Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Yay təcrübəsi proqramı” uğurla davam edir

“Yay təcrübəsi proqramı” uğurla davam edir

19.08.2014 [09:42]

ARDNŞ-nin bu layihəsi tələbələrin təcrübi biliklərinin artırılmasında vacib rol oynayır
Artıq beşinci ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin, iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir. Qeyd edək ki, yay təcrübəsi tələbələrin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam edir. Proqramın şərtlərinə görə, tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanılır və işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq, əməkhaqqı alır. Eyni zamanda, ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın əsasən 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər.
14 aprel 2014-cü il tarixində ARDNŞ-nin saytında elan olunmuş müsabiqəyə ölkə daxilində və xaricdə 58 ali məktəbdə təhsil alan 1097 tələbə müraciət edib. 32 ali məktəb üzrə 209 tələbə yay təcrübəsinə qəbul edilib. Onu da qeyd etmək lazımdır ki, təcrübəyə qəbul edilmiş tələbələrdən 126 nəfəri ARDNŞ təqaüdçüsüdür. Seçim zamanı ARDNŞ-nin təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin, müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilib.
Dünən ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Yay təcrübəsi proqramı”nın iştirakçıları olan tələbələrlə media işçilərinin görüşü olub. Görüşdən öncə zavod direktorunun birinci müavini, baş mühəndis Nail Əmirov jurnalistlərlə söhbətində bildirib ki, dünya neft sənayesinin müasir texnologiya və təcrübələrini öz iş prinsipinə tətbiq edən ARDNŞ bu gün artıq beynəlxalq neft korporasiyalarının önündə gedir. İndi ARDNŞ neft-qaz sənayesinin inkişafına töhfələr verən bir şirkət kimi diqqəti cəlb edəcək qədər inkişafdadır və o, son illərdə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neft və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olmaqda, eyni zamanda, ekoloji təmizliyin yaradılmasında sahənin söz sahibinə çevrilib. Ona görə də, bu şirkətdə təcrübə keçmək və əmək kitabçasına ilk olaraq burada sahib olmaq hər bir tələbənin karyerası üçün çox önəmlidir. “Tövsiyəm budur ki, onlara yaradılan bu şəraitdən hərtərəfli yararlanmağa çalışsınlar. Xüsusən də nəzəri biliklərini təcrübi sınaqdan keçirməkdən çəkinməsinlər”, - deyən N.Əmirov zavodun sahələrində tələbələrə yaradılan təcrübə və iş şəraitindən də danışaraq qeyd edib ki, onların bu gün istehsalat təcrübəsi keçdikləri bu müəssisə ölkənin neft sənayesində önəmli yer tutur.
Tələbələrin təcrübə keçdikləri qurğulara yollanaraq burada onların iş təcrübələri ilə yaxından tanış olduq. 55 saylı qurğunun rəisi Mahir Orucov tələbələrlə söhbətlərində onlara bildirib ki, işlədikləri müddətdə zavodun əməkdaşları hesab edilirlər və güzəştlərdən istifadə etmək hüquqları var: “Bütün hallarda tələbələrdən gözləntimiz onların qazandıqları nəzəri biliklərini praktikaya uğurla tətbiq etmələridir. Biz bu yolda sizə hər bir dəstəyi verməyə hazırıq”.
Görüşdə təcrübə keçən tələbələr də çıxış edərək iş şəraitlərindən, zavodda onlara göstərilən xoş münasibətdən danışıblar. Qeyd edək ki, burada yay təcrübəsi keçən tələbələrin çoxu Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təhsil alır. Hətta tələbələrin bir neçəsi ikinci ildir ki, burada təcrübə keçir.
ADNA-nın kimya-texnologiya mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi Fərid Nəbiyev onlar üçün yaradılan şəraitdən razı qaldığını bildirib: “Biliklərimizi təcrübədə sınaqdan keçirmək imkanı qazandığımız, eyni zamanda, bu “Yay təcrübəsi proqramı”nın ödənişli əsaslarla olduğu üçün ARDNŞ rəhbərliyinə təşəkkür edirik. Buradakı peşəkar kadrlarla işləmək bizə yeni inkişaf imkanları yaradır. Zavodun iş prinsipi və metodundan razıyıq və burada ancaq biliyin üzərinə yenilərini də əlavə etmək imkanlarını əldə edirik”.
Qafqaz Universitetinin tələbəsi İlham Şahverdiyev də zavodda peşəkar mütəxəssislərdən qayğı və diqqət gördüyünü bildirib: “Nəzəriyyədə qazandığım biliklərimi praktikadan keçirmək üçün normal şərait yaradılıb. Burada qazandığım iş təcrübəsi də gələcək karyerama kömək olacaq”.
Digər təcrübəçi gənc Xədicə Qarazadə zavodun 8 saylı sahəsində əmtəə labaratoriyasında 9-cu dərəcəli kimyaçı kimi təcrübə keçir. O, ARDNŞ-nin tələbələrlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək şirkətin yaratdığı bu şansdan maksimum yararlanıb daha çox yenilikləri öyrənməyi məqsədəuyğun hesab edir: “Bu təcrübə gələcək fəaliyyətimiz üçün böyük stimuldur”.
Qeyd edək ki, təcrübə keçən digər tələbələr Yunis Lətifzadə, Xəyyam Quliyev, Günel Əzizova, Tacəddin İbrahimov və başqaları birmənalı olaraq zavodda yaradılan mükəmməl təcrübə şəraitinə görə rəhbərliyə minnətdarlıqlarını ifadə ediblər. Onlar deyiblər ki, zavod rəhbərliyi təcrübələrinin daha səmərəli keçməsi üçün onların hər biri ilə şəxsən maraqlanır, köməyə ehtiyacı olanlara mənəvi və texniki dəstəyini əsirgəmir.
Sonra tələbələrin təcrübə rəhbərləri ilə söhbət etdik. Onlar tələbələrin işə davamiyyətindən, işgüzarlıqlarından razı qaldıqlarını bildirərək əlavə ediblər ki, ötən qısa dövr ərzində bu gənclər nəzəri biliklərini praktikaya uğurla tətbiq edirlər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 965 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30