Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Rusiya-Ukrayna müharibəsinin 4-cü ili...

Rusiya-Ukrayna müharibəsinin 4-cü ili...

24.02.2026 [09:53]

Yüz minlərlə itki, milyonlarla qaçqın, dağıdılan şəhərlər...

2022-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi ilə başlayan müharibə artıq dördüncü ildir ki, davam edir. Yeni əsrin ən genişmiqyaslı qarşıdurmalarından sayılan bu müharibə, həm də post- “soyuq müharibə” dövrünün təhlükəsizlik arxitekturasına ciddi zərbə vurdu - 2014-cü ildən etibarən Krımın ilhaqı və Donbas bölgəsində başlayan silahlı qarşıdurma faktiki olaraq yeni mərhələyə keçid idisə, 2022-ci ildə başlanan müharibə qarşıdurmanı pik səviyyəyə qaldırdı.

4 il öncəyə qısa ekskurs etsək, həmin dövrdə siyasi fon kifayət qədər gərgin idi. Ukraynanın Qərb strukturları ilə inteqrasiyanı sürətləndirməsi, Avropa İttifaqı və NATO ilə yaxınlaşma siyasəti Moskva tərəfindən öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirilirdi. Kreml açıq şəkildə Ukraynanın NATO-ya üzvlük perspektivinə qarşı çıxır, Alyansın Şərqə doğru genişlənməsinin dayandırılmasını tələb edirdi. Rusiya tərəfindən irəli sürülən əsas tələblər arasında Ukraynanın neytral statusunun təmin olunması, NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxın ərazilərdə yerləşdirilməməsi və təhlükəsizlik zəmanətlərinin hüquqi sənədlə təsbit olunması var idi.

Ukrayna isə suveren dövlət kimi öz xarici siyasət kursunu müəyyən etmək hüququna malik olduğunu vurğulayırdı. Kiyev rəhbərliyi üçün Avroatlantik inteqrasiya həm təhlükəsizlik təminatı, həm də siyasi və iqtisadi modernləşmə yolu kimi görülürdü. Bu ziddiyyətli mövqelər diplomatik danışıqlarla həll olunmadı və nəticədə hərbi eskalasiya baş verdi.

Müharibənin başlanması ilə Avropada təhlükəsizlik mühiti köklü şəkildə dəyişdi. Qərb dövlətləri Ukraynaya hərbi, maliyyə və siyasi dəstək göstərməyə başladılar, Rusiyaya qarşı isə misli görünməmiş sanksiyalar tətbiq olundu. Beləliklə, münaqişə regional çərçivədən çıxaraq qlobal geosiyasi qarşıdurmanın əsas xəttinə çevrildi. Dörd il ərzində həm cəbhə xəttində, həm diplomatik müstəvidə, həm də qlobal iqtisadi sistemdə ciddi dəyişikliklər baş verdi.

Statistik mənzərə...

Dörd il davam edən müharibə hər iki tərəf üçün ağır itkilərlə müşayiət olunub. Müxtəlif mənbələr fərqli rəqəmlər açıqlasa da, ümumi mənzərə ondan ibarətdir ki, on minlərlə hərbçi həyatını itirib və ya yaralanıb. Həm Rusiya, həm də Ukrayna cəbhədə ciddi canlı qüvvə itkisi ilə üzləşib. Müharibənin intensiv mərhələlərində xüsusilə Donetsk, Luqansk, Xarkov və Zaporojye istiqamətlərində ağır döyüşlər baş verib. Statistik rəqəmlərə əsaslansaq, Rusiya-Ukrayna müharibəsinin dördüncü ilində Rusiyanın itkiləri təsdiqlənmiş 165.661-dən çoxdur. İtkin düşənlərin ümumi sayı isə 219.000-ə çatıb. BMT-nin məlumatlarına görə, müharibə nəticəsində bu günə qədər ən azı 15.172 ukraynalı mülki şəxs həlak olub, 41 378 nəfərdən çox insan yaralanıb. Həlak omuş ukraynalı hərbçilərin sayı ilə bağlı isə dəqiq məlumat yoxdur. Ötən 4 il ərzində Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə (Krım və Donbas da daxil olmaqla təxminən 120 min kv.km) nəzarət edir.

Şəhərlərin dağıdılması müharibənin ən ağır nəticələrindən biridir. Mariupol, Baxmut, Severodonetsk kimi yaşayış məntəqələri demək olar ki, tamamilə dağıdılıb. Enerji infrastrukturu, su təchizatı sistemləri, yollar, körpülər və sənaye obyektləri ciddi zərər görüb. Ukrayna tərəfi infrastruktur itkilərinin yüz milyardlarla dollar həcmində olduğunu bəyan edir.

