Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Avropa Oyunları məşəlimiz bütün qitəyə parlaq şöləsini saçmaqdadır!

Avropa Oyunları məşəlimiz bütün qitəyə parlaq şöləsini saçmaqdadır!

05.06.2015 [10:07]

Ölkəmiz beynəlxalq aləmdə bir çox əhəmiyyətli uğurlara imza ataraq, Avropanın əsrarəngiz tərəqqi simvolu olduğunu sübuta yetirib
Azərbaycanda baş tutacaq böyük tarixi hadisəyə - ilk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Bu möhtəşəm idman hadisəsinin reallaşması, ilk növbədə, ölkəmizin əldə etdiyi tərəqqi və inkişaf faktorunun bariz göstəricisidir. Belə ki, buna qədər Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim etməklə mütərəqqi yol keçib. Həmin yolun davamı ilk Avropa Oyunları məşəlinin Azərbaycanımızdan bütün Avropa qitəsinə şölə saçması ilə nəticəsini tapıb. Daha dəqiq desək, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə verilən qərar ölkəmizin dünya arenasındakı nüfuzunun növbəti göstəricisidir. Buna qədər isə ölkəmiz beynəlxalq aləmdə bir çox əhəmiyyətli uğurlara imza atıb, Avropanın əsrarəngiz tərəqqi simvolu olduğunu sübuta yetirib. Ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə olması, zamanında BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Avropanın nüfuzlu təşkilatlarında söz sahibinə çevrilməsi, demokratik dəyərləri və tolerantlığı sayəsində də sübuta yetirilib. Və söz yox ki, bu yolu keçmək, yüksəklərə ucalmaq hər bir ölkə üçün çox çətin və qətiyyət tələb edən bir sınaqdır. Azərbaycan bu sınaqlardan üzüağ və qürurla çıxmağı bacarıb. Çox şübhəsiz ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında bir neçə il öncə verilmiş qərarın əsasında məhz bu amil dayanıb. Qürurverici hal həm də ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya siyasi və iqtisadi elita nümayəndələri arasında çox müsbət rəy mövcuddur. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci yerdədir. Ölkəmiz dünya miqyasında da öncül yerlərdən birini tutur. Bəli, məhz güclü iqtisadiyyat, qətiyyət faktorunun yürüdülən uğurlu siyasətdəki rolu və nəticəsi, həm də ölkəmizin maliyyə resurslarının böyük olması, ilk Avropa Oyunlarının Bakıda keçirilməsini şərtləndirdi. Söz yox ki, bütün bu kimi faktorlar sırasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyevanın danılmaz fəaliyyəti əsas yerlərdən birini tutur. Məsələ həm də ondadır ki, hələ bu qərar verilməmiş, Mehriban xanım Əliyeva öz yorulmaz ölkədaxili və beynəlxalq fəaliyyəti ilə sübuta yetirdi ki, Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi etmək qüdrətindədir. Onun bütün əhəmiyyətli məqamlarda Prezident İlham Əliyevin yanında olması, Ona dəstək göstərməsi, həmçinin, Azərbaycanımızın adını daim yüksəklərdə tutması bütün deyilənləri yetərincə təsdiq edir. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, həmin vaxt Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparması Azərbaycanımızın dünyanın 49 ölkəsində tanınması, nüfuzu və hörməti demək deyilmi? Bu həm də, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, turizm potensialının nümayiş olunması, artan sosial-iqtisadi-siyasi inkişafının tanıdılması, milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi özünəməxsus ali keyfiyyətlərimizin və s.) Avropa cəmiyyətinə təqdim olunması, multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın təbliği, Şərq və Qərbin beşiyi, sivilizasiyalararası dialoq məkanı olan respublikamızın obyektiv şəkildə qiymətləndirilməsi üçün şərait yaratmaq demək deyilmi? Beləliklə, reallaşan çoxşaxəli fəaliyyətin əsas məqsədi Oyunların maksimum şəkildə planlı, məntiqi təşkili, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycanın istər idman, istərsə də sosial-iqtisadi-siyasi sahədə nail olduğu böyük uğurların nümayişidir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, ilk Avropa Oyunları istər təşkilati, istər struktur, istərsə də regional baxımdan yaddaqalan olacaq. Azərbaycan bu etimadı da doğruldacaqdır. Birinci Avropa Oyunlarının uğurlu təşkili, belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək, Azərbaycanımız öz adını dünya idman tarixinə salacaq.
