Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / “People in Need” təşkilatının ermənilərlə işbirliyində olması sübut edildi

“People in Need” təşkilatının ermənilərlə işbirliyində olması sübut edildi

27.11.2014 [09:42]

Bu təşkilatın əsas məqsədi erməni separatizminə haqq qazandırmaq, Azərbaycana qarşı təxribatlar həyata keçirməkdir
Təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, ölkəmizin ərazi bütövlüyü pozulub. Eyni zamanda, təcavüz nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün durumuna düşüb. Artıq illərdir ki, işğalçı ölkə özünün terrorçuluq siyasətindən əl çəkmir, bölgənin təhlükəsizliyinə ən böyük maneə olan işğala son vermir.
Məlum olduğu kimi, son illərdə ölkəmiz münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən, Azərbaycanın işğala məruz qalmasına dair faktların yayılması istiqamətində mühüm işlər görüb. Digər tərəfdən, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, mühüm beynəlxalq təşkilatların rəhbər strukturlarında təmsilçiliyimiz münaqişənin hüquqi yolla tənzimlənməsi yönündə üstünlüyümüzün artmasında əsaslı rol oynayıb.
İşğalçı Ermənistana havadarlıq edən dünya erməniliyi və ermənipərəst xarici dairələr isə mövqelərinin ildən-ilə zəiflədiyinin fərqindədirlər. Onlar ölkəmizin artan nüfuzundan çəkinərək bütün istiqamətlərdə Azərbaycana qarşı total hücumlar təşkil etməyə, təxribatlar törətməyə çalışırlar. Məsələn, bir müddət öncə ölkəmizdə bir sıra şəxslərin, o cümlədən, adını “vətəndaş cəmiyyəti” institutu qoymuş bəzi QHT-lərin ermənilərlə işbirliyində olması, ermənipərəst dairələrin sifarişləri əsasında fəaliyyət göstərdikləri meydana çıxmışdı. Bəlli olmuşdu ki, məhz ermənipərəst, anti-azərbaycançı dairələrdən alınan maddi vəsaitlərin qarşılığında həmin QHT-lər Dağlıq Qarabağ məsələsində xəyanətkar mövqe tutublar.
“People in Need” Dağlıq Qarabağdakı erməni separatçılarına yardım etmək üçün yaradılmış təşkilatdır
Ölkə daxilindəki xəyanətkarların ifşasından sonra isə ermənipərəst dairələr öz taktikalarında müəyyən korrektələrə ehtiyac duyub. Belə ki, artıq xarici ermənipərəst təşkilatlar vasitəsilə Azərbaycana qarşı təxribatlara əl atılır. Məsələn, bir müddət öncə Gürcüstanın Batumi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı Vətəndaş Cəmiyyəti Forumunun 6-cı illik toplantısında ermənilərə yaxınlığı ilə seçilən Çexiyanın “People in Need” təşkilatı Azərbaycana qarşı təxribatlar törətməyə cəhd göstərib. Belə ki, həmin təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi foruma salmağa çalışıb. Bundan başqa, ölkəmizlə bağlı yalan təbliğatlar aparmağa səy göstərən bu təşkilatın nümayəndələri ermənilərin maraqlarından çıxış ediblər. Qeyd edək ki, adıçəkilən bu təxribat cəhdinin qarşısı Azərbaycanın nümayəndə heyəti tərəfindən alınıb. Daha sonra isə həmin təşkilatın ermənipərəst mövqedən çıxış etməsinin səbəbləri bəlli olub və onun uzun illərdir Dağlıq Qarabağdakı erməni separatçılarına dəstək verdiyi ortaya çıxıb.
“Müsavat.com” saytında bununla bağlı dərc edilən yazıda bildirilir ki, Batumidə Dağlıq Qarabağ ermənilərini müstəqil dövlətin nümayəndəsi kimi təqdim etməyə niyyətlənən Çexiyanın “People in Need” təşkilatının erməni separatçılarına bu səviyyədə dəstəyinin tarixi kökləri var. Həmin təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanımır, separatizmi dəstəkləyir. 1988-ci ildə Ermənistana, 1992-ci ildə Dağlıq Qarabağa yardım edib. Qurumun rəhbəri olan Simon Panek və Yaromir Ştetina Ermənistana və Dağlıq Qarabağ separatçılarına sevgilərini hələ o vaxt açıq şəkildə ifadə ediblər. 2003-cü ildən isə bu təşkilat Ermənistanda rəsmən fəaliyyətdədir, hazırda orada onlarla şöbəsi var.
