Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan - Almaniya tərəfdaşlığı yeni mərhələdə...

Azərbaycan - Almaniya tərəfdaşlığı yeni mərhələdə...

24.07.2026 [11:59]

Birgə Bəyannamə: əlaqələr dərinləşir, münasibətlər strateji müstəviyə qədəm qoyur

Orta güc statusunda yeni nizamda aktiv rol alan Azərbaycan çox qısa müddətdə qlobal güc mərkəzləri ilə münasibətlərini müasir çağırışlar üzərindən bərabərhüquqlu səviyyədə müəyyənləşdirə bilib. Post-müharibə dövründə Cənubi Qafqaz geostrateji coğrafiyasında real təhlükəsizlik mühiti formalaşdıran Bakı bununla qlobal münasibətlər sisteminə yeni nəfəs gətirib. Bu isə tərəfdaşlıq əlaqələrinin daha da irəliyə aparılması prosesində yeni ştrixlər formalaşdırıb - nəticə etibarilə, qısa zamanda qardaş Türkiyə ilə imzalanan strateji müttəfiqliklə bağlı Şuşa Bəyannaməsi, Çin Xalq Respublikası ilə imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”, ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Bakının geopolitik xəritədəki uğurlu yerini müəyyənləşdirib.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Almaniyaya baş tutan rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” bu strateji yolun davamıdır.

Birgə Bəyannamənin mahiyyəti...

Qeyd edək ki, Birgə Bəyannamə Azərbaycan ilə Almaniya arasındakı uzunmüddətli dostluq münasibətlərinin, tərəfdaşlığın məntiqi nəticəsi kimi meydana çıxıb. Bu sənəd hər iki dövlətin qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularının təsdiqidir. Hər zaman beynəlxalq hüquqa istinad edən, dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşan Azərbaycan imzalanan bu sənəddə də öz mövqeyini açıq şəkildə bəyan edib - bildirilir ki, hər iki dövlət qarşılıqlı şəkildə suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.

Eyni zamanda, əməkdaşlığın daha intensiv xarakter almasına, tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən bu Birgə Bəyannamə Cənubi Qafqazdakı sülh prosesini də dəstəkləyir - tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışladıqlarını ifadə ediblər. Almaniya öz növbəsində iki ölkənin regionda davamlı sülhə nail olmağa hədəflənmiş səylərini tam dəstəklədiyini bir daha təsdiqləyib.

Birgə Bəyannamənin preambulasında həmçinin Azərbaycan - Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi perspektivindən bəhs olunur. Vurğulanır ki, tərəflər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayır və siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı qeyd edirlər. Onlar, həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyətini vurğulayırlar. Hər iki dövlət Azərbaycan ilə Aİ üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi səylərini yüksək dəyərləndirirlər.

Müsbət siyasi dialoq mühiti....

Qeyd edək ki, imzalanan Bəyannamə əməkdaşlıq sektorlarının daha da genişləndirilməsi, dəqiqləşdirilməsi istiqamətində də mühüm addımdır. Belə ki, Bəyannamənin birinci bəndində vurğulanır ki, siyasi və diplomatik əməkdaşlıq ön plana çəkilir. Nazirliklər və qurumlar arasında müntəzəm məsləhətləşmələr, yüksəksəviyyəli səfərlərin mübadiləsi, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi üçün məxsusi-məzmunlu yüksəksəviyyəli dialoqlar, ortaq maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsi vacib şərtlərdən hesab olunur.

Qeyd edək ki, Azərbaycan ilə Almaniya arasında siyasi münasibətlər qarşılıqlı hörmətə, etimada və beynəlxalq hüquqa əsaslanır. İki ölkə arasında bir sıra məsələlər üzrə yüksəksəviyyəli dialoq mühiti hökm sürür. Eləcə də qarşılıqlı səfərlər, istər hökumət nümayəndələri, istərsə də parlament səviyyəsində ikitərəfli əlaqələrin genişləndirilməsi iki dövlət arasında tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət qatır. Təsadüfi deyil ki, Almaniya Azərbaycanı Cənubi Qafqaz regionunda mühüm tərəfdaşlarından biri kimi dəyərləndirir.

