Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qlobal neft ehtiyatları tükənməkdədir

Qlobal neft ehtiyatları tükənməkdədir

02.06.2026 [10:59]

Azərbaycan ikinci neft bumuna keçid üçün xarici tərəfdaşlarla əməkdaşlığı artırıb

Beynəlxalq maliyyə qurumları qlobal neft bazarındakı vəziyyətlə bağlı birgə bəyanat yayıb. Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı Qrupu və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərləri arasında mayın 28-də keçirilən görüşün yekunlarına dair açıqlanan bəyanatda vurğulanır ki, Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları tükənməkdədir. Qlobal neft ehtiyatları tamamilə bitməsə də, Yaxın Şərqdəki münaqişələr, logistik problemlər və sərt tədarük məhdudiyyətləri səbəbindən rekord sürətlə azalır. Aparıcı maliyyə qurumlarının və Beynəlxalq Enerji Agentliyinin hesabatlarına görə, qlobal ehtiyatlar son illərin minimumuna düşüb. 2026-cı ilin ilk 4 ayında qlobal ehtiyatlar gündəlik milyonlarla barel azalıb. Analitiklərin qiymətləndirmələrinə görə, qalan kommersiya ehtiyatları yalnız bir neçə həftəlik və ya təxminən 3 aylıq qlobal istehlakı ödəyə biləcək səviyyədədir.

100 günlük neft ehtiyatları qalıb

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol bildirib ki, neft bazarındakı gərginlik dayanıqlı təminat bloklarında problemlər yaradır. Bu amil eyni zamanda, müxtəlif ölkələr və regionlar üzrə enerji təchizatına, ərzaq təhlükəsizliyinə və iqtisadi fəallığa əhəmiyyətli və olduqca qeyri-mütənasib təsirlər göstərir. “Goldman Sachs” və “Morgan Stanley” kimi nəhəng investisiya şirkətlərinin dəyərləndirmələrinə görə, mart və aprel aylarında gündəlik 4,8 milyon barel azalıb ki, bu da əvvəlki bütün rekordlardan xeyli yüksəkdir. Nəticədə, qlobal ehtiyatlar səkkiz illik minimuma düşüb - təxminən 100 günlük qlobal istehlakı ödəmək üçün kifayətdir.

Hazırda dünya bazarının tələbatının 15 milyon tonu çatışmır ki, bu da Yaxın Şərq ölkələrindən ixrac olunan neftin həcmidir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mayın 1-dən Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və dünya neft bazarlarında qiymətlərin tənzimlənməsi üzrə “OPEC+” sazişindən çıxması təminat kvotalarına ciddi təsirlərini göstərib. BƏƏ gündəlik qlobal bazara təxminən 3-3,5 milyon barel neft tədarük edir və kvotanı tənzimləyən 8 ölkədən biridir, ölkənin resursları qlobal neft istehsalının təxminən 4 faizini təşkil edir, bu baxımdan ciddi pozuntuların olacağı güman edilə bilər. Eyni zamanda, “OPEC+”dakı yanacaq kvotasının ən azı 8-10 faizinə malik BƏƏ-nin hasilat və bazardakı gündəlik tənzimləmə siyasətinə qarışmaması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. BƏƏ bir aydır ki, müstəqil neft kvotasına uyğun bazara yanacaq çıxarır ki, nəticədə bartel ölkələrinin gündəlik bazar payı azalmaqdadır.

Qiymətlər 200 dollar səviyyəsinə qədər yüksələ bilər

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın məlumatında deyilir ki, Yaxın Şərqdə neft təklifi ilə bağlı itkilərlə azalan tələbat arasında rəqabət neft qiymətləri üzərində iki istiqamətli risklər yaradır. Çin və Qərbi Avropada aprel ayına dair neft satışları bankın həmin ay üçün aşağı istiqamətli olan tələbat proqnozundan gündəlik təxminən 2 milyon barel aşağıdır. Bankın analitiklərinin fikrincə, bu vəziyyət cari ilin 4-cü rübündə bir bareli 90 dollar olacağı proqnozlaşdırılan “Brent” markalı xam neft qiymətinə təxminən 10 dollar aşağı istiqamətli risk yarada bilər. Həmçinin Yaxın Şərqdə potensial olaraq daha uzunmüddətli təklif itkiləri səbəbindən əhəmiyyətli qiymət artımları riski var. Eyni zamanda, tələbatın zəifləməsi səbəbindən qiymətlərin aşağı istiqamətli dəyişməsi riski də var.

