Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yanğından zərər çəkmiş vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərilir

Yanğından zərər çəkmiş vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərilir

23.05.2015 [09:45]

Yanğına məruz qalan binanın sakinlərinin yerləşdirilməsi, onlara müavinətlər ödənilməsi və digər problemlərinin aradan qaldırılması istiqamətində müvafiq dövlət qurumları tərəfindən operativ tədbirlər həyata keçirilir
Cari il mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan vətəndaşların sosial müdafiəsinin təşkili Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Prezident İlham Əliyev baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyasının yaradılması haqqında müvafiq Sərəncam imzalayıb. Mayın 20-də hadisə yerində olan dövlət başçısı yanğının səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisədə zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib. Artıq Dövlət Komissiyasının ölkə Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. Prezident İlham Əliyev Dövlət Komissiyasının iclasında yanğına məruz qalan binadakı mənzillərin sakinlərinin sosial müdafiəsini bir daha gündəmə gətirib. Dövlət başçısı yanğından zərər çəkən sakinlərə qayğı göstərilməsinin indiki mərhələdə əsas məsələ olduğunu vurğulayıb: “Əsas məsələ ondan ibarətdir ki, zərərçəkmiş insanlara qayğı, diqqət göstərilsin. Onlar indi müvəqqəti olaraq mənzil şəraiti ilə təmin edilirlər. Göstəriş verilmişdir ki, onların müvəqqəti məskunlaşması ilə bağlı bütün müvafiq tədbirlər görülsün. Onlara maddi kömək də göstərilibdir ki, bina təmir olunanadək onlar müvəqqəti olaraq kirayədə qalsınlar. Bu məsələlər öz həllini tapır”.
Qeyd edək ki, baş verən yanğın zamanı müvafiq dövlət qurumları yüksək operativlik və peşəkarlıq nümayiş etdiriblər. Məhz onların çevikliyi sayəsində faciənin daha geniş miqyas almasına yol verilməyib. Yanğının söndürülməsi və lokallaşdırılması əməliyyatına Fövqəladə Hallar Nazirliyinin 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub. Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və digər qurumların əməkdaşlarının birgə səyləri sayəsində yanan binadan 27 nəfər təxliyyə edilib, 37 nəfər xilas olunub, 14 cəsəd çıxarılıb. Səhiyyə Nazirliyinin həkim briqadaları da öz peşə borclarını vicdanla yerinə yetiriblər. Yanğın zamanı xəsarət alan 56 sakinə tibbi yardım göstərilib, 41 nəfər isə müxtəlif xəstəxanalarda yerləşdirilib. Bundan başqa, yanğın zamanı həlak olanların dəfni də dövlət hesabına həyata keçirilib. Dünyasını dəyişən insanların dəfn məsələsi ilə əlaqədar dövlət başçısının tapşırığına uyğun olaraq şəhər İcra Hakimiyyəti tərəfindən yerlərdə qərargahlar yaradılıb, lazımi tədbirlər görülüb. Həlak olanların nəşi yaxınlarının və doğmalarının istədikləri məzarlıqlarda dəfn edilib. Dəfnlə bağlı bütün xərclər dövlət hesabına çəkilib.
Yanğına məruz qalan binanın sakinlərinin yerləşdirilməsi, onlara müavinətlər ödənilməsi və digər problemlərinin aradan qaldırılması istiqamətində hazırda müvafiq dövlət qurumları tərəfindən operativ tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin yuxarıda bəhs olunan Sərəncamında Dövlət Komissiyasına baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək tapşırılıb. Qısa müddətdə xəsarət alan sakinlərin yerləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Dövlət Komissiyasının nümayəndələri sakinlərlə görüşərək onların yerləşdirilməsi üçün uyğun variantlar təklif ediblər. Sakinlər öz istəklərinə uyğun olaraq müxtəlif ünvanlarda hər cür rahatlığa malik yaşayış yerləri ilə təmin olunublar. Hələlik bəzi sakinlər müvəqqəti olaraq qohumlarının evlərində qalmağa qərar veriblər. Binanın təmiri başa çatanadək kirayədə yaşamaq istəyən sakinlərin istəyi də nəzərə alınır və onların kirayələdikləri mənzillərin dəyəri dövlət hesabına ödəniləcək.
Mayın 21-də isə, Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb. Sərəncamda deyilir ki, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alanların hər birinə 5 min manat, bu binanın sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək.
Dövlət Komissiyasının ilk iclasında bildirilib ki, yanğına məruz qalan bina müayinə edilərək dayanıqlılığı yoxlanılmalı, dövlət hesabına təmir olunmalı və sakinlər qısa müddətdə öz mənzillərinə qayıtmalıdırlar. Artıq bu istiqamətdə də iş aparılır. Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib ki, mütəxəssislər yoxlama aparıblar: “Bina bərpa olunacaq. Bunun üçün layihə hazırlanıb, on gün ərzində təqdim ediləcək. Təmir-bərpa işləri üçün ilkin vəsait də ayrılıb. Mənzillər dövlət hesabına məişət əşyaları ilə təmin ediləcək. Binanın sakinlərinin bütün kommunal borcları silinib. “ASAN xidmət”in səyyar avtobusları binanın yanında fəaliyyət göstərir, sənədlər verilir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 791 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30