Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş Prokurorluqda ilin birinci yarısının yekunları ilə bağlı videokonfrans rejimində əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda ilin birinci yarısının yekunları ilə bağlı videokonfrans rejimində əməliyyat müşavirəsi keçirilib

06.08.2020 [09:25]

Avqustun 5-də prokurorluq orqanları tərəfindən bu ilin birinci yarımilində “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, beynəlxalq müstəvidə müşahidə olunan geosiyasi və geoiqtisadi mənzərənin mürəkkəbliyinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin gələcək nəsillərə miras qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uğurla transformasiya edilmiş zəngin dövlətçilik ənənələrinin ölkə həyatının hər bir sahəsinə sistemli şəkildə tətbiqi nəticəsində bu gün müasir Azərbaycan zamanın bütün aktuallıqları ilə ayaqlaşmaqdadır. Başlıca qayəsi əhalinin ümumi rifahına hesablanmaqla çeviklik, şəffaflıq və səmərəlilik prinsipləri üzərində bərqərar olunmuş bu ənənələr milli dövlət idarəçiliyində aparılan islahatlara adekvat yanaşmanı təmin etməklə yanaşı, tarixi təcrübə ilə günün tələblərinin vəhdətini təşkil etməkdədir.
Vurğulanıb ki, istinad edilən bu müsbət tendensiya bəşəriyyətin mübarizəsinə səfərbər olduğu COVID-19 virusunun yayıldığı 2020-ci ilin birinci yarımilində də səngiməmiş, əksinə yüksələn xətt üzrə inkişaf edərək ölkəmizin ictimai-siyasi həyatındakı əsas istiqamətlərdə daha aydın şəkildə təcəssüm edilib. Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi günlərində vətəndaşların Konstitusiya ilə təsbit edilmiş sağlamlığın qorunması hüququ etibarlı şəkildə təmin olunub, dövlətimizin başçısı ilə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz müraciətləri və əməli tədbirləri ilə nümayiş etdirdiyi həmrəylik, diqqət və qayğı xalqımızda qürur və sağlam gələcəyə inam hissi aşılamaqla, cəmiyyətimizi ümumbəşəri hal almış bu bəla ilə mübarizədə sıx birləşdirib. Bu müddət ərzində koronavirus pandemiyası şəraitinin milli iqtisadiyyata təsiri ölçülməklə dərhal çevik dəstək proqramları həyata keçirilmiş, aztəminatlı vətəndaşlara və sahibkarlıq subyektlərinə münasibətdə dövlət dəstəyinin daha da artırılması üçün maddi yardım, vergi güzəştləri, güzəştli kreditlərin verilməsi və digər bu kimi stimullaşdırıcı alətlərdən istifadə edilib.
Müşavirədə xüsusi qeyd olunub ki, ötən dövr milli tariximizin qızıl yaddaşına əhalinin sağlamlığının etibarlı mühafizəsi kimi həssas məsələ ilə yanaşı, Konstitusiyamızın digər ümdə vəzifəsi olan dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün etibarlı şəkildə qorunması ilə də həkk olunub. Belə ki, Ermənistanın son beş ildə üçüncü dəfə təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizə qarşı yönəltdiyi açıq qəsdlər Ali Baş Komandanın rəhbərliyi, xalqın güclü dəstəyi, qüdrətli milli ordumuzun peşəkarlığı, o cümlədən ölməz şəhidlərimizin şücaəti nəticəsində növbəti kəs dəf edilib. Təcavüzkar düşmənə yetirilən kəskin əks-həmlələr Silahlı Qüvvələrimizin qələbəsi və qarşı tərəfin təslimiyyətçi bəyanatlar verərək geri çəkilməsi ilə nəticələnib.
Çıxışında, həmçinin diqqəti hüquqi dövlətin demokratiya və hüququn aliliyi prinsiplərinin təmininə yönəldən Baş prokuror məhz bu dəyərlərin əsas atributlarından hesab edilən qanunverici orqana - Milli Məclisə cari il fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərdə çoxsaylı namizəd, siyasi partiya, təşəbbüs qrupları və müşahidəçilərin iştirakını Azərbaycanda siyasi plüralizmin sarsılmaz sütunlar üzərində durmasının növbəti bariz nümunəsi olduğunu qeyd edib.
Geniş əməliyyat müşavirəsindəki məruzəsində ölkənin ictimai-siyasi həyatında əldə edilən nailiyyətlərdə müxtəlif strateji amillərlə yanaşı, digər mühüm prioritet sahə olan cinayətkarlığa qarşı mübarizənin də önəmli payı olduğunu qeyd edən Baş prokuror Kamran Əliyev 2020-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, habelə “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş digər fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı islahatların keçirildiyini bildirib.
Baş prokuror Kamran Əliyev əməliyyat müşavirəsindəki çıxışında prokurorluğun fəaliyyətini tənzimləyən, icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlarla bağlı məsələlərə də toxunub.
Müşavirədə Baş Prokurorluğun Kollegiyasının keçirilmə formasının dəyişdirilməsi barədə məlumat verilib, onun hüquqi statusunun prokurorluqda idarəçiliyin cavabdehlik, hesabatlılıq və məsuliyyətlilik dəyərlərini özündə əks etdirən kollegial orqan kimi təsbit edildiyi diqqətə çatdırılıb.