Vurğulandığı kimi, mülki əhali arasında itkilər də böyükdür. Minlərlə mülki şəxs həlak olub, on minlərlə insan yaralanıb. Uşaqlar arasında ölüm halları və psixoloji travmalar xüsusi narahatlıq doğurur. BMT və digər beynəlxalq qurumlar milyonlarla insanın məcburi köçkün və ya qaçqın vəziyyətinə düşdüyünü bildirir. Bu, Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük humanitar böhranlardan biri hesab olunur.

Müharibə ilə bağlı xüsusi təhlükə yaradan məsələlərdən biri də atom elektrik stansiyaları ətrafında yaranan gərginlikdir. Vaxtilə Zaporojye Atom Elektrik Stansiyası ətrafında gərgin döyüşlərin getməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaratmışdı - nüvə obyektlərinin hərbi əməliyyat zonasında yerləşməsi potensial ekoloji və humanitar fəlakət riskini artırır. Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə vəziyyətlə bağlı xəbərdarlıq edib və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb. Beləliklə, statistik rəqəmlər təkcə hərbi balansı deyil, həm də müharibənin insanlıq üçün ağır nəticələrini ortaya qoyur.

İlkin diplomatik təmaslar...

Müharibənin ilk aylarından etibarən təmas birdəfəlik kəsilmədi - diplomatik kanallar hələ də mövcud idi. 2022-ci ilin mart ayında tərəflər arasında ilkin danışıqlar keçirildi - Türkiyənin vasitəçilik təşəbbüsü ilə İstanbulda görüşlər baş tutdu. Bu görüşlərdə atəşkəs və humanitar məsələlər müzakirə olunsa da, yekun razılaşma əldə edilmədi.

Eyni zamanda taxıl ixracı ilə bağlı əldə olunan razılaşma, “Qara dəniz taxıl sazişi” qlobal ərzaq təhlükəsizliyi baxımından mühüm addım idi. 2022-ci ilin iyulunda imzalanan sazişdə vurğulanan mexanizm Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına imkan verdi və bir müddət dünya bazarlarında qiymət artımının qarşısını aldı. Lakin sonradan razılaşma dayandırıldı və proses yenidən qeyri-müəyyən mərhələyə keçdi.

Bu dövrdə BMT, Fransa, Almaniya və digər ölkələr də vasitəçilik təşəbbüsləri ilə çıxış etdilər. Lakin qarşılıqlı etimadsızlıq və cəbhədə davam edən hərbi əməliyyatlar diplomatik səylərin nəticə verməsini çətinləşdirirdi.

Müharibənin günü-gündən daha da alovlanmasının bir səbəbi də həmin dövrün ABŞ administrasiyasının münaqişəyə baxışı idi - ABŞ administrasiyasının siyasəti o dövrdə əsasən Ukraynaya hərbi və maliyyə dəstəyinin artırılmasına yönəlmişdi. Vaşinqtonun məqsədi Rusiyanın strateji zəiflədilməsi kimi qiymətləndirilirdi. Bu isə Moskva tərəfindən münaqişənin daha da alovlandırılması kimi qəbul olunurdu. Beləliklə, böyük güclər arasında geosiyasi rəqabət müharibənin uzanmasına təsir göstərən amillərdən birinə çevrildi.

Danışıqlarda yeni mərhələ  - Əbu - Dabi razılaşmaları...

2025-ci ildən sonra beynəlxalq siyasi mühitdə müəyyən dəyişikliklər baş verdi. ABŞ-da hakimiyyətə gələn Donald Trump administrasiyası münaqişənin dinc yolla həlli istiqamətində təşəbbüslər irəli sürdü. Vaşinqtonun yeni yanaşması birbaşa danışıqların təşviqinə və kompromis axtarışına yönəldi. Ötən ilin yayında Vladimir Putin ABŞ-a səfər edərək yüksək səviyyəli görüşlər keçirdi. Bu, müharibə başlayandan sonra baş verən mühüm diplomatik hadisələrdən biri idi. Eyni zamanda, Volodimir Zelenski də ardıcıl olaraq ABŞ-a səfərlər edərək Ağ Ev rəhbərliyi ilə danışıqlar prosesində fəal iştirak etdi.

