Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mədəniyyəti və incəsənəti dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycan mədəniyyəti və incəsənəti dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub

25.12.2014 [09:24]

Hazırda ölkəmizdə bütün sahələr kimi ədəbiyyata və mədəniyyətə də dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu siyasətin də əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına xidmət edən hər bir fəaliyyət daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yeri gəlmişkən, bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, bütövlükdə mədəniyyət, incəsənət məsələlərinə həmişə olduğu kimi, böyük diqqət göstərilir və göstərilməlidir: “Bu, əvvəlki dövrlərdə də elə olub. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev sənət adamlarına daim böyük diqqətlə yanaşırdı, onlarla daim ünsiyyətdə idi, onların fəaliyyəti ilə maraqlanırdı. Sovet dövründə onlara ən yüksək mükafatların verilməsində fəal iştirak edirdi. Müstəqillik dövründə yaradıcı insanların fəaliyyəti üçün çox böyük işlər görürdü. Bu gün də bu siyasət davam etdirilir”.
Elə bu günlərdə, yəni dekabrın 18-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminin müxtəlif fəxri adlara layiq görülməsi də həmin diqqət və qayğının növbəti bariz təzahürüdür. Qeyd edək ki, dövlət başçısının Sərəncamı əsasında təltif olunanlar arasında sevimli xanəndəmiz Könül Xasıyeva və məşhur gitara ustası Rafiq Hüseynov da var. Qəzetimizə müsahibəsində Könül Xasıyeva bu adın onun yaradıcılığına stimul verəcəyini vurğulayıb: “Mən Prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm ki, mənim mədəniyyətimizlə bağlı gördüyüm işləri yüksək qiymətləndirdi və məni bu şərəfli ada layiq bildi. O qədər mənə zənglər gəldi, insanlar mənim bu sevincli anımda yanımda oldular, sevincimə şərik çıxdılar. Bu məqamı inanın sözlə ifadə etmək mümkün deyil. Həm qürur hissi duyursan, eyni zamanda, həm də məsuliyyət hissin birə beş artır. Düşünürsən ki, çox hörmətli dövlət başçımız məni bu ada layiq görüb, mən də artıq bundan sonra işimə indiyə kimi necə məsuliyyətlə yanaşırdımsa, onun bir neçə qatı məsuliyyətlə yanaşmalıyam. Məsuliyyət artmalıdır ki, bu ada layiq olaq”.
2002-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adını aldığını xatırladan Könül Xasıyeva bildirib ki, 12 il sonra Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq artisti fəxri adını almasından qürur duyur: “Bilirsiniz incəsənət adamları incəsənətə gələndə nə qazanacaqlarını düşünmürlər. O bilmir ki, gələcəkdə məşhur olacaqmı, ona qarşı diqqət olacaqmı. İnanın, o, sadəcə bu sənəti seçir və özünü bu sənətə həsr edir. Azərbaycan incəsənəti, sənət xadimləri dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Mən dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycan bu gün inkişafına görə heç bir ölkədən geri qalmır. Paytaxt və bölgələrimizin siması dəyişib, yeniliklər geniş vüsət alıb. Xalqda böyük ruh yüksəkliyi mövcuddur. Təbii ki, bu əhval-ruhiyyə ölkəmizin uğurlarından qaynaqlanır. Bu günümüzü 10 il, 20 il bundan öncə ilə müqayisə etdikdə böyük inkişafın şahidi oluruq. Bu gün hansı rayona gedirsən, böyük quruculuq, abadlıq işlərinin şahidinə çevrilirsən. Ölkəmiz birincilər sırasındadır. Bakımıza qonaq gələn hər kəs ölkəmizin inkişafını möcüzə kimi dəyərləndirir. Paytaxt Bakı qədimiliklə müasirliyin vəhdətini qoruyan şəhər kimi önə çəkilir. Bu, inkişaf, tərəqqi deyilmi? Biz fəxr edir, sevinirik ki, ölkəmiz belə sürətlə inkişaf edir, bu uğurlarımız milli musiqimizdən də yan keçmir. Hər sahəyə xüsusi diqqət və qayğı daha səylə çalışmağa stimul verir. Azərbaycanın daha da çiçəklənməsinə, qüdrətlənməsinə öz töhfəmizi verməli, birgə səylər göstərməliyik”.
