Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın qlobal şəhərsalma və urban siyasətində artan rolu

Azərbaycanın qlobal şəhərsalma və urban siyasətində artan rolu

01.05.2026 [10:52]

Azərbaycan paytaxtı qlobal iqlim sammitindən - COP29-dan sonra Ümumdünya Şəhərsalma  Forumuna   (WUF13) ev sahibliyi edəcək. Bu il mayın 17-22-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq WUF13 Azərbaycan paytaxtının böyük miqyaslı beynəlxalq forumları qəbul etmə qabiliyyətini nümayiş etdirir və urban idarəetmə sahəsində yeni yanaşmaların tətbiqi üçün real platforma yaradır. Tədbirə ev sahibliyi ölkənin inklüzivlik, əlçatanlıq və dayanıqlı inkişaf prinsiplərinə verdiyi önəmi də ortaya qoyur.

BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən forum şəhərlərin gələcəyi, inklüziv inkişaf, iqlim dəyişikliklərinə uyğunlaşma və sosial ədalət kimi aktual məsələlərin müzakirə olunduğu beynəlxalq dialoq məkanıdır. Eyni zamanda, forum yalnız fiziki məkanın təşkilini deyil, həm də sosial ədalət, bərabər iştirak və universal dizayn prinsiplərinin inteqrasiyasını nümayiş etdirir.

Beynəlxalq birliyin ölkəmizə böyük inamı

Ümumdünya Şəhərsalma Forumunun paytaxtımızda keçirlməsinə qərar verilməsi beynəlxalq birliyin ölkəmizə olan böyük inamının daha bir ifadəsidir. Respublikamız xoş məramını ortaya qoymaqla və öz imkanlarını təqdim etməklə daim qlobal həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verir.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsi isə ölkənin beynəlxalq urban siyasəti və qlobal əməkdaşlıq proseslərində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Tədbirə Bakı şəhərinin ev sahibliyi etməsi yalnız təşkilati məsuliyyət deyil, həm də şəhərsalma sahəsində əldə edilən təcrübənin dünyaya təqdim olunması üçün strateji imkandır. Bu kontekstdə Bakı həm Şərq, həm də Qərb şəhər inkişaf modellərinin kəsişməsində yerləşən dinamik urban mərkəzi kimi təqdim olunur. Azərbaycan unikal şəhərsalma təcrübəsinə malik olan ölkədir. 2024-cü ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir.

Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir.

Bakı şəhərinin WUF13-ə ev sahibliyi etməsi yalnız böyükmiqyaslı beynəlxalq tədbirin təşkili deyil, həm də Azərbaycanın müasir urban inkişaf strategiyasının qlobal səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu forum vasitəsilə Azərbaycan şəhər mühitində əlçatanlıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinin tətbiqinə dair real təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək imkanı əldə edib.

İnklüzivlik əsas meyarlardan biri kimi

Azərbaycan öz ənənəsinə sadiq qalmaqla Ümumdünya Şəhərsalma Forumuna da böyük məsuliyyətlə yüksəksəviyyəli hazırlıqlar həyata keçirib. Təbii ki, bu zaman müxtəlif qruplardan olan iştirakçılar üçün inklüzivlik əsas meyarlardan biri kimi götürülüb. Tədbirin keçiriləcəyi Olimpiya Stadionunun  ümumi infrastrukturunun planlanması ilkin mərhələdən etibarən əlçatanlıq prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Məkanın memarlıq və funksional strukturu panduslar, liftlər, geniş keçidlər və taktil yollarla tamamlanaraq fiziki maneələrin minimuma endirilməsinə xidmət edir. Bu yanaşma sonradan əlavə uyğunlaşdırma deyil, əvvəldən planlanmış universal dizayn konsepsiyasına əsaslanır və müasir tədbir təşkilatçılığında qabaqcıl model hesab olunur.

