Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatı sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatı sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

03.07.2018 [09:28]

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası hər bir seçkiyə yüksək məsuliyyətlə yanaşır
İyunun 30-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov müşavirənin qarşıda duran vəzifələrə həsr olunduğunu bildirib. Bu tədbirin 11 aprel prezident seçkilərindən sonra keçirilən ilk müşavirə olduğunu deyən Əli Əhmədov qeyd edib ki, prezident seçkiləri kampaniyasında partiyanın yerli strukturları yüksək fəallıq göstəriblər. Seçki kampaniyasının bütün mərhələlərində partiyamız və onun bütün fəalları, eləcə də gənclər xüsusilə fərqləniblər. O, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçki kampaniyasında partiyamızın üzvlərinin aktiv iştirakını yüksək dəyərləndirdiyini deyib və buna görə də dövlət başçısının təşəkkürünü YAP fəallarına, rayon və şəhər təşkilatlarına çatdırıb.
“Seçki kampaniyası dövründə ictimai rəy cənab İlham Əliyevin qələbə qazanacağını şərtləndirirdi. Çünki son 15 ildə qazanılan böyük nailiyyətlər partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini özündə ehtiva edirdi. Və 11 aprel prezident seçkilərində ölkə vətəndaşları bir daha Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verdilər”, - deyən YAP Sədrinin müavini söyləyib ki, qarşıdakı 7 il ərzində də Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edəcək və ölkəmizə yeni-yeni nailiyyətlər qazandıracaq. Onun fikrincə, növbəti 7 il ərzində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha da güclənəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək və əhalinin rifahı yüksələcək.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır: “Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf mərhələsi keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti artıb, iqtisadiyyatımız bir neçə dəfə artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək”.
Əli Əhmədov bildirib ki, bu gün Azərbaycandan uzaq olmayan regionlarda qanlı hadisələr baş verir. Bütün bunların fonunda ölkəmizdə təhlükəsizlik və sabitlik hökm sürür. Onun sözlərinə görə, Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir. Təbii ki, təhlükəsizliyin təmin olunması və qorunması dövlət rəhbərliyinin əsas vəzifələrindən biridir. Xalqımız tərəfindən iqtidarın bu yöndəki siyasəti böyük dəstək qazanıb. “Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Ölkəmizin iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi qarşıda dayanan əsas vəzifələr sırasındadır. Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. İnanıram ki, biz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə yeni nailiyyətlər qazandıracaq və bütün bunlar Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Bu ilin Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu deyən Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunmasını mühüm hadisə kimi səciyyələndirib. Onun sözlərinə görə, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi.
Seçkilərin hər bir siyasi partiyanın fəaliyyətinin əsasını təşkil etdiyini deyən Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası da hər bir seçkiyə yüksək məsuliyyətlə yanaşır. Çünki siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etmək və uğur qazanmaqdır.
Ölkəmizdə 2019-cu ildə bələdiyyə, 2020-ci ildə isə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdıran YAP Sədrinin müavini partiyamızın bu seçki kampaniyalarında da yüksək fəallıq və uğurlu nəticə göstərəcəyinə əminliyini ifadə edib.
Müşavirədə qarşıda duran vəzifələrlə əlaqədar partiyanın yerli strukturlarına tövsiyə və tapşırıqlar verilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30