Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib

11.04.2017 [10:03]

Aksiya çərçivəsində Nərimanov rayonu ərazisində 500-dən çox ağac əkilib


Əli Əhmədov: Prezidentimizin rəhbərliyi ilə Bakının ekologiyasının yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirilir və yaşıllaşdırma kampaniyası da bu siyasətin vacib tərkib hissəsidir
Aprelin 8-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, gənclər iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti ərzində bir sıra ənənələri formalaşıb. Bu ənənələrdən biri də Bakının müxtəlif yerlərində yaşıllaşdırma kampaniyasında yaxından iştirak etməkdən ibarətdir. YAP-ın bu ənənəsinin 15 ildən artıq tarixinin olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, paytaxtımızın bir çox guşələrində birbaşa partiyamızın saldığı yaşıllıq əraziləri mövcuddur: “İndi yerləşdiyimiz ərazi də bir neçə il əvvəl YAP fəallarının iştirakı ilə salınmış gözəl yaşıllıq ərazisidir. Bir neçə il əvvəl əkdiyimiz ağaclar böyüyüb, bura gözəl bir parka çevrilib. Bu gün də partiyamızın nümayəndələri bu işi davam etdirirlər, bu gün 500-dən çox ağac əkilməsi nəzərdə tutulur. İnanıram ki, bir neçə ildən sonra bu park Bakı şəhərinin ən gözəl yaşıllıq ərazilərindən biri olacaq, insanlarımız burda rahat istirahət edəcəklər. Bununla da, YAP və onun fəal üzvləri Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi abadlıq və quruculuq işlərində yaxından iştirak etmək istəyini ifadə edirlər”.
Əli Əhmədov qeyd edib ki, YAP Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən bütün quruculuq işlərində yaxından iştirak edir. “Biz məmnunluq hissi ilə qeyd edirik ki, son illərdə Azərbaycan, o cümlədən Bakı çox dəyişib, paytaxtımız artıq dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Prezidentimizin rəhbərliyi ilə Bakının ekologiyasının yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirilir. Və yaşıllaşdırma kampaniyası da bu siyasətin vacib tərkib hissəsidir. Ölkəmizə, Vətənimizə xidmət və bu kimi digər amillər partiyamızın fəaliyyətinin əsasında dayanan ideyalardan, prinsiplərdən biridir. Hesab edirəm ki, biz partiya olaraq bundan sonra da qarşıya qoyduğumuz məqsədlərə bu siyasətimizlə çata bilərik”, - deyə YAP Sədrinin müavini Əli Əhmədov bildirib.
“Yeni Azərbaycan Partiyası hər il yaşıllaşdırma, ağacəkmə kampaniyası həyata keçirir. Bugünkü aksiyamız da bu ənənələrin davamıdır”. Bu fikirləri isə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, YAP Bakı şəhərinin müxtəlif yerlərində ağacəkmə aksiyası keçirib. Onun sözlərinə görə, bir neçə ildir ki, Nərimanov rayonu ərazisində bu kampaniya keçirilir. “Bu ərazidə ağacları YAP üzvləri əkiblər. Artıq buradakı yaşıllıq Bakı şəhərinə xüsusi gözəllik, insanlara isə zövq verir. İndiki aksiyamızda da partiyamızın xeyli fəalı iştirak edir. Onların arasında Milli Məclisin deputatları, Bakı şəhəri üzrə təşkilatların fəalları iştirak edirlər. Yəni bizim aksiyamız mütəmadi xarakter daşıyır və bundan sonra da davam olunacaq”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib ki, Yeni Azərbaycan Partiyasında insanları siyasi-mənəvi ideyalar birləşdirir. B.Muradova bildirib ki, partiyanın üzvlərini birləşdirən bir çox cəhətlər var. Onun sözlərinə görə, ilk növbədə bu insanlar Heydər Əliyev ideyaları ətrafında birləşirlər. Həmçinin, Prezident İlham Əliyevin siyasətinin ölkə vətəndaşları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini deyən vitse-spiker qeyd edib ki, hər iki amil Azərbaycanın inkişafının əsasını təşkil edir: “Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər. Bu, bütün sahələri əhatə edir. Biz kollektiv şəkildə, toplu olaraq Bakı şəhərinin, bütövlükdə ölkənin həyatında iştirak etmək, inkişafa töhfə vermək amilini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Bununla