Fiziki əlçatanlıq yalnız hərəkət imkanları ilə məhdudlaşmır, həm də funksional dəstək sistemləri ilə tamamlanır. Təkərli oturacaq istifadəçiləri üçün xüsusi qeydiyyat masası, texniki yardım məntəqəsi, ehtiyat təkərli oturacaqlar və elektrik oturacaqlar üçün enerji təminatı bu yanaşmanın sistemli xarakter daşıdığını göstərir. Texniki xidmət nöqtəsi yalnız problem həll etməyə deyil, həm də preventiv dəstək göstərməyə yönəlib. Bu, “reaktiv xidmət” modelindən “proaktiv inklüzivlik” modelinə keçidi ifadə edir. İstifadə üçün isə 20-si manual, 20-si elektrikli olmaqla 40 ədəd ehtiyat təkərli oturacaq da iştirakçılara təqdim olunacaq.

Bundan əlavə inklüzivliyin tam təmin olunması məqsədilə genişmiqyaslı maarifləndirmə təlimlərinə start verilib. Ümumilikdə 4 min 200 nəfəri əhatə edən proqram çərçivəsində fərqli peşə qruplarına aid iştirakçılar üçün xüsusi təlim materialları hazırlanıb.

Görmə məhdudiyyətli iştirakçılar üçün yaradılmış sistem çoxsəviyyəli orientasiya və informasiya əlçatanlığına əsaslanır. Əsas girişdə yerləşdirilən taktil xəritə məkanın ümumi strukturunu toxunma vasitəsilə anlamağa imkan verir. Brayl əlifbası ilə hazırlanmış materiallar və qapılarda yerləşdirilən nişanlar informasiya müstəqilliyini artırır. Taktil yollar iştirakçıların əlavə yardım olmadan istiqamət tapmasına şərait yaradır. Yüksək kontrastlı işarələr və təhlükəsizlik nişanları isə vizual qavrayışı gücləndirərək riskləri azaldır. Audio naviqasiya sistemi isə məkan daxilində rəqəmsal və səs əsaslı yönləndirmə təmin edir.

Hamı üçün informasiya bərabərliyi

Bələdçi itlərin tədbir məkanına tam girişinə icazə verilməsi isə inklüzivliyin yalnız insanyönümlü deyil, həm də xidmət heyvanlarını əhatə edən geniş konsepsiya olduğunu göstərir. Onlar üçün ayrılmış istirahət zonaları və baytarlıq xidməti sistemli rifah yanaşmasının tərkib hissəsidir. Bu, insan və heyvan rifahının eyni ekosistem daxilində nəzərə alındığını nümayiş etdirir və inklüzivlik anlayışını genişləndirir.

Eşitmə və nitq məhdudiyyəti olan iştirakçılar üçün tətbiq olunan həllər informasiya bərabərliyi prinsipinə əsaslanır. Azərbaycan və ingilis dillərində işarə dili tərcüməsi, real vaxt transkripsiya sistemi və portativ induksiya qulaqcıqları tədbir məzmununun hər kəs üçün əlçatan olmasını təmin edir. Bu texnologiyalar yalnız məlumatın ötürülməsini deyil, onun eyni vaxtda və eyni keyfiyyətdə qəbul edilməsini hədəfləyir. Beləliklə, kommunikasiya maneələri minimuma endirilir və iştirakçılar arasında bərabər informasiya axını təmin olunur.

Həmçinin koqnitiv əlilliyi olan iştirakçılar üçün nəzərdə tutulan sakit otaqlar inklüzivlik siyasətinin psixoloji və emosional aspektini əks etdirir. A və B zonalarında yerləşən bu otaqlar 20 kvadratmetr sahəyə malik olmaqla, yumşaq işıqlandırma, səssiz mühit və rahat mebellə təmin olunub. Bu məkanlar sensor yüklənmədən uzaqlaşmaq, emosional tənzimlənmə və qısa fasilələr üçün istifadə olunur. Eyni zamanda, “Günəbaxan” bilərzik sistemi görünməyən ehtiyacların tanınmasına xidmət edir və iştirakçının əlavə izahat vermədən dəstək almasını təmin edir.

Nəqliyyat infrastrukturu WUF13-ün inklüzivlik modelinin mühüm komponentlərindən biridir. Əlçatan avtobuslar, uyğunlaşdırılmış taksi xidməti və metro imkanları şəhər daxilində maneəsiz hərəkət sistemini formalaşdırır. Xüsusilə yalnız təkərli oturacaq istifadəçiləri üçün nəzərdə tutulmuş ödənişsiz əlçatan taksi xidməti sosial bərabərlik prinsipinin praktik tətbiqidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31