Bunun qarşılığında Azərbaycan da rəsmi Berlini yerləşdiyi geostrateji coğrafiyanın aparıcı lider dövləti kimi tanıdığını hər zaman bəyan edir. Bir çox məsələlərdə tərəflərin mövqeləri uzlaşır. Bu isə siyasi dialoqun çoxşaxəli və qarşılıqlı maraqlara xidmət etməsinə imkan yaradır. Birgə Bəyannamədə toxunulan bu məsələ gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi, qlobal siyasi müzakirələrdə qarşılıqlı dəstəyin verilməsi baxımından əhəmiyyətlidir.

İqtisadi prioritetlər müəyyənləşdirilir...

Birgə Bəyannamədə qeyd edilən digər bir məqam isə iqtisadi və ticarət əməkdaşlığıdır. Bu bəndə əsasən tərəflər ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviqi, ikitərəfli iqtisadi əlaqələrin təşviqi mexanizmi kimi ticarət və sərmayə üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi, kənd təsərrüfatı, davamlı iqtisadi inkişaf, yaşıl enerji, yaşıl və aşağıkarbonlu hidrogen, enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlığın tam potensialından istifadə edərək, bağlantılar və infrastruktur, qaz da daxil olmaqla enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi, eləcə də davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılmasına diqqət ayırırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri Fridrix Mertsin Berlində baş tutan mətbuat konfransında qeyd olunduğu kimi, hazırda qarşılıqlı ticarətin həcmlərinin daha artırılması üçün əlavə səylər göstərilir. İmzalanan Birgə Bəyannamə də təsdiqləyir ki, gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılması nəzərdə tutulur. Azərbaycan hazırda enerji siyasətində yeni gündəlik müəyyən edib, “yaşıl enerji” ehtiyatlarının Xəzər-Qara dəniz-Avropa kabeli ilə Aİ bölgəsinə çatdırılması istiqamətində səylərini davam etidirir. Bu siyasət Azərbaycan ilə Aİ, o cümlədən Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində yeni mərhələ deməkdir.

Vurğulanmalıdır ki, Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafını koordinasiya edən əsas hökumətlərarası əməkdaşlıq mexanizmlərindən biridir. Qrupun məqsədi ticarətin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması üzrə hökumətlər arasında daimi dialoqu təmin etməkdir.  İşçi Qrupu 5 may 2011-ci ildə təsis edilib. Onun yaradılmasının əsas məqsədi Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələri sistemli şəkildə inkişaf etdirmək, dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığı gücləndirməkdir. İşçi Qrupunun fəaliyyət istiqamətləri əsasən ikitərəfli ticarətin artırılması, qarşılıqlı investisiyaların təşviqi, Alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, sənaye parkları və xüsusi iqtisadi zonalarda əməkdaşlıq, bərpa olunan enerji və enerji səmərəliliyi, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, turizm, peşə təhsili və insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsinə hədəflənib. Qeyd edək ki, İşçi Qrupun iclaslarında aparılan müzakirələrdə biznes şuralarının yaradılması və sahibkarlar arasında əlaqələrin gücləndirilməsi aparıcı mövzulardan biri kimi yer alıb. Təsadüfi deyil ki, Berlində baş tutan mətbuat konfransında Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılıq əldə edildiyi vurğulanıb.

Müdafiə və təhlükəsizlik üzrə...

Birgə Bəyannamədə həmçinin təhlükəsizlik və müdafiə sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsi də nəzərdə tutulur. Razılaşmaya əsasən  insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoqun davam etdirilməsi, müdafiə sənayesində əməkdaşlığın təşviqi, Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi, ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi kimi mühüm addımlar yaxın gələcəkdə tərəfdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək.