həmçinin cəmiyyətimizə də mesaj veririk, çağırışlar edirik ki, hər bir vətəndaş abadlıq və quruculuq işlərinə töhfə verməlidir. YAP və onun üzvləri öz ənənəsinə sadiq qalaraq dövlətə, Vətənə xidmət etməyə hər zaman hazırdır və bunu əməli fəaliyyəti ilə ifadə edir. Partiyamızın üzvləri təbiətə də xidmət etməkdən qürur duyur. Gördüyünüz bu ərazidə minlərlə ağacı YAP üzvləri əkiblər. Bu yaşıllıq Bakı şəhərinə xüsusi gözəllik verir. İnanıram ki, gələcəkdə də bu işlər davam etdiriləcək, əkilən ağaclar möhkəm kök atacaq və Bakı şəhərinin ekologiyasına müsbət təsir göstərəcək”.
B.Muradova qeyd edib ki, Azərbaycan dövləti möhkəm dayaqlar üzərində qurulub və Heydər Əliyev ideyaları dövlətimizin gücünün əsasını təşkil edir: “Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz daha da inkişaf edir və güclənir. Əminəm ki, Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha da inkişaf edəcək, güclənəcək və bütün müstəvilərdə yeni-yeni uğurlar qazanacaq”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən ilboyu çox müxtəlif tədbirlər həyata keçirilir: “Təbii ki, bu tədbirlərin hər birinin özünəməxsus dəyəri var. Bu tədbirlərin həm tərbiyəvi, həm də mənəvi əhəmiyyəti böyükdür. Bu gün hər bir ölkənin üzərinə böyük məsuliyyət düşür ki, dünyada oksigen təminatını ortaya qoya bilsin. Bu ağacəkmə aksiyası tək iməclik deyil, eləcə də paytaxt Bakının yaşıllaşdırılmasına olan böyük ehtiyacı ödəyir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev də yaşıllaşdırma kampaniyasının əhəmiyyətli olduğunu vurğulayıb. Onun fikrincə, belə tədbirlərlə partiyamız digər siyasi təşkilatlara nümunə göstərir: “Bu kampaniya bir daha göstərir ki, YAP quruculuqla məşğul olaraq cəmiyyətə xidmət edir. Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olmasını belə tədbirlərlə də sübuta yetirir. Hesab edirəm ki, digər partiyalar da YAP-ın təcrübəsindən yararlanmalıdır”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Ulu öndər Heydər Əliyev ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının salınması istiqamətində çox böyük işlər həyata keçirib: “Dahi şəxsiyyətin hakimiyyəti illərində paytaxt Bakıda böyük yaşıllıq zolaqları salınıb. Prezident İlham Əliyev də Ümummilli lider Heydər Əliyevin bu siyasətini davam etdirərək yaşıllaşdırma, ətraf mühitin və ekoloji tarazlığın qorunması siyasətini çox uğurla həyata keçirir. Heydər Əliyev Fondu da bu istiqamətdə çox böyük işlər görməkdədir. Təbii ki, YAP da ildə bir neçə dəfə bu cür tədbirləri həyata keçirməkdədir. Bu, Ulu öndərimizin müəyyənləşdirdiyi siyasətə bir töhfədir”.
“Yeni Azərbaycan Partiyasının ənənəvi olaraq yaşıllaşdırma aksiyaları keçirməsi çox təqdirəlayiqdir”. Bu fikri isə ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev deyib. F.Əliyev bildirib ki, bu aksiyalar bütövlükdə ölkə miqyasında həyata keçirilən ekoloji siyasətə böyük töhfədir. Onun sözlərinə görə, hazırda Azərbaycanda mühüm ekoloji siyasət həyata keçirilməkdədir. “Hazırda ölkəmizdə ətraf mühitin qorunması, ekologiyanın yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu yöndə işlər uğurla davam edir. Bütün ölkədə, o cümlədən Bakı şəhəri üzrə yaşıllaşdırma işləri böyük vüsət alıb. Bu prosesdə YAP-ın fəal iştirakı yüksək dəyərə malikdir və ümumi işimizi irəli aparan bir faktordur. Bu baxımdan aprelin 8-də YAP-ın təşəbbüsü ilə reallaşan ağacəkmə aksiyası yüksək qiymətləndirilməlidir”, - deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, sözügedən ərazidə mütəmadi şəkildə abadlıq işləri aparılır, ekoloji qaydalara uyğun olaraq ağaclara qulluq edilir, eyni zamanda, dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl işlər görülür.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 818 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30