2026-cı ilin yanvarından etibarən isə danışıqlar daha intensiv xarakter alıb. Əbu-Dabi və Cenevrədə keçirilən görüşlərdə tərəflər öz mövqelərini daha aydın şəkildə ortaya qoyublar. Tam razılaşma əldə olunmasa da, müəyyən məsələlər üzrə yaxınlaşmalar müşahidə edilir. Artıq 300 nəfərdən artıq əsirin dəyişdirilməsi prosesi baş tutub. Eləcə də bu görüşlərdə atəşkəs mexanizmləri, təhlükəsizlik zəmanətləri və ərazilərin statusu ilə bağlı müzakirələr davam edir.

Bu mərhələ göstərir ki, diplomatik proses çətin və mürəkkəb olsa da, müəyyən irəliləyiş elementləri mövcuddur.

Qlobal təhlükəsizliyə və iqtisadi sistemə təsirlər

Münaqişənin bitməsinin ən vacib amillərindən biri bu hərbi eskalasiyanın qlobal təhlükəsizlik sisteminə ciddi zərbə vurmasıdır. Son 4 illik müharibə dövründə:

- Ərzaq təhlükəsizliyi təhdid altına düşüb;

- Dünyanın iqtisadi immuniteti zəifləyib;

- Silahlanmaya meyl və yatırım artıb - xüsusilə, Avropada silahlanma xərcləri çoxalıb;

- NATO-nun Şərq cinahında hazırlıq prosesi hələ də davam edir.

Bu isə beynəlxalq münasibətlərdə yeni bloklaşma meyllərini gücləndirib. Eyni zamanda, müharibə qlobal iqtisadi münasibətlərə də ağır təsir göstərib. Enerji bazarlarında kəskin dalğalanmalar baş verib - vurğulandığı kimi, ərzaq təhlükəsizliyi məsələsi xüsusilə inkişaf etməkdə olan ölkələr üçün ciddi problemə çevrilib. Sanksiyalar və qarşılıqlı iqtisadi məhdudiyyətlər beynəlxalq ticarət marşrutlarını dəyişdirib. Alternativ enerji və logistika layihələri gündəmə gəlib. Bu proses qlobal iqtisadi sistemin yenidən formalaşmasına səbəb olur. Beləliklə, müharibə təkcə regional qarşıdurma deyil, həm də beynəlxalq münasibətlər sistemində transformasiya yaradan amilə çevrilib.

20 sanksiya paketi - sonuncu da hazırdır, amma...

2022-ci ilin fevralından sonra Rusiya tarixində görünməmiş miqyasda iqtisadi və maliyyə sanksiyaları ilə üzləşdi. ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya və digər dövlətlər koordinasiyalı şəkildə Moskvaya qarşı məhdudiyyətlər tətbiq etdilər. Bu sanksiyalar bir neçə əsas istiqaməti əhatə edirdi: maliyyə sektoru, enerji ixracı, yüksək texnologiyalar, hərbi sənaye kompleksi və fərdi şəxslərə qarşı məhdudiyyətlər. Məqsəd Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarını zəiflətmək və onu siyasi qərarlarında dəyişiklik etməyə məcbur etmək idi.

Ən ciddi addımlardan biri Rusiyanın bir sıra banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması oldu. Bu, ölkənin qlobal maliyyə əməliyyatlarını çətinləşdirdi və xarici ticarət dövriyyəsinə təsir göstərdi. Eyni zamanda, Rusiya Mərkəzi Bankının xaricdə yerləşən ehtiyatlarının bir hissəsi donduruldu. Bu qərar rublun kəskin ucuzlaşmasına və ilkin mərhələdə maliyyə bazarlarında ciddi panikaya səbəb oldu.

