Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paris yeni reallıqları qəbul etməkdə çətinlik çəkir?

Paris yeni reallıqları qəbul etməkdə çətinlik çəkir?

30.06.2026 [10:52]

Fransa Cənubi Qafqazla bağlı siyasətində dəyişiklik etməlidir

Fransa Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Rəsmi Paris “ermənilərdən çox ermənilik” edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe sərgiləyir. İyunun 23-də Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin iyunun 23-də Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavabları da bunun növbəti göstəricisidir.

İşğalçı ölkənin dostu...

Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, 30 ilə yaxın ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Məlumdur ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmamışdı. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmayıb, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyib. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verib. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi, XİN-in mövqeyi regionumuzda sülh prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa gerçək simasını nümayiş etdirir.

Fransa müstəmləkəçi keçmişini unutmamalıdır

30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransanın indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayması qəbulolunmazdır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Parisin mütəmadi olaraq reallıqları təhrif etmək üçün cəhdləri təəssüf doğurur.

Fransa Cənubi Qafqaz ölkələrinin daxili  işlərinə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməli, sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymalıdır.

XİN: Bu cür addımlar revanşist meyilləri təşviq edir

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa  Avropa və Xarici İşlər Nazirliyinin Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyərək rədd edib. Bildirilib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir: “Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməniəsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur. Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir. Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meyilləri təşviq edir və normallaşma prosesinə zərbə vurur”.

Qeyd edilib ki, “Erməni əsirləri və saxlanılan şəxslər” barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməniəsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər. Ermənistanla yanaşı, Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməniəsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər.

Fransanın “erməni mədəni və dini irsi” ilə bağlı iddiaları gülüncdür

Ermənistanda və keçmiş işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin “erməni mədəni və dini irsi” ilə bağlı iddiaları şərh etməsi gülüncdür.

Qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, həmçinin Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30