Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğan-Bayden görüşü...

Ərdoğan-Bayden görüşü...

12.07.2023 [11:19]

Tərəflər aktual mövzuları müzakirə ediblər

NARDAR

Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO sammiti çərçivəsində dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Baydenin görüşü olub. Görüşdə hər iki ölkənin rəhbəri qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən NATO-nun genişlənməsini və Ukraynadakı müharibəni müzakirə ediblər. Xatırladaq ki, bir neçə gün öncə Ərdoğanla Bayden telefonla danışmışdılar. Telefon danışığından sonra tərəflər müsbət mesajlar səsləndirmişdilər.

Xüsusilə, Türkiyəyə F-16 qırıcılarının verilməsi ilə bağlı Vaşinqton müsbət mövqe sərgiləyib. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, dövlət başçısı Cozef Bayden F-16 qırıcılarının Türkiyəyə tədarükü ideyasını dəstəkləyir:  “Prezident Cozef Bayden bir neçə ay ərzində F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün tərəfdarı olduğunu birmənalı şəkildə qeyd edib və bu, bizim milli maraqlarımıza cavab verir. Türkiyənin potensialının artması NATO-nun marağındadır”. Türkiyə ABŞ-dan 40 ədəd “F-16 Block 70” təyyarəsi və öz arsenalındakı F-16 qırıcılarının modernizə edilməsi üçün 80 dəst “Block 70” komponenti istəyib. Lakin Amerika qanunvericiləri ABŞ silahlarının satılmasına mane ola bilərlər. Dövlət katibi Antoni Blinkenin sözlərinə görə, Konqresin bəzi üzvləri Türkiyəyə silah tədarükünü İsveçin NATO üzvlüyü ilə bağlı Ankaranın addımlarına bağlamağa çağırır. Lakin Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsi məsələnin həllinin mümkünlüyünü göstərir.

Xatırladaq ki, Türkiyə Macarıstanla bərabər İsveçin NATO-ya qəbuluna veto qoymuşdu. Burada əsas söz sahibi isə şübhəsiz ki, rəsmi Ankaradır. Rəsmi Budapeşt İsveçin üzvlük məsələsində Ankaranın nə deyəcəyini gözlədiklərini bəyan etmişdi. Bu isə o deməkdir ki, İsveç məsələsində razılığa gətrilməli yeganə dövlət Türkiyə, lider isə Rəcəb Tayyib Ərdoğandır. ABŞ-ın Türkiyədən əsas istəklərindən biri İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi idi. Artıq belə bir razılıq var, çünki İsveç öz öhdəliklərinə sadiq qalacağını bəyan edib. Bu fakt ABŞ-ın Türkiyə ilə münasibətlərində daha pozitiv olmasını şərtləndirir. Artıq Türkiyə mediası “Ərdoğanın istədiyini aldığını” yazır, buna baxmayaraq, məsələ ilə bağlı hələ Ərdoğan açıqlama verməyib. Fakt isə odur ki, Ərdoğan bu məsələni tam şəkildə ölkəsinin milli maraqları istiqamətində istifadə etməyi bacarıb. Hələ ki, ilkin informasiya Türkiyəyə silah qadağasının aradan qaldırılması, İsveçin öhdəliklərinə əməl edəcəyi, o cümlədən ABŞ-ın F-16-ların verilməsini sürətləndirəcəyi istiqamətindədir.

Eyni zamanda, rəsmi Vaşinqton Türkiyənin Avropa İttifaqına üzvlüyünü də dəstəklədiyini bəyan edib. Bütün bunlar tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün yeni imkanların yaranmasına işarədir. Nəzərə alaq ki, bu, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin rezidenti seçilməsindən sonra ABŞ Prezidenti ilə keçirdiyi ilk görüşdür. Məlumdur ki, seçkilər ərəfəsində Birləşmiş Ştatların dəstəyi Ərdoğana deyil, onun rəqiblərinə idi. Buna görə də, Ərdoğan görüşə yeni üstünlüklərlə qatılıb.

Bundan başqa, Ukraynanın “Azov” qruplaşmasının komanda heyətinin Ankaraya səfər edən Prezident Volodimir Zelenskiyə təhvil verilməsi də ABŞ tərəfindən dəstəklənib. Halbuki, Rusiya rəhbərliyi bu qərardan narazılığını açıqlayıb. Prezident Vladimir Putinin köməkçisi Dmitri Peskov bildirmişdi ki, bu ikitərəfli razılaşmanın pozulmasıdır. Onun sözlərinə görə, Türkiyə-Rusiya razılaşmasına əsasən, “Azov”çular müharibə bitənə qədər Türkiyədə qalmalı idilər. Ekspertlər isə hesab edirlər ki, Türkiyə Prezidenti ukraynalı döyüşçüləri ölkələrinə qaytarmaqla NATO-nun zirvə toplantısı ərəfəsində Ukraynaya dəstəyini ifadə edib. Digər tərəfdən, bu addım Vladimir Putinin Ərdoğanın böyük səyi nəticəsində qəbul edilən “taxıl anlaşmasını” uzatmayacağı eyhamlarına cavabdır. Eləcə də Rusiya-Ukrayna müharibəsinin sonunun görünməməsi rəsmi Ankaranı belə bir addım atmağa vadar edib. Türkiyə müharibənin tezliklə başa çatmasını istəyən dövlətlərdən biridir və bu yöndə müxtəlif təşəbbüslərlə çıxış edir. ABŞ müharibənin qısa zamanda başa çatmasını istəməsə də, Türkiyənin “Azov” komandirlər heyətini Ukraynaya verməsindən məmnun görünür.

Bütün bunların fonunda Bayden-Ərdoğan görüşü beynəlxalq miqyasda xüsusi diqqət mərkəzində oldu. Türkiyənin dünyada, o cümlədən regionda güc sahibi olduğunu nəzərə alsaq, bu görüşdə dövlət maraqlarını tam qoruduğunu demək olar.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31