Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vətən müharibəsinə sayılı günlər qalırdı...

Vətən müharibəsinə sayılı günlər qalırdı...

22.09.2026 [08:30]

2020-ci il sentyabrın 22-də Vətən müharibəsinin başlamasına cəmi 5 gün qalırdı. Sentyabrın 27-də Ermənistanın keçmiş təmas xətti boyunca növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişləri əsasında Azərbaycan Ordusu tərəfindən  əks-hücum əməliyyatı işə düşdü. “Dəmir Yumruq” adlandırılan bu əməliyyat şanlı Zəfərimizlə sonuclanan Vətən müharibəsinə çevrildi. 

Azərbaycan xalqı və dövləti işğal faktı ilə barışa bilməzdi və barışmadı da!

İşğal faktına baxmayaraq, respublikamız 30 ilə yaxın müddətdə ATƏT-in artıq tarixin arxivinə atılmış Minsk qrupu formatında aparılan danışıqlarda konstruktivlik göstərərək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına çalışdı. Bununla belə, danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, keçmiş status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır.

Azərbaycan xalqı və dövləti işğalla barışa bilməzdi və barışmadı da! Ölkəmizdə danışıqlar prosesi ilə paralel şəkildə iqtisadiyyatın gücləndirilməsi, müasir, istənilən vəzifəni yerinə yetirməyə qadir olan ordu quruculuğu siyasəti həyata keçirildi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn böyük siyasətçi Heydər Əliyev qısa müddətdə vətəndaş həmrəyliyini təmin etməklə ölkənin perspektiv inkişafı üçün fundamental zəmin yaratmışdı. Sonrakı mərhələdə bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu. Milli müdafiə sənayesi 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və müasir silahların ixracatçısına çevrildi.

Ən əsası isə Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm və həmrəylik göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.

Eyni zamanda, ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri respublikamızın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevirdi.

Düşmən təxribatları artırırdı

Sülh tərəfdarı olan Azərbaycan dəfələrlə  Ermənistanı işğal etdiyi ərazini geri qaytarmağa çağırdı. Ermənistan isə nəinki onlara məhəl qoymadı, əksinə, “yeni  torpaqlar uğrunda yeni müharibə” ritorikasına keçdi. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması qarşı tərəfin işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev isə  2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.

Keçmiş təmas xətti və şərti sərhədlər boyunca Ermənistan tərəfindən törədilən təxribatlar da artırdı. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına əsasən, sentyabrın 23-ü və sonrakı günlərdə Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə, xüsusilə Tərtər, Ağdam, Füzuli, Goranboy, Tovuz və Gədəbəy rayonları istiqamətində atəşkəsi iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə intensiv şəkildə pozurdu. Müharibədən cəmi bir neçə gün əvvəl, sentyabrın 21-də Tovuz istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid oldu. Bu, vəziyyətin kritik həddə çatmasının birbaşa göstəricisi idi. Bundan başqa, Ermənistan ordusu Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirmək üçün PUA-lardan istifadə etməyə cəhd göstərirdi. Həmin günlərdə Azərbaycanın Hava Hücumundan Müdafiə qoşunları düşmənin bir neçə taktiki PUA-sını zərərsizləşdirdi.

Beləliklə, Ermənistanın sahədəki vəziyyəti hədsiz dərəcədə gərginləşdirməsi müharibəni qaçılmaz edirdi. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab vermək üçün tam hazır vəziyyətə gətirilmişdi.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30