Culfa rayonunun Bənəniyar kəndində yeni sosial obyektlər istifadəyə verilib
06.02.2015 [09:58]
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu da əhatə edib. Bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri rayonun Bənəniyar kəndini də müasir görkəmə qovuşdurub. Kənddə həyata keçirilən kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti sakinlərin firavan yaşayışına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, fevralın 5-də Bənəniyar kəndində yeni sosial obyektlərin açılışı olub.
Bənəniyar kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılıb
Fevralın 5-də Bənəniyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev deyib ki, Culfa rayonu gündən - günə inkişaf edir, yeniləşir. Göstərilən qayğı rayon mərkəzi ilə yanaşı, kəndlərin də inkişafına səbəb olub. Ötən il rayonun Əlincə və Şurud kəndlərində yeni sosial obyektlər istifadəyə verilib, Culfa şəhərindəki 18 və 20 nömrəli yaşayış binaları əsaslı təmir olunub, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilib. Rayonda əhalinin rahat yaşayışı da diqqət mərkəzində saxlanılır, Culfa şəhərinin içməli su sistemi yenidən qurulur.
Məktəbin müəllimi Ələviyyə Nuri çıxış edərək deyib ki, kənd məktəbi müasir tədris avadanlıqları ilə təmin olunub, kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün Bənəniyar kəndinin həyatında ən əlamətdar günlərdən biridir. Kənd tamamilə abadlaşdırılmış, geniş quruculuq işləri aparılmış, xüsusilə də kənd məktəbinin binası müasir tədrisin tələbləri səviyyəsində yenidən qurulmuşdur”.
Ali Məclisin Sədri bu münasibətlə məktəbin kollektivini təbrik edib, onlara tədrisdə uğurlar arzulayaraq deyib: “Məktəblərin informasiya-kommunikasiya texnologiyaları və lazımı tədris avadanlıqları ilə təminatı, müəllimlərin hazırlıq səviyyələrinin artırılması, şagirdlərin bilik və dünyagörüşlərinin formalaşdırılması müasir tədrisin qarşıya qoyduğu əsas vəzifələrdir. Çünki gənclərin hərtərəfli hazırlanması müasir dövrün tələbinə çevrilmişdir. Ölkəmizin hansı bölgəsində yaşamasından asılı olmayaraq gənc nəsil dünyada gedən prosesləri yaxından izləməli, yaxşı təhsil almalı, gələcəkdə dünyanın və ölkəmizin istənilən universitetlərində ali təhsillərini davam etdirməlidir”.
Ali Məclisin Sədri kollektivin qazanılan nailiyyətləri bundan sonra da artıracağına əminliyini bildirib.
Sonra Ali Məclisin Sədri Culfa rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Məlumat verilib ki, cari tədris ilində Bənəniyar kənd tam orta məktəbinin birinci siniflərinə 47 şagird qəbul olunub. Müəllimlər ibtidai sinif şagirdlərinin hər biri ilə fərdi məşğul olur, onların dərslərdə aktiv fəaliyyəti təmin olunur.
Məktəbin həyəti də abadlaşdırılıb, gülkarlıqlar salınıb.
Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib
Dünən Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Azər Cəfərli yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək deyib ki, bu gün muxtar respublikamızda musiqi sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara musiqi mədəniyyətimizin inkişafı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayaraq deyib: “Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd də xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir”.
Ali Məclisin Sədri deyib: “Bənəniyar Kənd Uşaq Musiqi Məktəbində 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçiləcəkdir. Bu da gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların istedadlarının üzə çıxarılmasına imkan verəcəkdir. Həmçinin məktəbdə yaradılan şərait bu ərazidə yaşayan gənclərin uzaq məsafələr qət etmədən öz kəndlərində musiqi təhsili almalarına, bacarıqlarını inkişaf etdirmələrinə səbəb olacaqdır”.
Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı qeyd edib ki, məktəbin əvvəlki şəraiti dərslərin keçirilməsində müəyyən çətinliklər yaradırdı. Lakin bu gün istifadəyə verilən yeni binada müasir tədris şəraiti yaradılıb. Ona görə də kollektiv yaradılanlardan səmərəli istifadə etməli, gənc musiqiçi kadrların yetişdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.