Məqalədə bildirilir ki, bu təşkilatın dəstəyi ilə film çəkən qruplardan birinin saytında Simon Panekin özəl qeydləri yer alıb. Qeydlərdə bildirilir ki, köhnə dostu Yaromir Ştetina ona (Simon Panekə) zəng vuraraq Dağlıq Qarabağdan gəldiyini deyib və bildirib ki, orada vəziyyət ağırdır, yardım təşkil etmək lazımdır. 2002-ci ildə nəşr olunan ““People in Need” 10 years of helping” adlı kitabda isə vurğulanır ki, Simon Panekin 1988-ci ildə 21 yaşı vardı. “Tələbə idi. O, o vaxt Ermənistanda zəlzələ qurbanlarına yardım kampaniyası təşkil etdi. 1992-ci ildə isə xeyli təcrübəsi olan Simon Panek ən müasir üsullardan istifadə edərək Praqa televiziya və radiosunda “SOS Qarabağ” kampaniyası başlatdı. Dağlıq Qarabağda müharibə qurbanlarına yardım üçün 80 min dollar topladı, Simon Panek və tanışları ərzaq aldılar, Çexiyanın tibb müəssisələri dava-dərman ayırdılar. Təyyarə kirayə götürdülər və yükü İrəvana çatdırdılar. Oradan isə maşın karvanı yükü pis vəziyyətdə olan əraziyə göndərdi”.
Simon Panek bu əməliyyatdan sonra yazıb ki, onlar Dağlıq Qarabağdan geri döndükdən sonra bu işin davam etdirilməsinə ehtiyac olduğunu düşünüblər. Hazırda isə Azərbaycanın ərazisi olan və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmağa çalışırlar.
Göründüyü kimi, bu təşkilatın, hətta yaranma səbəbinin arxasında Dağlıq Qarabağdakı erməni separatçılarına dəstək kampaniyası dayanıb. “Humanitar” adı altında işğalçıya, terrora dəstək verməyə çalışan belə təşkilatlar artıq başqa vasitələrdə istifadə olunur. Ölkəmizin apardığı güclü xarici siyasətin qarşısında dayana bilməyən ermənipərəst dairələr “People in Need” kimi qurama təşkilatların əli ilə nüfuzumuza zərbə endirməyə, bizə qarşı təxribatlar hazırlamağa niyyətlənirlər. Bəlli olduğu kimi, onların bu niyyətləri çin olmadı.
Xəyanətkar “beşinci kolon” nümayəndələri yenidən Azərbaycanın milli maraqlarına əks mövqedədirlər
Qeyd edildiyi kimi, bu təşkilatın yaranma səbəbləri, profili, istiqaməti bəllidir. Yəni, sırf erməni separatizmini dəstəkləmək üçün yaranan və fəaliyyətini də bu təlimat üzərində quran “People in Need”in siması hər kəsə bəlli olub. Amma deyəsən bu təşkilatın ermənipərəst adlandırılması ölkəmizdəki bəzi xəyanətkarların narahatlığına səbəb olub. Bu səbəbdən də həmin şəxslər istər sosial şəbəkələrdə, istərsə də KİV-lərdə erməni lobbisinin dayağına çevrilmiş “People in Need”i qorumaq üçün əldən-ayaqdan gedirlər. Təbii ki, bu “qoruma kampaniyasını” aparan şəxslərin kimliyinə nəzər saldıqda da hər şey bəlli olur.
Məsələn, sosial şəbəkələrdə “People in Need”i ermənipərəst adlandıranlara qarşı cəbhə açanların başında xəyanətkar Yunusov-Barseqyan ailəsinin daha bir satqın üzvü-Ramiz Yunusov-Barseqyan gəlir. Bu şəxsin kimliyi, hansı ailəyə mənsub olması və keçmişi onun ermənilərə işləməsinin əsl sübutlarıdır. Maraqlıdır ki, qardaşı Arif Yunusov-Barseqyanla gəlinləri Leyla Yunusova-Barseqyanın xəyanətkar yolunu davam etdirən R.Yunusov-Barseqyan utanmadan bu ermənipərəst təşkilata haqq qazandırmağa çalışır. Onun ABŞ və başqa ölkələrdə ermənilərlə isti münasibəti, erməni lobbisinin əli ilə pul qazanması, qardaşının və L.Yunusova-Barseqyanın vasitəsilə erməni xüsusi xidmət orqanlarına məlumatlar ötürməsi kimi faktlar zaman-zaman dövri mətbuatın gündəminə gəlib. Demək ki, öz xəyanətkar xislətini yenidən büruzə verən bu ailə yenə də öz qohumlarına qahmar durmağı özlərinin əsas vəzifələri sayırlar.
Bundan başqa, bu ermənipərəst təşkilata qucaq açanların sırasında radikal müxalifət düşərgəsinin təmsilçisi Əli Kərimlinin yaxın adamı Zöhrab İsmayıl da var. Vurğulamaq lazımdır ki, bu şəxsin də adı bir müddət öncə ermənipərəst dairələrdən aldığı qrantlarla hallanırdı. Belə ki, Zöhrab İsmayıl “cəbhəçi” Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə 47 min 760 avro məbləğində 3 qrant alıb. Digər tərəfdən, bu ermənipərəst təşkilat Z.İsmayılın aylarla Çexiyada qalmasının maliyyə xərclərini ödəyib.
Göründüyü kimi, bu cür antimilli təşkilatlar və onların əlaltısı kimi pul düşgünü “beşinci kolon” nümayəndələri Azərbaycanın milli maraqlarına zidd mövqedə durmaq üçün məqam axtarırlar. Amma onların arzuları yalnız arzu olaraq qalacaq. Çünki xəyanətkarlar gec-tez istər qanun, istərsə də xalq qarşısında cavab verməli olurlar.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1466 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30