Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADU yeni tədris ilinə yeni islahatlarla başlayır

ADU yeni tədris ilinə yeni islahatlarla başlayır

13.09.2014 [10:53]

Tam təmir olunmuş yataqxana, əməkhaqqı artımı, tələbələr xaricə göndərilir...
Azərbaycanda dövlətin təhsilə göstərdiyi diqqət və qayğı bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Məlum olduğu kimi, təhsilə daim böyük önəm vermiş Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bir sözlə, Azərbaycanda təhsilə olan diqqət, ölkəmiz üçün təhsilin inkişafı prioritet sahədir. Bu səbəbdən hazırda ölkəmizin təhsil sistemində ciddi islahatlar aparılır. Azərbaycan Dillər Universiteti (ADU) isə hər zaman bu islahatların önündə gedən ali təhsil müəssisəsidir.
Azərbaycan Dillər Universiteti 2014-2015-ci tədris ilinə yeniliklərlə qədəm qoyur. Belə ki, bu tədris ilində ADU-ya qəbul planı yüz faiz həyata keçirilib. Bu il Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinə 1500-ə, magistratura pilləsinə isə 200-ə yaxın tələbə qəbulu olub, eyni zamanda, doktorantura pilləsinə tezliklə baş tutacaq qəbulla bağlı müvafiq işlər görülüb. Universitetin bakalavr və magistr pilləsinə qəbul göstərir ki, hər il yüksək səviyyədə həyata keçirilən bu proses nəticəsində Azərbaycan Dillər Universiteti ölkəmizin universitetləri içərisində aparıcı təhsil müəssisələrindən birinə çevrilib. Bu isə, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu tədris ilində ADU tələbələrinin sayı 6000-i keçib. Göstərilən bu rəqəm qısa zaman kəsiyində universitetdə aparılan islahatların, yürüdülən uğurlu təhsil siyasətinin nəticəsidir. Kredit sisteminin tam tətbiqi, mobilliyin təmin olunması, tələbə yönümlü təhsilin təşkili ilə ADU Avropa standartlarına yaxınlaşmaq istiqamətində vacib addımlar atıb.
Azərbaycan Dillər Universitetinin sahib olduğu geniş imkanlar nəticəsində hər il universitetdə nəzərəçarpan və çox vacib yeniliklər baş verir. Bu yeni tədris ilində də universitetdə yeniliklər aparılıb. Belə ki, hər il olduğu kimi, yeni tədris ilində universitetin hər üç korpusunda əsaslı təmir işləri aparılır, hər üç bina maddi-texniki bazası yenilənmiş formada tələbələrin ixtiyarına verilir. Universitetin ikinci korpusunda tədbirlərin, iclasların keçirilməsinə xidmət göstərən, əsaslı təmir nəticəsində tam müasir yeni standartlara cavab verən Akt zalı yenidən istifadəyə verilib. Bu gün ADU öz xarici qonaqlarını böyük fəxr hissi ilə universitetlə, buradakı təhsil sistemi ilə tanış edir. Azərbaycan Dillər Universitetinin ayırdığı maddi vəsait əsasında və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə təmir edilib yeniləşmiş, maddi-texniki bazası dəyişdirilmiş, yeni texnologiyalarla, yeni əlavə kommunikasiya imkanları, ən müasir texnika ilə təmin edilmiş 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi (İRK), o cümlədən İnformasiya Resurs Kompleksinin Amerika mərkəzi yenidən istifadəyə verilir. Bu gün Azərbaycan Dillər Universiteti burada fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi və “Açıq kitabxana” vasitəsilə kitabxana mühitini, universitetdə kitab fəlsəfəsini ən yüksək səviyyədə həyata keçirən ali məktəb kimi təqdim oluna bilər. İlk dəfə universitet tarixində Azərbaycan Dillər Universitetində məhz İRK-nin nəzdində yeni telestudiya açılır. Müəllimlər və tələbələr telestudiya vasitəsilə universitetin daxilində çıxış edə, öz mühazirə və mülahizələrini söyləyə, tələbələrlə söhbət edə, öz sözlərini çatdıra biləcəklər.
Bu tədris ilində tədris binaları ilə yanaşı, ADU-nun tələbə yataqxanası yüksək səviyyəli və yaşayış üçün lazım olan hər növ avadanlıqlarla təchiz edilib, sanitar gigiyenik normalara uyğun, ən yüksək səviyyədə təmir edilib, tələbələrin istifadəsinə verilib.
Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Fərmanı əsasında universitetdə fəaliyyət göstərən professor-müəllim, o cümlədən, işçi heyətinin əməkhaqları artırılıb. Yüksək səviyyədə işçilərin sosial rifahının yüksəlməsi, onların maddi durumunun yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar Azərbaycanda ali məktəblər sırasında ən yüksək səviyyəyə çatdırılıb. Bu gün ADU əməkdaşları 500-1500 AZN arası müxtəlif vəzifələr üzrə əməkhaqqı alırlar. Universitetdə maaşı artırılmayan bir nəfər belə qalmayıb.
ADU-da fəaliyyət göstərən professor-müəllim heyəti yüksək istedadları ilə fərqlənir və müxtəlif ölkələrin tanınmış jurnallarında kitabları, məqalələri dərc olunur. Dillər Universiteti bu gün keçirdiyi maliyyə islahatları nəticəsində yüksək səviyyəli, Azərbaycan təhsil sistemini inkişaf etdirən, ölkəmizi dünyada təmsil etmək imkanına malik olan müəllimləri seçib onları qiymətləndirmək üçün xüsusi şərait yaradır. Bu il də ənənəvi olaraq keçirilən yay məktəbindən yüksək nəticələr əldə edən ADU-da ilk dəfə olaraq bu yay məktəbində dərs deyən müəllimlərin saathesabları yüksək səviyyədə ödənilib.
Heç şübhəsiz, Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, digər ölkələrlə münasibətlərinin yüksəlməsində təhsil sahəsində beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti var. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycanlı gənclərin xarici ölkələrə təhsil almaq üçün göndərilməsi siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçısının tərəfindən göstərilən dəstəyin nəticəsi olaraq Azərbaycan təhsil sistemində geniş miqyasda islahatlar aparılmış, təhsil sahəsində yeni-yeni uğurlar əldə edilmişdir. Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın təsdiq edilməsindən sonra xaricdə təhsil almaq üçün göndərilən azərbaycanlıların sayı ilbəil artmaqda davam edir.
Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsindən irəli gələrək ADU-nun beynəlxalq əlaqələri, qoşulduğu beynəlxalq proqramlar nəticəsində universitet həm maddi, həm də ictimai baxımdan xeyli inkişaf etmişdir. Azərbaycan universitetləri içərisində rəqabəti sevən və rəqabətə davamlı universitet olan Azərbaycan Dillər Universitetində tələbələrin dünya dillərinə olan marağını artırmaq, onları ölkələrarası əlaqələrin inkişafında vasitəçi kimi yetişdirmək üçün proqramlar həyata keçirilir. Bu proqramlar nəticəsində ADU tələbələri bu gün artıq bir sıra ölkələrin ali məktəblərində oxuyurlar və Universitetə xaricdən tələbələr gəlirlər. ADU-dan tələbələr bu tədris ili üçün Fransa, Koreya, Norveç, İtaliya, Yaponiya, Çin kimi ölkələrdə təhsillərini davam etməyə yollanırlar. Bu gün Azərbaycan Dillər Universitetinin həm tələbələri, həm müəllimləri elə bir imkanlara malikdirlər ki, dünyanı fəth edə bilirlər.
Heç də təsadüfi deyil ki, Azərbaycanda hər zaman ilklərə imza atan Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsinin tələbəsi Nərmin İsmayılova bu il ADU ilə yanaşı, Böyük Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbə oldu.
Azərbaycan Dillər Universiteti yeni tədris ilinə, həmçinin digər yeniliklərlə də qədəm qoyur. Belə ki, ADU-da növbəti dərs ilindən macar dilinin tədris olunması nəzərdə tutulub.
Beləliklə, ADU hər zamankı kimi formaca yenilənən, məzmunca aparılan islahatları ilə öndə olan, aparıcı, tələbələr üçün geniş perspektivli üfüqlər açan, müəllimlər üçün yeni-yeni imkanlar yaradan ali təhsil müəssisəsi olaraq bu yeni tədris ilinə də həmişəki kimi yeniliklərlə, islahatlarla və uğurla başlayır.
ADU-nun İctimaiyyətlə
əlaqələr departamenti

Paylaş:
Baxılıb: 951 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30