Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mətbuatı güclü dövlət qayğısı ilə əhatə olunub

Azərbaycan mətbuatı güclü dövlət qayğısı ilə əhatə olunub

04.06.2015 [09:40]

Prezident İlham Əliyevin “Milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu diqqətin növbəti təzahürüdür
Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyev “Milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Milli mətbuatımızın inkişafına göstərilən dövlət qayğısının növbəti təsdiqi sayılan bu Sərəncam ölkəmizdə azad sözə verilən dəyərin təzahürüdür. Yəni, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın inkişafına dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Sözügedən Sərəncamda bildirilir ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən, senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaradıb. Qeyd edilib ki, mövcud inkişaf dinamikası Azərbaycanın milli informasiya resurslarından da yan keçməyib, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırıb, rəqabət qabiliyyətini yüksəldib. Ölkə Prezidentinin Sərəncamında Azərbaycan milli mətbuatının 140 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması nəzərdə tutulur.
Bir daha vurğulamaq lazımdır ki, bu Sərəncam ölkə mətbuatına verilən dəyərin növbəti bariz sübutudur. Bunu Azərbaycanda fəaliyyət göstərən media strukturlarının rəhbərləri də təsdiqləyirlər.
Məsələn, qəzetimizə açıqlama verən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mətbuata göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkür edib. İmzalanan Sərəncamı bu diqqət və qayğının növbəti təzahürü adlandıran V.Rəhimzadə bildirib ki, ölkəmizdə söz azadlığının, mətbuat azadlığının qorunması və inkişafı istiqamətində kifayət qədər tədbirlər həyata keçirilib: “Azad sözün inkişafına xidmət göstərən zəngin qanunvericilik bazası formalaşıb. Nəzərə almalıyıq ki, bu yol 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanıb. Ölkə Konstitusiyasında azad sözün müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların qeyd edilməsi, 1998-ci ildə senzuranın ləğvi, KİV haqqında qanunun qəbulu Azərbaycanın mətbuat tarixində mühüm hadisələrə çevrildi. Və bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün mətbuat üzərində hər hansı dövlət nəzarəti mexanizmi mövcud deyil. 2005-ci ildə Prezidentimiz İlham Əliyevin mətbuatın 130 illik yubileyilə bağlı Sərəncamında jurnalistlərə verilən fəxri adların bərpası, o cümlədən, birdəfəlik yardımların edilməsi media işçilərinə ən böyük qayğı nümunəsi sayıla bilərdi. KİVDF-nin yaradılması ölkəmizin mətbuat tarixində yeni mərhələnin başlanğıcını qoydu. Eyni zamanda, mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması, jurnalistlərin peşəkarlıqlarının artırılması, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində çoxsaylı qərarlar verilib. 2010-cu ildə möhtərəm Prezidentimizin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq Sərəncamı dünya tarixində analoqu olmayan bir hadisə idi. 140 illik yubileylə bağlı Sərəncam da jurnalistikaya olan diqqət və qayğının bir nümunəsidir. Sərəncamda regionlarda və Bakı şəhərində tədbirlərin keçirilməsi ilə bağlı məsələ öz əksini tapır. Bundan başqa, media nümayəndələrinin təltif edilməsi ilə bağlı məsələ də orada qeyd edilib. Biz media işçiləri də üzərimizə düşən məsuliyyətli vəzifəmizi layiqincə yerinə yetirməyə, ölkəmizin inkişafında bir vətəndaş olaraq əlimizdən gələni etməyə çalışmalıyıq”.