Biz bu məqamda Prezident İlham Əliyevin 2013-cü ilin fevralında Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasındakı çıxışını bir daha xatırlaya bilərik. Həmin zaman ölkə başçımız vurğulamışdı ki, respublikada son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir: “Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, Oyunları yüksək səviyyədə keçirək. Çünki hesab edirəm ki, əsas idman qurğuları Oyunların keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu 2015-ci ilə qədər həll edəcəyik”.
Göründüyü kimi, Prezidentin verdiyi vədlər tam və artıqlaması ilə yerinə yetirilib və ölkəmiz ilk Avropa Oyunlarının keçirilməsinə tam olaraq hazırdır. Belə ki, bir-birindən gözəl və müasir standartların ən yüksək tələblərinə cavab verən idman qurğularının göz oxşaması, Oyunlarda iştirak edəcək xarici ölkə idmançıları üçün yaradılmış şərait, jurnalistlər üçün qurulmuş Media kəndi və s. kimi infrastrukturlar ölkəmizin yaxın illərdə dünya Olimpiya Oyunlarına da layiq olan məmləkət olduğunu təsdiq edir.
Daha bir önəmli məqam isə bu Oyunların Bakıda keçirilməsinin əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənməsindən ibarətdir. Dövlət başçısı bununla bağlı qeyd edib: “Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdir. Bu zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır”.
Bəli, Azərbaycan siyasət, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə dünyanın döyünən ürəyinə çevrilib. İdman sahəsi də buraya əlavə olunmaqdadır. Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafı ilə bağlı irəli sürdüyü fikirləri deməyə zəmin yaradır ki, artıq ölkəmizin mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl və əsaslı təcrübəsi vardır. Prezident İlham Əliyev inamla vurğulayıb: “Azərbaycanda mütəmadi qaydada Dünya, Avropa çempionatları keçirilmişdir... Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir”.
Lakin bütün bu uğurlar qarşısında Azərbaycanı istəməyən, ölkəmizin inkişaf və tərəqqisindən qıcıqlanan, hətta aqressivləşən qüvvələr də mövcuddur ki, onlar müxtəlif təşkilat və qurumlar vasitəsilə qarayaxma kampaniyalarına start verirlər. Ancaq onların bu cür siyasi oyunbazlıqları istədikləri nəticəni vermir. Çünki onların qarşısında müstəqil siyasət yürüdülən güclü Azərbaycan dövləti, qətiyyətli Prezident və Onu dəstəkləyən nəhəng xalq ordusu vardır. Bununla bağlı Prezident İlham Əliyevin bu il martın 19-da Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxışını xatırlamaq olar. Dövlət başçısı bildirib ki, Azərbaycanın müstəqil siyasəti heç də hamıya xoş gəlmir. Belə olan halda ölkəmizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Nəticədə, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq və qərəzli kampaniyalar aparırlar. İlk Avropa Oyunları ilə bağlı kampaniya da, sadəcə olaraq, qərəzli bir bəhanədir: “Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də, Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə biz buna hazır olmalıyıq və biz hazırıq. Biz ölkəmizi gücləndiririk, ölkəmizi inkişaf etdiririk. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur - siyasi azadlıqlar, vicdan azadlıqları, iqtisadi sərbəstlik. Bu gün Azərbaycan istər iqtisadi inkişaf, istər dinlərarası dialoq baxımından nümunəvi bir ölkədir”.
Göründüyü kimi, Azərbaycana qarşı çıxış edən tərəflər də zamanı çatanda anlayacaqlar ki, onların göstərdikləri hazırkı səyləri yalnız özlərinə qarşı vurulan zərbədir. Azərbaycan isə bu kimi siyasətbazlıq və oyunbazlıqlar qarşısında ciddi siyasi xətt tutaraq, növbəti möhtəşəm hadisəyə - birinci Avropa Oyunlarına hazır olduğunu nümayiş etdirir. Artıq alovlanan məşəlimiz Azərbaycanla yanaşı, bütün Avropa qitəsinə şölə saçmaqdadır.
İRADƏ ƏLİYEVA
AZƏRBAYCAN PEDAQOJİ UNİVERSİTETİNİN BAŞ
MÜƏLLİMİ, MQF İH-nin ÜZVÜ, ZƏNGİN AZƏRBAYCAN
UĞRUNDA MÜBARİZƏ İB-nin SƏDRİ

Paylaş:
Baxılıb: 745 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30