“Goldman Sachs”a görə, yüksək qiymətlərə cavab olaraq neft tələbi gözləniləndən daha çox azala bilər. Əgər gəmiçilik axını normal vəziyyətə qayıtmasa, Şimal yarımkürəsində yayda neftə olan pik tələbat ərəfəsində qlobal neft ehtiyatlarının bu cür sürətlə azalmasının davam etməsi yanacaq təhlükəsizliyi, bazar şərtləri və daha geniş iqtisadi dözümlülük üçün artan risklər yaradacaq, qiymət sabitliyini pozacaq. Analitiklər hesab edir ki, münaqişənin uzanması halında neftin qiyməti 140 dollara qədər arta bilər, ən pessimist ssenarilərdə isə 200 dollar səviyyəsinə qədər yüksəlməsi istisna edilmir. Enerji qiymətlərinin uzun müddət yüksək qalması qlobal inflyasiya təzyiqlərini artırmaqla yanaşı, bəzi iqtisadiyyatlarda yüngül resessiya riskini də gücləndirə bilər. ABŞ-ın nüfuzlu “The Wall Street Journal” yazır ki, Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər və bu vəziyyət enerji şoku yaradar.

Qlobal inflyasiya dərinləşir

Dünyanın aparıcı maliyyə institutlarının bəyanatda xammal və logistika qırılmalarının da enerji təchizatı sistemini pozmasına diqqət çəkilir. Qeyd edilir ki,  sənaye, ərzaq və xammal təchizatında logistika məhdudiyyətləri yaranır və dünyada bütün növ xammal və ehtiyatları bahalaşmış olur. Nəticədə qlobal iqtisadiyyatda kəskin inflyasiya yaranır. Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərində kəskin artıma, yanacaq və enerji tariflərinin bahalaşmasına, dünya bazarlarında təşvişə səbəb ola bilər. Yeni gözləntilərə görə, qlobal ərzaq qiymətlərində təxminən 10 faiz artım baş verəcək ki, bu da əksər ölkələrdə qiymət indekslərini artıracaq.

Digər institutların ehtimallarına görə, qlobal iqtisadiyyatda ölkələr üzrə inflyasiya gözləntilərini də fərqli istiqamətə səmtləndirir. ABŞ-da təklif şoku kimi çıxış edən tariflərin tədricən istehlak qiymətlərinə ötürülməsi əlavə inflyasiya təzyiqləri yaradacaq. Avropa və digər region ölkələrində bahalı tarif çərçivəsi mənfi tələb şoku kimi çıxış edir. Ümumilikdə, 2026-cı ildə inkişaf etmiş ölkələrdə (İEÖ) inflyasiya proqnozu ən azı 2-4 faiz, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) isə 2,5-5,4 faiz artımla fərz edilir.

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi  açıqladığı yeni sənəddə dünya üzrə orta illik inflyasiyanın 3 fazi səviyyəsində artacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun proqnozlarında da inflyasiyanın yüksələcəyinə dair ehtimallar yer alır. BVF hesab edir ki, mövcud makroiqtisadi şərait və bazar təhlilləri inflyasiyanın artırıcı istiqamətdə dəyişdiyini göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, martda ərzaq qiymətləri indeksi ötən illə dövrü əsasda 1,7 faiz artıb, ancaq vəziyyət qiymət indeksinin ilin sonuna qədər daha da artacağına işarə edir.

Azərbaycanın enerji bazarında rolu artır

Mövcud fraqmentasiyalar və qlobal neft tədarükündəki məhdudiyyətlərin artması etibarlı və sadiq təchizatçı kimi Azərbaycanın da rolunu artırır. Hazırda ölkəmizdə ikinci neft bumuna keçid ölkəmizə olan diqqətin artmasına səbəb olur. SOCAR və bp şirkəti “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”, “Çıraq”, “Mərkəzi-Şərqi Azəri” (ACE) və “Şahdəniz Alfa” platformalarının istismar əməliyyatları və texniki xidmət işlərində hasilatın artırılması ilə bağlı yeni ssenari həyata keçirməkdədir. Bu hədəf planı Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə imkan verəcək.

Yeni neft bumuna keçid üçün SOCAR bp ilə yanaşı, dünyanın tanınmış enerji şirkətləri yeni texnologiyaların tətbiqi, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi sahələrdə əməkdaşlıq imkanlarını da artırıb. SOCAR və ABŞ-ın “SLB” şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.

Yeri gəlmişkən, Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandumun bir istiqaməti də enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Eləcə də SOCAR və “ExxonMobil” korporasiyası arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum”ABŞ-ın məşhur enerji korporasiyasının Azərbaycanda yeni fəaliyyət planlarına dair yol xəritəsidir. “Exxon” şirkəti Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması üçün “EXIM Bank”ı da prosesə qoşacaq ki,  bu da nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.

Beləliklə, Azərbaycan bp və digər xarici tərəfdaş şirkətlərlə hasilat sənayesində yeni müqavilələr imzalaması neft sənayesində artımı optimallaşdırmaqla, ölkəmizin sadiq təchizatçı kimi uzun illər regional üstünlüyünü təmin edəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30