibdir. Xüsusi qopma müqaviməti ilə tikilən bu əşya çantaları içində olan əşyaları sağ-salamat yerinə çatdırmaq gücündədir. Eyni zamanda, hərbi kamuflaj geyimlərimiz də artıq hazırdır. Bu kamuflaj geyimləri tərkibində olan pambıq vasitəsi ilə bədəndəki təri özünə hopduraraq çətin şəraitdə hərbi vəzifələrini yerinə yetirən əsgər və zabit heyətini hava şəraitindən asılı olmayaraq xəstələnməkdən qoruyur. Həmin geyimlərə bu ildən keçmişik. Bunların hamısı ancaq bizdə hazırlanır. Bu avadanlıqları bizdən başqa heç kim hazırlaya bilmir. Tikiş evimizdə mövcud olan sınaq seximiz və laboratoriyamız bütün bu işləri görməyə imkan verir”, - deyən Fədail Rəhimov sonda qəzetimiz vasitəsi ilə kollektivləri adından xalqımızı, Silahlı Qüvvələrimizin əsgər və zabit heyətini təbrik edərək bildirib ki, rəhbəri olduğu “Bakı Tikiş Evi” hər zaman tikdikləri hərbi geyimlərlə hərbçilərimizin yanında olacaqlar.
OKTAY

Paylaş:
Baxılıb: 1422 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30