Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır

Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır

29.11.2014 [11:21]

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Bu gün müasir Azərbaycan reallığına nəzər saldıqda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək mümkündür. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir.
Milli mətbuatımızın uğurlu inkişafı zəngin keçmişinin mirasıdır
Məlum olduğu kimi, “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Belə ki, Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazandı. Həmin dövrdə ziyalıların müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoydu.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin repressiya maşını Azərbaycanın istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd etdi. Heç də təsadüfü deyil ki, 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər. Bu mənada bəlli bir zaman kəsiyində ölkəmizdə milli mətbuatın inkişafında müəyyən durğunluqlar yaşandı.
Lakin, 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman doğma dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Təsadüfi deyil ki, məhz Ulu öndərin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Ümummilli liderimizin diqqət və qayğısı nəticəsində, həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanda söz və mətbuat azadlığını təmin etdi
Mətbuata, azad sözə diqqət və qayğı Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdirildi. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanda söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atıldı. Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı təsbit edildi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilir: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Heç şübhəsiz, ölkəmizdə mətbuat azadlığının inkişaf etdirilməsi, insanların söz azadlığı hüququnun qorunmasından danışarkən, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusi olaraq qeyd edilməlidir. Məhz bu Fərman Azərbaycanda mətbuatın azad və müstəqil formada inkişafında yeni mərhələnin əsasını qoydu, kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bir sözlə, bu Fərmanın Azərbaycan tarixindəki yeri həddindən artıq böyükdür. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.
Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyev milli mətbuatın, azad sözün inkişafının qarşısını alan maneələri aradan qaldırmaqla yanaşı, hələ yeni-yeni formalaşan müstəqil Azərbaycan mətbuatının gələcəyinin təminatı ilə bağlı da addımlar atdı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulu müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənədin meydana gəlməsinə şərait yaratdı. Bu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı. Belə ki, 2000-ci ilin martında Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, beynəlxalq təcrübəyə əsaslanaraq, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi təşkilatı əsaslarının möhkəmləndirilməsi məqsədi ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Daim mətbuata, jurnalistlərə böyük qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarını dondurdu. Bu borclar sonradan ləğv edildi.
Onu da vurğulamaq yerinə düşər ki, Ulu öndərimizin Azərbaycan mətbuatına, jurnalistlərə, o cümlədən, azad sözə qayğısı da qarşılıqlı olaraq qələm sahibləri tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın milli mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Ulu öndər Heydər Əliyev 2002-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” seçilib.
Prezident İlham Əliyev Azərbaycanda söz azadlığının inkişafında yeni mərhələnin başlanğıcını qoydu
Onu da qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə, söz azadlığına, mətbuat azadlığının qorunması siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir. Milli mətbuatın yaranmasının 130 və 135 illik yubileylərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, sonrakı dövrdə, demək olar ki, hər il qəzetlərə birdəfəlik yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, Azərbaycanda mətbuatın inkişafına, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi, sonrakı dövrdə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması bu sahədə ciddi dönüşün və irəliləyişin yaranmasına gətirib çıxardı. Məhz KİVDF-nin mütəmadi olaraq keçirdiyi yazı müsabiqələri, o cümlədən, Fond tərəfindən KİV-lərə birdəfəlik yardımların ayrılması, KİV-lərin irəli sürdüyü layihələrə maddi dəstəyin verilməsi ölkəmizdə jurnalistikanın inkişafında, bu sahəyə olan marağın daha da artmasında müstəsna rol oynadı.
Məlum olduğu kimi, Prezident İlham Əliyev hər zaman jurnalistlərin sosial rifah halının yüksəldilməsi məsələsini də diqqət mərkəzində saxlayır. Bu istiqamətdə atılan addımlar media nümayəndələrinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Bu mənada 2010-cu ildə - Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan mühüm Sərəncam xüsusi vurğulanmalıdır. Sərəncamın uğurlu icrası nəticəsində 2013-cü ildə jurnalistlərə yeni evlər verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışında bu tədbirlərin davamlı xarakter daşıyacağını bəyan etdi. Elə həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzalandı və ölkə başçısı jurnalistlər üçün 240 mənzilli yeni binanın təməlqoyma mərasimində iştirak etdi.
Prezident İlham Əliyevin bu diqqət və qayğısı ölkəmizdə azad sözün inkişafına əsl stimul sayılır. Bu mənada jurnalistlər də ölkə başçısının bu diqqət və qayğısını yüksək dəyərləndirirlər. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev 2 dəfə-2010-cu ildə və 2013-cü ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirdiyi sorğuya əsasən “Jurnalistlərin dostu” mükafatının qalibi olub. Yəni, jurnalistlər hər zaman ölkə başçısını özlərinin ən yaxın dostu sayırlar.
Bir sözlə, Azərbaycanda mətbuatın inkişafının, o cümlədən, söz azadlığı və plüralizmin yüksək səviyyədə olmasının arxasında illərlə gəlinən yol, formalaşan ənənə dayanır. Bu yolda qarşıya çıxan problemlər isə cəmiyyət-dövlət tandeminin birgə səyi nəticəsində aradan qaldırılır. Bu birgə fəaliyyət nəticə etibarı ilə dövlətin inkişafına, ölkəmizdə söz azadlığının daha da möhkəmlənməsinə xidmət göstərir. Heç şübhəsiz, Azərbaycan mətbuatının inkişaf tarixində açılan bu yeni mərhələ birmənalı olaraq Prezident İlham Əliyevin mediaya, söz azadlığına qayğısını, diqqətini özündə təcəssüm etdirir.
Pərviz SADAYOĞLU,
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1224 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30