“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev də bu Sərəncamın Prezident İlham Əliyevin milli mətbuatımıza dəstəyinin növbəti sübutu olduğunu söyləyib: “Mən möhtərəm Prezidentimizə öz adımdan, rəhbərlik etdiyim kollektiv adından təşəkkür edirəm. Cənab Prezidentin milli mətbuatın 140 illik yubileyi ilə bağlı Sərəncamı mətbuatın inkişafına göstərilən qayğının növbəti təzahürüdür. Bu qayğının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezidentimiz jurnalistlərin sosial problemlərinin həllində müstəsna rola malik olub. O cümlədən, fəxri adların verilməsi mətbuat işçiləri üçün böyük stimuldur. Bu Sərəncamda da ölkə mediasının inkişafında müstəsna xidmətlər göstərən jurnalistlərin təltif edilməsi nəzərdə tutulub. Bu kimi addımlar dövlət-media münasibətlərinin hər zaman yüksək səviyyədə tənzimlənməsinə, o cümlədən, medianın Azərbaycanın milli maraqlarının qorunması istiqamətində apardığı mübarizəyə əsl töhfədir. Əminəm ki, imzalanan Sərəncam jurnalistlər tərəfindən də yüksək şəkildə dəyərləndirilir. Bu Sərəncamın verilməsi ilə mətbuata qarşı ümumilikdə cəmiyyətin diqqəti artır. Mən inanıram ki, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət dövlət-mətbuat münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına şərait yaradacaq”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, bu Sərəncam gözlənilən idi. Azərbaycan Prezidentinin hər zaman ölkə mətbuatına xüsusi diqqət və qayğı göstərdiyini önə çəkən baş redaktor deyib ki, bu diqqət və qayğı özünü Azərbaycan mətbuatının 140 illiyi ərəfəsində də büruzə verdi. Onun sözlərinə görə, Azərbaycan Prezidenti mətbuatın 130 və 135 illik yubileylərinin keçirilməsi ilə bağlı da sərəncamlar imzalayıb: “Eyni zamanda, Azərbaycan mətbuatının inkişafına səbəb olan, real nəticədə bu inkişafı ortaya qoyan, eyni zamanda, Azərbaycan jurnalistlərinin sosial, mənzil problemlərinin həlli istiqamətlərində atılan addımlara imkan yaradan bir sıra sərəncamlar imzalanıb. Bildiyiniz kimi, Azərbaycan dövləti həm jurnalistlərin sosial problemlərinin həllində, həm medianın layihələr vasitəsilə maliyyələşməsində, mətbuata edilən birdəfəlik yardımlarda, jurnalistlərin təltif edilməsində və digər məsələlərdə insanların mövqeyinə, dünyagörüşlərinə, siyasi baxışlarına heç bir fərq qoymayıb. Bu da Azərbaycanda söz azadlığının, demokratik düşüncənin nə qədər önəm kəsb etdiyinin göstəricisi kimi dəyərləndirilməlidir. Bu Sərəncama görə qəzetimiz adından bir daha cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Cənab Prezident hər zaman Öz çıxışlarında ölkədə baş verən bu və ya digər hadisələrin işıqlandırılması ilə bağlı mətbuatın fəaliyyətinə kifayət qədər önəm verdiyini qeyd edib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki dəfə Azərbaycan mətbuatının dostu seçilib və hesab edirəm ki, belə sorğu hər il keçirilərsə, cənab Prezident hər il mətbuatın dostu seçiləcək”.
“Kaspi” qəzetinin baş redaktor əvəzi İlham Quliyev bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bir daha təsdiq etdi ki, Azərbaycan mətbuatı dövlətin diqqət mərkəzindədir. Milli mətbuatın bundan əvvəlki yubileyləri dövlət səviyyəsində qeyd edilib. Bu dəfə də dövlətimiz öz prinsiplərinə sadiqliyini nümayiş etdirmiş oldu: “Mətbuat hər bir cəmiyyətin inkişafında xüsusi rola malikdir. Əbəs yerə mətbuatı “dördüncü hakimiyyət” adlandırmırlar. Bu baxımdan da milli mətbuatın yaranmasının 140 illiyinə dövlətin xüsusi diqqət ayırması təqdirəlayiqdir. Yubiley tədbirlərinin bütün respublika səviyyəsində qeyd edilməsi, jurnalistlərə fəxri adların verilməsinin nəzərdə tutulması da diqqətin təzahürüdür. Prezident səviyyəsində milli mətbuata bu cür dəstəyin verilməsi başqaları üçün də bir nümunə olmalıdır. Fikrimcə, Azərbaycan mətbuatı müstəqilliyin ilk illərindən dövlətimizin dəstəyini hiss edibdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Müstəqillik illərində mətbuata özünüidarə imkanları yaradılıb, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə hər il mətbuata maliyyə yardımı göstərilir. Bütün bunlar mətbuat tərəfindən də yüksək qiymətləndirilir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 759 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30