Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Memarlıq və İnşaat Universitetində 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası uğurla keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetində 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası uğurla keçirilir

16.01.2015 [10:09]

Azərbaycan təhsilinin inkişafında özünəməxsus yeri olan Azərbaycan Memarlıq və İnşaat Universiteti səmərəli fəaliyyəti ilə seçilir
Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar zəminində həyata keçirilən strateji kurs dayanır. Ümummilli lider Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm, fundamental töhfələr verir.
Şübhəsiz, təhsil sektorunun inkişafı müvafiq sahədə ayrı-ayrı akademik təsisatların, o cümlədən, ali təhsil müəssisələrinin fəaliyyət mexanizminin səmərəliliyinin artırılmasına zəmin yaradır. Bu mənada, Azərbaycan təhsilinin inkişafında özünəməxsus yeri olan Azərbaycan Memarlıq və İnşaat Universiteti səmərəli fəaliyyəti ilə seçilir.
Bu ali təhsil müəssisəsi müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən ixtisaslı kadrlar - mütəxəssislər yetişdirməkdədir. Azərbaycan Memarlıq və İnşaat Universitetində 7 fakültə fəaliyyət göstərir. 6500 tələbənin təhsil aldığı Universitetdə professor-müəllim heyətinin sayı 500-ə bərabərdir. Bununla yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universiteti geniş beynəlxalq əlaqələrə malikdir və xarici ölkələrin bir sıra universitetləri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu kontekstdə geniş təcrübə mübadiləsi aparılır və əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir.
Beləliklə, Azərbaycan Memarlıq və İnşaat Universiteti həm Azərbaycan təhsilinin inkişafına, həm də ikitərəfli səmərəli beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olmaqla təhsilimizin beynəlxalq inteqrasiyasına fundamental töhfələr bəxş edir.
Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya və kommunikasiya texnologiyalarının genişlənməsi, yeni istehsal sahələrinin yaranması və təkmilləşməsi öz növbəsində yeni peşəkar kadrların hazırlanması zərurətini ortaya çıxarır. İstənilən sahənin inkişafında ixtisaslı kadrların hazırlıq səviyyəsi və fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı, intellektual və peşəkar kadrların mövcudluğudur. Dolayısıyla, müasir elmi-texniki yeniliklərdən xəbərdar olan, iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnən peşəkar kadrlara tələbat da artır. Bu çağırışlara müvafiq olaraq ölkədə kadr hazırlığına xidmət edən təhsil sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə görülən işlər başlıca olaraq təhsildə kəmiyyət və keyfiyyət dəyişikliklərinə yönəlib. Təhsil sektorunda gerçəkləşdirilən islahatlar təlim-tədris prosesinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verir.
Bu baxımdan, Azərbaycan Memarlıq və İnşaat Universiteti səmərəli fəaliyyəti ilə müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, bu ali təhsil müəssisəsinin səmərəli fəaliyyətini təmin edən mühüm amillərdən biri də uğurlu tədris prosesi ilə yanaşı, imtahan sessiyalarının şəffaf - ədalətli və yüksək standartlar əsasında keçirilməsidir. Yeri gəlmişkən, qış imtahan sessiyası müəyyən olunmuş qrafikə uyğun şəkildə davam etdirilir. Azərbaycan Memarlıq və İnşaat Universitetində 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası Azərbaycan Respublikası təhsil nazirinin imtahan sessiyasının keçirilməsi barədə əmrinə və Universitet rektorunun tənzimləyici əmrlərinə uyğun təşkil edilib. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə universitetdə rektorun rəhbərliyi ilə komissiya və ictimai təşkilatları özündə birləşdirən qərargah da fəaliyyət göstərir. Universitet üzrə nəzərdə tutulmuş imtahanların 60 faizi test üsulu ilə kompüterlə, 40 faizi rektorluğun monitorinqi ilə yazılı təşkil olunub. Həmçinin, 15 faizi qabiliyyət tələb edən fənlər üzrə xüsusi auditoriyalarda təşkil olunub. Ötən imtahan sessiyalarından fərqli olaraq cari sessiyada imtahana qədərki balların kompüter bazasında əvvəlcədən yerləşdirilməsi şəffaflığın təmin olunması istiqamətində atılmış uğurlu addımlardandır. İmtahanlar mərkəzləşdirilmiş qaydada müşahidə kameraları ilə təchiz olunmuş imtahan zallarında rektorun birbaşa nəzarəti ilə keçirilir. Universitetdə yazılı imtahanların keçirilməsi və yoxlanılması mexanizmi işlənib hazırlanıb, həmçinin, tələbələrin yazı işlərinin şifrələnməsi və yoxlanılması rektorluqda həyata keçirilir. İstər test, istərsə də yazılı imtahanların nəticələri ilə əlaqədar tələbələrin şikayətləri imtahan qrupu tərəfindən araşdırılır və müvafiq qərar qəbul olunur.
