Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda insan hüquqları və azadlıqları yüksək səviyyədə təmin olunub

Azərbaycanda insan hüquqları və azadlıqları yüksək səviyyədə təmin olunub

18.06.2020 [08:54]

Ölkəmizin bu sahədə təcrübəsi beynəlxalq səviyyədə müsbət və mütərəqqi nümunə kimi dəyərləndirilir
Bu gün insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məsələsi bütün dünyada böyük aktuallığa malikdir. Xüsusilə də, bu məsələ milli dövlətlərin daxili siyasət kursunda mühüm yer tutur. Əlbəttə, dünyada insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı çoxsaylı problemlər mövcuddur. Bir çox ölkələrdə və bütövlükdə müxtəlif regionlarda insan hüquqlarının pozulması faktlarına, eləcə də bu məsələ ilə bağlı bir sıra arzuolunmaz hallara rast gəlinir. Bu sahədə müasir müstəqil Azərbaycanın təcrübəsi isə müsbət və mütərəqqi nümunə kimi çıxış edir.
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
Ümumiyyətlə, Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Bütövlükdə, demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlət olan Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin təşəkkülü, inkişafı yönündə əldə olunan nailiyyətlər birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir. Belə ki, ölkəmizdə 1993-cü ildən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası özündə ən mütərəqqi müddəaları əks etdirməklə yanaşı, ölkədə demokratik, hüquqi islahatların həyata keçirilməsində normativ-hüquqi baza olub. Bununla yanaşı, çoxsaylı beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilib, qanunvericilik mütəmadi olaraq təkmilləşdirilib. Digər tərəfdən, Azərbaycan Respublikası Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlətdir. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışının ardından ölüm cəzasının icrasına moratorium qoyulub, sonra isə 1998-ci il 10 fevral tarixli qanunla bu cəza növü Şərqdə ilk olaraq Azərbaycanda ləğv olunub. Eyni zamanda, 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam ilə məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib.
Qeyd etmək lazımdır ki, hər il İnsan Hüquqları Günü ərəfəsində insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilmiş, 18 may - 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə respublikanın şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilib.
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən demokratik inkişaf siyasəti, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş sistemli fəaliyyət müasir dövrün çağırışlarına, eləcə də milli maraqlarımıza cavab verir. Bu sahədə Milli Fəaliyyət Proqramının qəbul edilməsi isə xüsusilə qeyd edilməlidir. Proqramın hazırlanması zamanı bir sıra ölkələrin, eləcə də BMT-nin təcrübəsindən istifadə olunub. Bu proqramı səciyyələndirən əsas xüsusiyyətlərdən biri də sənədin vətəndaş cəmiyyəti ilə birlikdə icra olunması məsələsidir.
Ümumiyyətlə, ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair mühüm sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Bununla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə insan hüquqları Konstitusiya çərçivəsində qorunur və Əsas Qanunun üçdə iki hissəsi məhz insan hüquqlarına həsr edilib. Ölkə Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdə də bu faktor daim prioritet olub. Bu kontekstdə son olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi nəticəsində Əsas Qanuna edilən dəyişikliklərdə də insan hüquqları təminatının gücləndirilməsinə xüsusi yer verilib. Ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əsas məqsədi insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərini müəyyənləşdirmək olub. Bu dəyişikliklərin əksəriyyəti 15 maddəyə olmaqla Konstitusiyanın İnsan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilib. Bu, ümumi dəyişikliklərin təqribən 60 faizdən artıq hissəsidir.
Bütövlükdə, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır. Azərbaycanın insan hüquq və azadlıqlarının təmin olunması sahəsində həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər və əldə edilən səmərəli nəticələr beynəlxalq miqyasda da təqdir olunur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 368 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31