Vurğulanmalıdır ki, Azərbaycan ilə Almaniya arasında müdafiə və təhlükəsizlik sahəsində mühüm bir əməkdaşlıq xətti mövcuddur. Müdafiə qurumları arasında demək olar ki, hər il hərbi əməkdaşlıq proqramı imzalanır. Bu proqramlar hərbi təhsil, təlim və Qərargah danışıqlarını əhatə edir. İkitərəfli əməkdaşlıq planları təlim sahəsində təcrübə mübadiləsində də böyük əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Almaniya həm də NATO-nun mühüm tərəfdaşlarından biri sayılır və Azərbaycan başqa bir aparıcı NATO ölkəsi olan Türkiyə ilə də müttəfiqdir, bu addım ölkəmizin strateji müdafiə sahəsində mühüm üstünlüklər qazanmasına imkan yaradır. 

Humanitar sahədə əməkdaşlıq...

Eyni zamanda sənəddə mədəniyyət, təhsil, dil və insanlararası mübadilələr, elm, texnologiya və innovasiya sahələri üzrə əməkdaşlığın genişləndirilməsi iradəsi də nümayiş etdirilir. Bu isə özlüyündə rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişafda olan texnologiyalar sahəsində əməkdaşlığın təşviqi, təhsil və elm sahələrində müttəffiqliyi stimullaşdırır. Paralel olaraq sənəddə qeyd edilən bəndlər iki ölkə arasında qarşılıqlı anlaşmanı, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən mədəni mübadilə fəaliyyətləri və proqramlarını, innovativ və rəqəmsal təhsil, peşə təhsili, birgə tədqiqat layihələri və akademik mübadilələr üzrə gələcək əməkdaşlıq imkanları barədə dialoq perspektivlərini daha da gücləndirir. Dünyada tolerantlıq nümunəsi sayılan, eləcə də yüksək rəqəmsal inkişaf prioritetlərinə malik Azərbaycanın Almaniya ilə tərəfdaşlığı bu sahələrdə qarşılıqlı fayda vəd edir. Qeyd edək ki, Bəyannamədə həmçinin sənəddə qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi resursların mövcudluğuna tabe və Tərəflərin müvafiq qanun və qaydalarına uyğun olacağı da vurğulanır.

İnvestisiya mühiti genişlənir

Xüsusi diqqət çəkən məqamlardan biri isə iki ölkə arasında Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılığın əldə edilməsidir. Qeyd edildiyi kimi, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidini - dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı və nəticəyönümlü dialoq mexanizmi formalaşdırır. Biznes Şurası iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq. Şuranın yaradılması Almaniyanın Azərbaycanın iqtisadi potensialına, investisiya imkanlarına və regional bağlantı roluna artan marağının göstəricisidir. Biznes Şurasının əsas məqsədləri dayanıqlı, innovativ və gələcəyə yönəlmiş iqtisadi əlaqələrin təşviq edilməsi, birgə təşəbbüslərin və investisiya imkanlarının müəyyənləşdirilməsinin, inkişaf etdirilməsinin və zərurət olduqda həyata keçirilməsinin dəstəklənməsi, işçi formatları da daxil olmaqla, ekspertiza və ayrı-ayrı sektorlar üzrə bilik və təcrübə mübadiləsinin təmin edilməsi, hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə tövsiyələrin hazırlanmasıdır.

Vurğulanmalıdır ki, indiyədək Almaniyadan Azərbaycana yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi 937,5 milyon ABŞ dolları təşkil edib. Bu vəsaitin 53,4 milyon dolları neft-qaz, 884,1 milyon dolları isə qeyri-neft-qaz sektorunun payına düşür. Eyni dövrdə Azərbaycandan Almaniyaya yönəldilmiş birbaşa investisiyaların həcmi isə 667,5 milyon ABŞ dolları olub. Cari ilin yanvar-iyun aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi təxminən 573 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Almaniyaya 234,77 milyon dollarlıq məhsul ixrac olunub, Almaniyadan ölkəmizə isə 338,11 milyon dollarlıq məhsul idxal edilib. Ötən il iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard 376 milyon dollardan çox olub.