Bənəniyarda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb
Fevralın 5-də Bənəniyarda yeni xidmət mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib, ayrı-ayrı xidmət sahələrində yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və 2 mağaza fəaliyyət göstərir. Mağazaların birində ərzaq, digərində isə təsərrüfat mallarının satışı həyata keçirilir. Mərkəzdə 9 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.
Kənd ağsaqqalı, şəhid atası Hacıteymur Hüseynov və sakin Əliqulu Əhmədov minnətdarlıq edərək deyiblər ki, muxtar respublikada Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Bənəniyar kəndinin timsalında daha aydın görünür. Qədim tarixə malik olan kənd bu gün müasir inkişaf dövrünü yaşayır. Artıq Bənəniyarda əhalinin rahatlığı üçün bütün imkanlar yaradılıb, yeni iş yerləri açılıb. Bütün bunlar sakinlərin öz yurd-yuvalarına bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır. Kənd adamları təsərrüfatlarda həvəslə çalışır, ölkəmizin inkişafına öz töhfələrini verirlər.
Ali Məclisin Sədri deyib: “Aparılan quruculuq işlərindən sonra Bənəniyar müasir kənd yaşayış məntəqəsinə çevrilmişdir. Məktəb binası, musiqi məktəbi, xidmət mərkəzi, həkim ambulatoriyası və kənd mərkəzi əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bənəniyar kəndinin qədim tarixi, özünəməxsus ənənələri, torpağa bağlı və zəhmətkeş insanları vardır. Ölkəmizdəki mövcud birlik, sabitlik və inkişaf bu kəndi də əhatə etmiş, həyata keçirilən tədbirlər yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına, bir sözlə, onların rahat yaşayışına səbəb olmuşdur. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, kəndin bugünkü abadlığı, tarixi, ənənələri qorunub saxlanılmalı, gənc nəsil dövlətimiz və xalqımız üçün yararlı vətəndaş kimi böyüdülməlidir”.
Həkim ambulatoriyasında yenidənqurma işləri aparılıb
Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar kənd həkim ambulatoriyasına gəlib, burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ambulatoriya 8 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, aptek, doğuş, peyvənd, manipulyasiya və qeydiyyat otaqlarından ibarətdir. Burada 8 tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanır.
Bənəniyarda dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılıb
Bənəniyarda aparılan quruculuq tədbirləri çərçivəsində kənd mərkəzinin binası da əsaslı təmir olunub.
Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub və 60 yerlik iclas zalı yerləşir.
Culfa rayonunun böyük yaşayış məntəqələrindən biri olan Bənəniyarda sakinlərin rahat yaşayışı məqsədilə bütün zəruri infrastruktur, o cümlədən müasir rabitə sistemi yaradılıb, poçt şöbəsinin fəaliyyəti gücləndirilib.
Kənd mərkəzində 14 min 826 kitab fondu olan kitabxana və geniş iclas zalı vardır. Binada Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının əməkdaşları da rahat iş şəraiti ilə təmin olunublar. Bənəniyar kənd ərazi ilk təşkilatının 354 üzvü vardır, onlardan 123-ü gənclər, 119-u isə qadınlardır.
Kənd mərkəzinin həyətində də geniş abadlıq işləri görülüb.
* * *
Bənəniyar kəndində aparılan abadlıq işləri zamanı kənddaxili 1100 metr yola asfalt örtük salınıb, 151 metr uzunluğunda beton kanal çəkilib, 9 su keçidi qoyulub. Rabitə, elektrik və qaz şəbəkələrində yenidənqurma işləri aparılıb, 500 metr fiber-optik kabel çəkilib, 5 min 920 metr elektrik xətti yenilənib, yeni tikililərə 400 metr uzunluğunda qaz xətti çəkilib. Kəndin içməli su təchizatı da yaxşılaşdırılıb, mövcud kaptajın uzunluğu 100 metr artırılıb, 1500 metr yeni su xətti çəkilib və kənddə 250 ailə içməli su ilə təmin olunub.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19