İmtahan zallarının kompüter parkının yeniləşməsi və sayının artırılması imtahan prosesində mütəşəkkilliyin təmin olunmasını daha da yaxşılaşdırmışdır. Bütün fənlər üzrə test bankları və yazılı imtahan sualları universitetin Tədris şöbəsinə təqdim edilmişdir. İmtahanlarda obyektivliyin təmin olunması istiqamətində görülən işlərdən biri də imtahan biletlərinin hazırlanaraq məxfi saxlanılmasıdır.
Qeyd etmək lazımdır ki, tələbələr imtahanların gedişinin obyektiv və şəffaf olduğunu bildirir, təşkilatçılığı yüksək qiymətləndirirlər. Məsələn, memarlıq fakültəsinin I kurs tələbəsi Nübar Həbibova deyib ki, qış imtahan sessiyası olduqca şəffaf və ədalətli keçirilir: “Əsas məqam budur ki, imtahanda müasir texnologiyalardan istifadə edilir, tələbələrin biliyi obyektiv qiymətləndirilir. Mən bu prosesdən olduqca razıyam, düşünürəm ki, bu, universitet rəhbərliyinin tələbələrin fərdi inkişafına, o cümlədən, təhsilin inkişafına göstərdiyi qayğının nümunəsidir”.
Su təsərrüfatı və mühəndis kommunikasiyası sistemləri fakültəsinin IV kurs tələbəsi Əfsanə Usubzadə isə bildirib ki, təhsil aldığı müddətdə Azərbaycan Memarlıq və İnşaat Universitetində tədris prosesi və imtahan sessiyaları təhsilin inkişafına xidmət edib: “Artıq 4 ildir ki, bu ali təhsil müəssisəsində təhsil alıram. Universitet rəhbərliyi təhsilin inkişafına xüsusi diqqət yetirir. Eyni zamanda, yay və qış imtahan sessiyaları obyektiv, şəffaf keçirilir ki, bu da tələbələrin biliyinin düzgün - adekvat qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cari imtahan sessiyasını da pozitiv qiymətləndirirəm. Hesab edirəm ki, qış imtahan sessiyası uğurla başa çatacaq”.
“Məlum olduğu kimi, imtahanlar yazılı və test üsulu ilə keçirilir. Həm test imtahanlarında, həm də yazılı imtahanlarda hazırlıq səviyyəmiz obyektiv qiymətləndirilir. Tədris prosesində isə müasir texnologiyalardan istifadə edilir ki, bu həm ümumi hazırlığımızın yüksək olmasına, həm də fundamental biliklər əldə etməyimizə imkan verir. Qış imtahan sessiyasında müşahidə etdiyimiz əsas hal şəffaflıqdır. Bu, tələbələrdə böyük məmnunluq hissi və stimul yaradır”. Bu sözləri isə sənayenin təşkili və idarə olunması ixtisası üzrə II kurs tələbəsi Kənan Mustafayev deyib.
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə II kurs tələbəsi Kamran Oruczadə isə bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti müvafiq ixtisas sahələri üzrə təhsilin keyfiyyəti ilə fərqlənir: “Təhsil cəmiyyətə faydalı, sağlam düşüncəli fərdlərin yetişməsi və kadr potensialının formalaşdırılması üçün əvəzsiz vasitədir. Xüsusilə də fundamental ixtisas biliklərinə yiyələnmədən hər hansı nailiyyət əldə etmək olmaz. Bu baxımdan, təhsil aldığım universitet müsbət nümunə kimi çıxış edir. İmtahan sessiyalarının obyektiv keçirilməsi də təhsilin inkişafına xidmət edir. Qış imtahan sessiyasının gedişi də bunu deməyə əsas verir”.
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Aslan Təhməzli isə hesab edir ki, cari qış imtahan sessiyası da təhsilin inkişafına, tələbələrin keyfiyyətli təhsil almasına xidmət edir: “Cari imtahan sessiyasında yeni texnologiyalardan səmərəli istifadə edilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, tələbələr bu prosesi olduqca yüksək qiymətləndirirlər”.
Həmin ixtisasın digər tələbəsi Məmmədqadir Mirzəyevin fikrincə, Azərbaycan Memarlıq və İnşaat Universiteti səmərəli kadr hazırlığında özünəməxsus yer tutur. “Universitetin profili, təhsil səviyyəsi, tədris prosesinin səmərəliliyi respublikada kadr hazırlığı işində müstəsna əhəmiyyət kəsb edir. Səbəbsiz deyil ki, təhsil aldığımız ali təhsil müəssisəsinin beynəlxalq tərəfdaşlarının sayı davamlı olaraq artır”, - deyən M.Mirzəyevin sözlərinə görə, qış imtahan sessiyasının yüksək təşkilatçılıq şəraitində və şəffaf keçirilməsi təqdirəlayiq haldır.
Beləliklə, tələbələrin qənaətləri və müşahidələrimiz deməyə əsas verir ki, dekabrın 29-da start götürmüş və yanvarın 18-dək davam edəcək qış imtahan sessiyası olduqca ədalətli, şəffaf və yüksək standartlar - texnologiyalar əsasında keçirilir. Bu isə, öz növbəsində, tələbələrin müvafiq biliklərinin adekvat - obyektiv qiymətləndirilməsinə xidmət etməklə yanaşı, təhsildə şəffaflıq və səmərəlilik prinsipinə riayət olunmasını göstərir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30