Könül Xasıyeva milli sərvətimiz olan muğamın inkişafına göstərilən yüksək diqqət və qayğıdan da məmnun olduğunu bildirib: “Muğam Azərbaycan xalqının tarixi sərvətidir. O, minilliklərin yadigarı kimi günümüzə kimi gəlib çatıb. Bu sirli-sehrli aləmə dövlətimizin göstərdiyi qayğı isə göz önündədir. Davamlı olaraq televiziyada muğam müsabiqələri keçirilir. Çoxlu sayda istedadlı yeniyetmə və gənc bu müsabiqələrə qatılaraq özünü ifadə etməyə çalışır. Bundan başqa, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində muğamlarımız UNESCO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib. Həmçinin, gənc xanəndələrə böyük dəstək var. Onların konsertləri həm ölkədə, həm də ölkə xaricində təşkil olunur, albomları hazırlanır. Dünyanın ən böyük konsert salonlarından musiqimizin, muğamımızın sədaları eşidilir. Bizlərsə müstəqil, günü-gündən daha da inkişaf edən ölkəmizdə yaşayıb yaradırıq. Sonda bir daha qəzetiniz vasitəsi ilə bizlərə göstərilən diqqətə və qayğıya görə dövlətimizə, cənab Prezidentimizə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya öz adımdan, ailəmiz və sənətçi dostlarım adından təşəkkürlərimi bildirirəm”.
Xalq artisti fəxri adına layiq görülən digər sənətçi Rafiq Hüseynov (Rəmiş) bildirib ki, bu, onun sənətinə verilən ən böyük qiymətdir: “Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram, böyük diqqət və qayğı göstərilir. İndi baxın, siz ölkəmizdə elə bir tədbir tapa bilməzsiniz ki, orada muğam, musiqi sədası eşidilməsin. Elə heç uzağa getməyək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə təmir olunaraq xalqımızın istifadəsinə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.
Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəyə yüksəlməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Mədəniyyəti xalqın ən böyük mənəvi sərvəti hesab edən Ulu öndər mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi və bu günlərə gəlib çıxması üçün çox mühüm işlər görüb. Bu gün də Onun yolunu möhtərəm Prezidentimiz davam etdirir. Məni bu fəxri ada layiq gördüyünə görə cənab Prezidentimizə öz təşəkkürümü bildirirəm”.
Görkəmli ifaçı bildirib ki, bu adın verilməsini eşidəndə sevincinin həddi-hüdudu olmayıb: “Evdə yox idim, şəhərdə gəzirdim. Zənglər gəldi, hamı təbrik etdi. O anda zəng vurub təbrik edənlərin hamısı mənim sevincimi bölüşür, buna bir az da öz sevinclərini qatırdılar. Bu da heç şübhəsiz, xalq arasında sənətimə olan sevgidən irəli gəlir”.
Xalq artisti Rafiq Hüseynov, eyni zamanda, qeyd edib ki, Ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dahi rəhbərin müəyyənləşdirdiyi yolla gedərək sürətlə inkişaf edir: “Onun qurub-yaratdığı Azərbaycan etibarlı əllərdədir. Müasir dövrümüzdə Azərbaycan mədəniyyət və incəsənəti Azərbaycan Prezidentinin həyata keçirdiyi mədəniyyət siyasətinin nəticəsində yeni dövrünü yaşayır. Azərbaycan milli mədəniyyəti, sənəti dövlətin diqqətindədir və qayğı ilə əhatə olunur. Bu sahədə çalışan insanlara mükafatların və fəxri adların verilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları təqdim olunur. Mən 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdüm, indi isə Xalq artisti fəxri adı ilə təltif olunmuşam. Yaradıcı insanların sənətinə fərdi bir şəkildə yanaşıb, onun bu şəkildə təqdim edilməsi şərəfdir. Təbii ki, bu, mükafat hər bir sənətçinin üzərinə böyük məsuliyyət qoyur və sənət fəaliyyətini davam etdirməyə stimul verir.
Ümumiyyətlə, Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə meydan verir. Ölkə mədəniyyətinin inkişafı ilə bağlı ardıcıl olaraq imzalanan sərəncamlar milli mədəniyyətimizin daha da inkişafına səbəb olur.
Musiqimizə diqqət və qayğı deyəndə mənim yadıma Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər düşür. Həqiqətən də, musiqimizin inkişafına Heydər Əliyev Fondu dayaq durur. Ölkəmizdə və onun sərhədlərindən kənarda böyük musiqi layihələrini həyata keçirir. Hazırda Azərbaycan musiqisi Fransada, İtaliyada, Amerikada, dünyanın müxtəlif ölkələrində səslənir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən görüşlər, sərgilər, konsertlərdə ölkəmizin qədim və zəngin mədəni irsi təbliğ olunur, ölkələr arasında dostluq əlaqələri inkişaf edir. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilib, muğam müsabiqələri təşkil olunub. Təbii ki, bütün bunlar Azərbaycan rəhbərinin mədəniyyətimizə göstərdiyi diqqətin nəticəsidir”.
Oktay

Paylaş:
Baxılıb: 846 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30