Vurğulandığı kimi, indiyə qədər fərqli sektorları əhatə edən 19 sanksiya paketi qəbul edilib. 2022-ci ildən bəri qəbul olunan ardıcıl sanksiya paketləri Rusiyanın enerji, maliyyə, texnologiya, nəqliyyat və hərbi sənaye sahələrini əhatə edərək ölkənin beynəlxalq iqtisadi sistemdən təcrid olunmasına yönəlib.  2022-ci ildə Aİ tərəfindən Rusiyaya qarşı 8 sanksiya paketi qəbul edilib, 2023-cü ildə daha bir neçə sanksiya paketi bu siyahıya əlavə olunub. 13-cü sanksiya paketi 2024-cü ilin 23 fevralında, 14-cü paket isə həmin ilin 24 iyununda təsdiqlənib. 2024-cü ilin son sanksiya toplusu - 15-ci paket isə 16 dekabrda qüvvəyə mindi. Ötən il 3 sanksiya paketi qəbul edilib. Bunlardan birincisi fevralın 24-də qəbul edilmiş 16-cı paketdir. May ayında 17-ci, iyulda 18 -ci, oktyabrda isə 19-cu sanksiyalar paketi qəbul olunub. 20-ci sanksiyalar paketinin təsdiqi isə artıq bir neçə günə baş tuta bilər. 2026-cı ilin fevralın 24-dək təsdiqlənməsi planlaşdırılan paket Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirlərinin razılığa gələ bilməməsi ilə gecikir. KİV-lər Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallasa istinadən Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiyaya qarşı 20-ci sanksiyalar paketi barədə razılığa gələ bilməyəcəklərini yazırlar. “Əlbəttə, biz Rusiyaya qarşı 20-ci sanksiyalar paketini müzakirə edəcəyik. Bu gün irəliləyiş olmayacaq, lakin biz səylərimizi davam etdirəcəyik”, - deyə diplomat vurğulayıb.

Moskvaya qarşı 20-ci sanksiyalar paketinə Rusiya neftini qanunsuz daşıyan kölgə donanması üçün dəniz xidmətlərinin tamamilə dayandırılması, bu ölkəyə lüks malların ixracına və oradan gübrə idxalına daha sərt məhdudiyyətlər qoyulması daxildir. Həmçinin platin, mis, iridium və rodium idxalı qadağan oluna bilər.

Qeyd edilən sanksiya paketlərində enerji sektoruna tətbiq olunan məhdudiyyətlər xüsusi əhəmiyyət daşıyırdı. Avropa ölkələri mərhələli şəkildə Rusiya qaz və neftindən asılılığı azaltmağa başladı, qiymət tavanı mexanizmi tətbiq olundu. Bu addımlar Moskvanın əsas gəlir mənbələrindən birinə zərbə vurmağı hədəfləyirdi. Lakin, eyni zamanda, Avropada enerji qiymətlərinin artmasına və alternativ mənbələrə sürətli keçid prosesinə səbəb oldu. Ümumilikdə, sanksiyalar müharibənin iqtisadi cəbhəsini formalaşdırdı. Onlar qlobal iqtisadi münasibətlərdə yeni xətt çəkdi, enerji və maliyyə sistemində alternativ mexanizmlərin yaranmasına təkan verdi. Lakin, eyni zamanda, dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini artırdı və beynəlxalq ticarətdə parçalanma meyllərini gücləndirdi. Bu baxımdan, sanksiyalar təkcə Rusiyaya deyil, qlobal iqtisadi sistemə də təsir edən amilə çevrildi.

Regional münaqişədən qlobal qarşıdurmaya... 

Beləliklə, Rusiya-Ukrayna müharibəsinin dördüncü ili göstərir ki, bu qarşıdurma artıq klassik regional münaqişə çərçivəsini aşaraq qlobal siyasi və iqtisadi sistemə təsir edən əsas faktora çevrilib. Minlərlə insanın həyatı, dağıdılmış şəhərlər və sarsılmış iqtisadiyyatlar müharibənin ağır bədəlini nümayiş etdirir.

Diplomatik təşəbbüslər müxtəlif mərhələlərdə nəticəsiz qalsa da, son dövrdə danışıqların intensivləşməsi müəyyən ümidlər yaradır. Tərəflərin kompromisə hazır olub-olmaması və beynəlxalq aktorların rolu prosesin taleyini müəyyən edəcək.

Aydındır ki, davam edən müharibə nə Rusiya, nə Ukrayna, nə də dünya üçün arzuolunan ssenaridir. Qlobal təhlükəsizlik arxitekturasının sabitliyi, iqtisadi inkişafın davamlılığı və humanitar fəlakətlərin qarşısının alınması üçün siyasi iradə və real kompromis vacibdir.

Sülhün əldə olunması çətin və mərhələli proses olsa da, alternativi daha ağır nəticələr və uzunmüddətli qeyri-sabitlikdir. Buna görə də beynəlxalq ictimaiyyət və tərəflər üçün əsas prioritet münaqişənin dinc yolla, ədalətli və davamlı həllinə nail olmaqdır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Bir gecənin faciəsi

24 Fevral 10:55  

Gündəm

Gündəm

Gündəm

Baharın ilk nəfəsi

24 Fevral 08:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28