Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin daha da gücləndirilməsi daim aktualdır

Bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin daha da gücləndirilməsi daim aktualdır

28.10.2014 [09:49]

Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib
Oktyabrın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib. İclasda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyə seçkiləri kampaniyasına artıq rəsmi start verildiyini bildirib. Seçkilərin dekabrın 23-də keçiriləcəyini deyən komissiya sədri YAP-ın bu seçkilərə ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. Komissiya sədri qeyd edib ki, bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir.
Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının sədr müavini, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev məsələ ilə bağlı məruzə edib. Ölkəmizdə bələdiyyələrin inkişaf yolunda olduğunu vurğulayan Ə.Əliyev dövlətimizin yerli özünüidarə orqanlarının fəaliyyətinə qanunlar çərçivəsində lazımi dəstək verdiyini vurğulayıb. O qeyd edib ki, növbəti bələdiyyə seçkiləri ötən seçkilərdən fərqlənəcək: “Bu gün bələdiyyə seçkiləri ərəfəsində ab-hava tamam başqadır. Bələdiyyələr inkişaf edib, təcrübə toplayıb, əhatə etdiyi ərazilərin sosial məsələlərinin həllində öz dəst-xətti ilə seçilən qurumlara çevriliblər. Bununla yanaşı, bu il Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən bir sıra qanunlar qəbul olunub. Bu qanunlar yerli büdcə gəlirlərinin formalaşdırılmasının perspektiv mənbəyi olan əmlak və torpaq vergiləri üzrə daxilolmaların həcminin dəfələrlə artması üçün güclü zəmin yaradıb. Dotasiya və subvensiyaların verilməsi qaydaları təkmilləşdirilib, maliyyə potensialı zəif olan, həmçinin, yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilmiş layihələr bələdiyyələrə daha əlverişli imkanlar yaradıb”.
Komissiyanın sədr müavini bildirib ki, əraziləri kiçik və əhalisi az olan bələdiyyələrin fəaliyyətlərinin səmərəliyinin artırılması, maliyyə potensiallarından tam istifadə edilməsi məqsədilə vətəndaşların təşəbbüsü və fəallığı nəticəsində cari ildə 204 bələdiyyə birləşərək 94 yeni bələdiyyə yaradılıb və bu da onlara ərazilərində daha çox yerli problemlərin həllinə əlavə imkanlar verəcək. Zaman dəyişdikcə kadrlara olan tələblərin də artdığını deyən Ə.Əliyevin sözlərinə görə, bu səbəbdən də bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin daha da gücləndirilməsi daim aktual olan məsələdir. “Ötən bələdiyyə seçkilərində əvvəlki seçkilərlə müqayisədə seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 29,7 faiz, qadınların sayı 22 faiz, gənclərin sayı isə 25 faiz artıb. Keyfiyyət tərkibinin gücləndirilməsi bələdiyyələrin fəaliyyətinin məzmunca yeni mərhələsinin əsasını qoyub. Xüsusilə qeyd etmək lazımdır ki, ötən seçkilərdə bələdiyyələrə üzv seçilmiş şəxslərin 65, bələdiyyə sədrlərinin isə 85 faizini Yeni Azərbaycan Partiyasının üzvləri təşkil ediblər. Bu da Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun göstəricisi olmaqla yanaşı, bu partiyanın xalqın partiyası olduğunu bir daha təsdiq edib” - deyən, Ə.Əliyev əlavə edib ki, builki seçkilərdə də keyfiyyət tərkibinin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməli, ali təhsillilər, xüsusilə də qadın və gənclər seçkilərə cəlb olunmalıdır. O, əminliklə ifadə edib ki, kadr problemlərinin aradan qaldırılması bələdiyyələrin fəaliyyətinin gücləndirilməsini və bütünlükdə gələcək inkişafını təmin edəcək, yerli əhəmiyyətli məsələlərin həlli üçün möhkəm zəmin yaradacaq.
“Təbiidir ki, seçicilər tərəfindən əhali və cəmiyyət qarşısında məsuliyyəti üzərinə götürə bilən, bələdiyyələrin fəaliyyətini ölkəmizin dinamik inkişafına və zamanın tələblərinə uyğun qurmaq bacarığı olan şəxslərə üstünlük veriləcək. Bununla əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürüləcək şəxslər bələdiyyə işinin məsuliyyətini dərindən dərk etməli, bu yükü daşımaq iqtidarında olmalı, əhali arasında nüfuza, müsbət mənəvi keyfiyyətlərə malik olmalı, təhlil aparmağı, problem həll etməyi və qərar verməyi, kollektivdə işləməyi bacarmalı, ictimai həyatda fəallığı ilə seçilməlidirlər. Bu da öz növbəsində Yeni Azərbaycan Partiyasının yerlərdə yaradılmış seçki qərargahlarının üzərinə mühüm vəzifələrin düşdüyünü müəyyən edir. Əminik ki, bu dəfə də xalqımız əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətə səs verəcək və Azərbaycan Prezidentinə sədaqətini bir daha nümayiş etdirərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə etimad göstərəcək. Bununla da, biz partiyamızın daha bir qələbəsini qeyd edəcəyik” - deyə, komissiyanın sədr müavini vurğulayıb.
İclasda çıxış edən komissiya üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov deyib ki, Ağcabədi rayonunda fəaliyyət göstərən bələdiyyələr sosial məsələlərin həlli, yerli inkişaf prosesləri ilə bağlı xeyli iş görüblər. Onun sözlərinə görə, 2010-cu ildən ötən dövr ərzində bələdiyyənin vəsaiti hesabına 420,3 km kənddaxili yollarda 415,2 min manat dəyərində cari təmir işləri aparılıb. Bu dövrdə bələdiyyələr tərəfindən 458 gənc ailəyə 31,57 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilib.
“Artıq YAP Ağcabədi rayon təşkilatı seçki ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atmaqdadır. Dekabrda keçiriləcək bələdiyyə seçkilərində rayonda 41 bələdiyyəyə 359 nəfər bələdiyyə üzvü seçilməlidir. YAP Ağcabədi rayon təşkilatının seçki qərargahı tərəfindən bələdiyyə seçkilərində 359 nəfərin namizədliklərinin irəli sürülməsi nəzərdə tutulub” - deyə, Ş.Əliyev vurğulayıb.
İclasda daha sonra komissiya üzvlərindən YAP Siyasi Şurasının üzvləri Vaqif Abdullayev və Tahir Budaqov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov və Azər Badamov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə və digərləri mövzu ilə bağlı çıxış ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 837 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30