Müşavirədə o da bildirilib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq İdarəsində Respublikada böyük ictimai rezonansa səbəb olan dövlətin konstitusiya quruluşunun əsaslarının sarsıdılmasına yönələn əməllərin və digər cinayətlərin istintaqı müvəffəqiyyətlə aparılıb.
Qeyd edilib ki, İdarə tərəfindən cari ilin iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhəri, Parlament prospektində, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan əməllərin təşkil edilərək törədilməsi, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, hakimiyyət nümayəndələrinə zor tətbiq olunması, özgə əmlakının qəsdən məhv edilməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin müşavirədə qeyd edilib ki, cari ilin iyul ayı ərzində Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozularaq müharibə hüququnun əsas prinsiplərinə zidd olaraq qəsdən mülki əhalinin sıx yaşadığı ərazilər hədəfə alınıb atəşə tutulmaqla onlara qarşı müxtəlif cinayətlər törədilib və ümumilikdə mülki əhaliyə mühüm ziyan dəyib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev mülki əhaliyə məxsus əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi və gələcəkdə zərərçəkmiş şəxslərin beynəlxalq təşkilatlar qarşısında pozulmuş hüquqlarının bərpası üçün əməli kömək göstərilməsi barədə tapşırıq verib.
Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub.
Hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb. Prokurorluq orqanları tərəfindən ümumilikdə 11 min 11 nəfər, o cümlədən Baş Prokurorluqda 1106 vətəndaş qəbul olunub. Onların müraciətlərinə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq həll edilib.
Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 6 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Ötən müddətdə Baş Prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə məsələlərinin xüsusi əhəmiyyəti nəzərə alınmaqla mətbuat xidmətinin işi daha da təkmilləşdirilib, verilən informasiyanın daha çox oxucu kütləsinə çatdırılması məqsədilə qurumun sosial şəbəkələrdə rəsmi səhifələri açılıb.
Nəzərə çatdırılıb ki, müasirləşən informasiya axarına qoşulmaq məqsədilə Baş Prokurorluğun yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib, müasir standartlara cavab verən sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenilənib.
Eyni zamanda, qeyd olunub ki, koronavirus infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prokurorluğu da Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli şəkildə qarşıya qoyulan vəzifələrin icrasında müntəzəm surətdə iştirak edir.
Eyni zamanda, hesabat dövründə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən də COVID-19 pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılıb. Müəyyənləşdirilib ki, ötən yarımildə vətəndaşlar tərəfindən Baş İdarəyə analoji hallarla əlaqədar daxil olmuş müraciətlərin 100-ü birdəfəlik müavinətin verilməsi ilə bağlı süründürməçilik, 13-ü vətəndaşların xəbəri olmadan adlarına sosial müavinətlərin və digər ödənişlərin köçürülməsinin aşkarlanması, 175-i dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının əhaliyə çatdırılmasına məsul olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri, 5-i qanunsuz olaraq sərbəst hərəkət edilməsi ilə bağlı arayışların verilməsi, o cümlədən bununla əlaqədar rüşvət tələb edilməsi, digərləri isə sahibkarlıq subyektlərinin xüsusi karantin rejimi qaydalarını pozması və cari vəziyyətdən sui-istifadə etmə halları ilə əlaqədar olub.
Bu müraciətlərə baxılarkən onların müəyyən qismi müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra hallarda cinayət işi başlanmış, digərləri nəzarətdə saxlanılmaqla baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib.
Bundan başqa, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiya məhsulunun yayılması faktları aşkarlanmaqla, həqiqəti əks etdirməyən məlumatları ictimailəşdirən şəxslərə xəbərdarlıq edilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə xidməti fəaliyyətlərində qanun pozuntusu hallarına yol vermiş 10 prokurorluq işçisi barədə xidməti yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb olunub. Onlardan 3 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib, 5 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Əməliyyat müşavirəsində Baş Prokurorluğun 2020-2023-cü illər ərzində strateji inkişaf konsepsiyasının hazırlanması, Baş prokurorun qanunvericilik təşəbbüsündən geniş istifadə olunması, sosial sahədə olan problemlər araşdırılaraq Azərbaycan Prezidentinə məlumatların verilməsi, kadrların peşəkarlığının artırılması, səriştəli kadrların prokurorluqda işə cəlb olunmasına üstünlük verilməsi, prokurorluq işçiləri tərəfindən tez-tez yol verilən pozuntuların müəyyənləşdirilərək aradan qaldırılması üçün tədbirlərin görülməsi, uğurlu iş təcrübəsinin müəyyən olunması və digər istiqamətlərdə konkret tapşırıqlar verilib.
Müşavirədə Baş Prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov, Zəngilan rayon prokuroru Lalə Hüseynova, Qazax rayon prokuroru Rauf Gözəlov və Tovuz rayon prokuroru Elçin Qəhrəmanov da mövzu ətrafında və aktual məsələlərə dair çıxışlar ediblər, həmçinin müşavirənin digər iştirakçıları tərəfindən faydalı müzakirələr və fikir mübadiləsi aparılıb.
Müşavirənin sonunda əminliklə bildirilib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, 2020-ci ildə də öz səlahiyyət hədləri daxilində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31