Biznes dairələri arasında əməkdaşlıq güclənəcək

Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri yüksəkdir. Bu gün ölkəmizdə fəaliyyət göstərən Almaniya şirkətlərinin sayı artıq 200-dən çoxdur. Qarşılıqlı investisiya məsələlərinin müzakirəsinin isə gündəmdə olması bu statistikanın artacağını deməyə əsas verir. Azərbaycanın investisiya mühiti, regional bağlantılar və nəqliyyat-logistika potensialı tərəflər arasında yaşıl enerji, sənaye və texnologiya transferi üzrə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında Birgə Bəyannamənin imzalanması da bu prosesin ən mühüm nəticələrindən biridir. Yeni təsisat iki ölkənin biznes dairələri arasında əməkdaşlığı gücləndirməklə yanaşı, həm də iqtisadi münasibətlərin daha sistemli və institusional əsaslarla inkişafına xidmət edəcək.

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi dialoqun institusional çərçivəyə salınması kimi xüsusi əhəmiyyət daşıyır. Yeni platforma biznes nümayəndələrinin mütəmadi görüşlərini, birgə layihələrin müzakirəsini, investisiya təşəbbüslərinin hazırlanmasını və sahibkarların qarşılaşdıqları məsələlərin operativ həllini təmin edəcək. Beləliklə, iqtisadi əməkdaşlıq təsadüfi biznes əlaqələrindən çıxaraq davamlı və uzunmüddətli mexanizmə çevriləcək.

Qeyd edildiyi kimi, son illərdə Azərbaycan regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarında ölkənin rolu, həmçinin Xəzər hövzəsində enerji təhlükəsizliyinə verdiyi töhfə Avropa dövlətlərinin diqqətini daha da artırıb.

Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, sənaye parklarının yaradılması, azad iqtisadi zonalar, rəqəmsal iqtisadiyyatın inkişafı və “yaşıl enerji” layihələri Almaniya kimi yüksək texnologiyalara malik ölkənin şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır.

Fərqli sahələr üzrə əməkdaşlıq perspektivləri

Biznes Şurasının fəaliyyəti nəticəsində alman şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, logistika, nəqliyyat, bərpa olunan enerji, su təsərrüfatı və rəqəmsal transformasiya istiqamətlərində investisiya fəallığının artacağı da gözlənilir. Eyni zamanda, Azərbaycan şirkətləri də Almaniya bazarına çıxış imkanlarını genişləndirə biləcəklər. Şuranın əsas üstünlüklərindən biri dövlət qurumları ilə biznes dairələri arasında effektiv əlaqələndirmə mexanizmi yaratmasıdır. Bu platforma vasitəsilə sahibkarlar qarşılaşdıqları hüquqi, inzibati və investisiya mühitinə dair məsələləri birbaşa müzakirə etmək imkanı əldə edəcəklər.

Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr Almaniya ilə əməkdaşlıq üçün xüsusi perspektivlər açır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, külək və günəş enerjisi layihələrinin genişləndirilməsi alman texnologiyalarının tətbiqi baxımından mühüm imkanlar yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat, sənaye 4.0, enerji səmərəliliyi, ağıllı şəhərlər və innovativ istehsal texnologiyaları sahələrində də birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin formalaşır.

Bir sözlə, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Şura dayanıqlı, innovativ və gələcəyə yönəlmiş iqtisadi əlaqələrin təşviqi, yeni investisiya layihələrinin formalaşdırılması, texnologiya və bilik mübadiləsinin genişləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynayacaq.

Bu təşəbbüs həm Almaniyanın Azərbaycanın artan iqtisadi və geostrateji əhəmiyyətinə verdiyi qiymətin göstəricisi, həm də Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirən mühüm addım hesab olunur. Orta və uzunmüddətli perspektivdə Biznes Şurasının fəaliyyəti qarşılıqlı investisiyaların həcminin artmasına, qeyri-neft sektorunun inkişafına və iki ölkə arasında strateji iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə əhəmiyyətli töhfə verəcək.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31